1 Ekim 2018 Pazartesi

ÇİRİNQOV RAMAZAN HEYBULLAH oğlu


15 fevral 1969-cu ildə Balakən rayonunun Meşəşambul kəndində anadan olmuşdur. 1986-cı ildə Meşəşambul kənd orta məktəbini bitirmişdir. 1987-ci ildə Balakən rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Ramazan əsgəri xidmətini Əfqanıstanda keçirmişdir. Beynəlmiləl ordunun tərkibində Əfqanıstanda aparılan hərbi əməliyyatlarda fəal iştirak etmiş, göstərdiyi şücaətə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və “Beynəlmiləl döyüşçüyə” döş nişanı ilə təltif edilmişdir. Ramazan Çirinqov 1989-cu ildə ordudan tərxis olunaraq, Balakən rayon Daxili İşlər Şöbəsində polis nəfəri kimi əmək fəaliyyətinə başlayır.
O vaxtlar Qarabağda erməni separatçıları günbəgün quduzlaşırdılar. O, bir polis əməkdaşı kimi dəfələrlə Qarabağa ezam olunur, torpaqlarımızın müdafiəsi uğrunda aparılan əməliyyatlarda yaxından iştirak edirdi.
1995-ci il... Balakən rayonunda cinayətkar dəstənin tutulub zərərsizləşdirilməsində o, əsl rəşadət göstərir. Dövlət sərhədini keçməyə cəhd edən qaçaqmalçıların vaxtında qarşısını alan polis starşinası 3 sentyabr 1995-ci ildə öz xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmanlıqla həlak olur.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 26 dekabr 1995-ci il tarixli 424 saylı fərmanı ilə Çirinqov Ramazan Heybullah oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Meşəşambul kəndində dəfn edilmişdir.
Balakən şəhərindəki küçələrdən biri onun adını daşıyır.

DOĞUM TARİXİ: 15/02/1969
VƏFAT TARİXİ: 03/09/1995

Hiç yorum yok:

Yorum Gönder