1 Ekim 2018 Pazartesi

 BABAYEV NAZİM ABBAS oğlu
7 fevral 1975-ci ildə Salyan rayonunun Aydıngün kəndində anadan olub. 1992-ci ildə Aydıngün kənd orta məktəbini bitirib. Bir müddət sovxozda çalışıb. 1993-cü ilin aprel ayında Nazim Milli Ordu sıralarına çağırılıb. Hərbi təlimlərdə iştirak edən N.Babayev torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə yaxından iştirak etmək üçün cəbhəyə yollanıb. O, Füzuli, Tərtər bölgələrində vuruşurdu.
1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs elan olunanda əsgərlərimiz sevinirdilər. Torpaqlarımızın bir hissəsini itirsək də, güc, qüvvə toplamaq üçün bizə bu nəfəs dərimi lazım idi. 1995-ci ilin mart ayı... Dövlətçiliyimiz yeni təhlükə qarşısında idi. Ölkə həyəcanlı günlərini yaşayırdı. Dövlətçiliyimizə zərbə endirmək istəyən qüvvələr yenə fəallaşmışdı. Yağı düşmən bir yanda qalmışdı, biz isə öz-özümüzə qənim kəsildik. Milli Ordumuzun mətin iradəsi sayəsində gündən-günə qaynayıb daşan təhlükə sovuşduruldu. Dövlət çevrilişinə cəhd edən qüvvələrin zərərsizləşdirilməsində Nazim Babayevin də böyük xidmətləri oldu. Erməni təcavüzkarlarının güllələri altından salamat çıxan N.Babayev, təəssüf ki, öz soydaşlarımızın atdığı güllənin qurbanı oldu. O, 15 mart 1995-ci il tarixdə gözlərini əbədi yumdu.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Babayev Nazim Abbas oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Qaraçala kənd Şəhidlər xiyabanında dəfn edilmişdir.
Salyan şəhərindəki küçələrdən biri onun adını daşıyır. Salyan şəhər parkında büstü qoyulmuşdur

DOĞUM TARİXİ: 07/02/1975
VƏFAT TARİXİ: 15/03/1995

QULİYEV NAZİM QABİL oğlu

DOĞUM TARİXİ: 07/02/1965
VƏFAT TARİXİ: 09/01/1992
7 fevral 1965-ci ildə Beyləqan rayonunun Örənqala kəndində doğulmuşdur. 1982-ci ildə kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır. Hərbi hissədə nümunəvi xidməti komandirin diqqətindən yayınmır. Onu 6 aylıq hərbi məktəbə göndərirlər. O, xidmətini başa vurub doğma yurda qayıdır və 2 saylı şərab zavoduna işə qəbul olunur.
1988-ci ildə Qarabağ münaqişəsi başlayanda silaha sarılaraq, özünümüdafiə dəstələrindən birinin tərkibində döyüşlərə atılır.
1991-ci ilin aprel ayında Füzuli rayon Polis Şöbəsində təşkil olunan post-patrul rotasına sıravi polis kimi işə qəbul olunur. O, Füzuli bölgəsində yerləşən kəndlərin müdafiəsi uğrunda gedən döyüşlərin əksəriyyətində iştirak edir və döyüşlərdə dəfələrlə fərqlənir. O, mülkü əhalinin təhlükəsizliyinin təmin edilməsində xüsusi şücaət göstərir, yaralıların təcili olaraq xəstəxanalara çatdırılmasında əlindən gələni əsirgəmirdi. O, bütün tapşırıqları layiqincə yerinə yetirdiyinə görə polis starşinası rütbəsi alır və bölmə komandiri təyin edilir. O, öz bölməsi ilə tez-tez qaynar nöqtələrdə olur, düşmənlə ağır döyüşlərə girir və hər dəfə də qələbə ilə geri dönürdü. O, Cuvarlı, Tuğ, Məlikcan, Arış, Divanallar kəndləri uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşmuşdu.
9 yanvar 1992-ci il... Köşbək kəndi uğrunda gedən döyüşlərdə 7 əsgərimiz mühasirədə qalmışdı. Nazim Quliyev dəstəsi ilə özünü ora çatdırır. Gərgin keçən döyüşdə düşmən geri otuzdurulur və əsgərlər mühasirədən çıxarılır. Bunun ardınca yeni bir tapşırıq alır. O, vaxt itirmədən idarə etdiyi BTR-i (zirehli döyüş maşını) işə salaraq birbaşa düşmən üzərinə sürür. İlk həmlədə ermənilərin 2 əsas döyüş nöqtəsi susdurulur. Bununla da mühasirədə qalmış hərbi texnikanı azad etmək mümkün olur. Lakin düşmən gülləsi igid döyüşçüdən yan keçmir.O, 27 yaşında gözlərini əbədi yumur.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Quliyev Nazim Qabil oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Füzuli rayonu ərazisində dəfn edilmişdir. Füzuli rayonunun Yuxarı Yağləvənd və doğulduğu Örənqala kənd orta məktəbləri onun adını daşıyır.

AMOYEV FİRUDDİN İSA oğlu

DOĞUM TARİXİ: 07/02/1962
VƏFAT TARİXİ: 13/04/1992
1962-ci il fevral ayının 7-də Qazax şəhərində doğulmuşdur. Orta təhsilini Qazax şəhərində almışdır. 1981-83-cü illərdə Qazax rayon Hərbi Komissarlığının çağırışı ilə həqiqi hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra doğulduğu Qazax şəhərinə gələrək, Təmir-Tikinti İdarəsində çilingər kimi işə başlayır.
Ermənilərin 1988-ci ildən başlanan əsassız ərazi iddiaları, onların törətdiyi qanlı cinayətlər, Vətənin bütün qeyrətli oğulları kimi Firuddini də hədsiz dərəcədə hiddətləndirirdi. Dağlıq Qarabağda, eləcə də digər sərhəd bölgələrimizdə axıdılan günahsız qanlar ara vermirdi. Kəndlərimiz talan edilir, əhali təlaş içində yaşayırdı. F.Şamoyev 1991-ci il iyulun 8-də könüllülərdən ibarət dəstəyə yazıldı. O, 707 saylı hərbi hissənin minaatan bölüyünün komandiri vəzifəsinə təyin olundu. Cəsur komandir Qazax rayonunun Bağanıs Ayrım, Məzəm, Quşçu Ayrım və digər kəndlərinin müdafiəsində dəfələrlə iştirak etmiş, düşmənin atəş nöqtələrinin məhv edilməsində rəşadət göstərmişdi. 1992-ci il aprel ayının 13-ü... Quşçu Ayrım kəndi ətrafında gedən ağır döyüş... O, bu döyüşdə qəhrəmancasına həlak oldu.
Ailəli idi. Həyatda üç övladı yadigar qalıb.
Azərbaycan Respubikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Şamoyev Firuddin İsa oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Qazax şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Qazax şəhərindəki orta məktəblərdən biri qəhrəmanın adını daşıyır.
.

Hiç yorum yok:

Yorum Gönder