16 Ekim 2018 Salı

15 oktyabr

RZAYEV RÖVŞƏN ABDULLA oğlu

DOĞUM TARİXİ: 15/10/1969
VƏFAT TARİXİ: 08/01/1999
15 oktyabr 1969-cu ildə Bakı şəhərinin Sahil qəsəbəsində doğulmuşdur. 1986-cı ildə E.İsmayılov adına 253 saylı orta məktəbi bitirdikdən sonra Vladiqafqaz Ali Hərbi Komandirlər Məktəbinə daxil olmuşdur. 1991-ci ildə təhsilini başa vurub, təyinatla Orta Asiya və Qazaxıstan üzrə daxili qoşunların tərkibində taqım komandiri kimi fəaliyyətlə başlamışdır.
Respublikamızın başı üstünü qara buludlar alanda o, Vətənin çağırışına səs verərək Azərbaycana dönür. 1992-ci ilin fevralında 6500 saylı mühafizə alayının 6-cı bölüyünə komandir təyin edilir. Rövşən mart ayının ortalarından başlayaraq tez-tez cəbhə bölgələrinə ezam olunur, erməni yaraqlılarına qarşı aparılan əməliyyatlarda yaxından iştirak edir. O, Ağdam rayonunun Papravənd, Pircamal, Aranzəmin, Şelli, Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini məhv etməyə müvəffəq olur. Cəsur komandir 1992-ci ilin iyun ayında Naxçıvanik kəndində gedən döyüşlərin birində ağır yaralanır. Lakin o, döyüş meydanını tərk etmir, mühasirəyə düşmüş neçə-neçə yaralı əsgəri xilas edir. O, bir müddət müalicə olunur. Komandanlıq Rövşənin cəsurluğunu, qorxmazlığını nəzərə alaraq, onu 1993-cü ilin mart ayında Ədliyyə Nazirliyinin 7535 saylı hərbi hissəsinin qərargah rəisi vəzifəsinə təyin edir. 1994-cü ilin iyun ayında isə o, vaxtilə xidmət etdiyi alayın 4-cü taborunda qərargah rəisi olur.
R.Rzayevin atdığı hər bir addım uğurla nəticələnir, adı dildən-dilə, eldən-elə gəzirdi. Təbii ki, onun bu uğurları komandanlığın da nəzərindən yayınmırdı. 19 yanvar 1996-cı il... O, 6500 saylı mühafizə alayının 15-ci bölüyünə komandir təyin olunur. Bir müddət sonra o, Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının Baş İdarəsinin mühafizə alayında qərargah rəisi vəzifəsinə irəli çəkilir. Kapitan rütbəsinəcən yüksəlmişdi. Son vaxtlarda isə o, Qobustan həbsxanasını mühafizə edən bölüyün komandiri idi.
8 yanvar 1999-cu ildə burada bir qrup məhbus qiyama qalxmışdı. Qiyamçılar öz əməllərini həyata keçirmək üçün bir neçə yaralı əsgəri girov götürmüşdü. Bu hadisəni eşidən bölük komandiri dərhal həbsxanaya yollanır və əsgərləri xilas etmək üçün qiyamçılarla danışığa girir. Yaralı əsgərlərin əvəzinə komandir girov qalmalı olur. Bu təhlükəli şərti qəbul edən R.Rzayev ölümlə üz-üzə dayanaraq, əsgərlərin həyatını xilas edir. Polis kapitanı R.Rzayev xidməti vəzifəsini yerinə yetirərkən həlak olur.
Ailəli idi. İki övladı - bir qızı, bir oğlu yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 12 yanvar 1999-cu il tarixli 73 saylı fərmanı ilə kapitan Rzayev Rövşən Abdulla oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Sahil qəsəbəsində dəfn edilmişdir.
Sahil qəsəbəsində adına park var. Həmin parkda büstü qoyulmuşdur.

Hiç yorum yok:

Yorum Gönder