1 Ekim 2018 Pazartesi

19 yanvar

ÇOBANOV ŞAMOV MƏHYƏDDİN oğlu


 19 yanvar 1965-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1982-ci ildə 1 saylı Qazax şəhər orta məktəbini bitirdikdən sonra avtonəqliyyat müəssisəsində əmək fəaliyyətinə başlamışdır.  Şamoy Çobanov 1983-cü ildə Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılır. O, 1985-ci ildə ordudan tərxis olunaraq doğma yurdu Qazax şəhərinə dönür. Əvvəllər işlədiyi müəssisədə çilingər kimi işini davam etdirir.
O, 1989-cu ildə Qazax Rayon Polis Şöbəsinə işə qəbul olunur. O zamanlar erməni yaraqlılarının Xeyrimli, Yuxarı Əskipara, Bağanis, Ayrım kəndlərinə hücumları ara vermirdi. Şamoy bu kəndlərdə əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə öz polis yoldaşları ilə birgə postlar qurmuşdu. Cəsur polis işçisi tez-tez erməni yaraqlıları ilə üzbəüz gəlirdi. O, erməni quldurlarına öz çirkin əməllərini həyata keçirməyə imkan vermirdi.
1990-cı il... Avqustun 19-u... Yuxarı Əskipara kəndinə gedən avtobusu Şamoy müşayiət edirdi. Kəndin yaxınlığındakı “Qanlı dərə” deyilən yerdə erməni silahlıları gözlənilmədən avtobusa hücum edirlər. Şamoy cəld avtobusdan yerə atılır. Qanlı döyüş başlayır. Düşmən geri oturdulsa da, sərnişinlərdən yaralanan və ölənlər var idi.
Həmin döyüşdə Qazax eli bir igidi də itirdi. Bu, kənd camaatının böyük hörmətini qazanmış vətənpərvər polis əməkdaşı Şamoy Çobanov idi.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Çobanov Şamoy Məhyəddin oğluna ölümündən sonra  “Azərbaycanın  Milli Qəhrəmanı” adı verilmişdir.
Ağköynək kəndində dəfn edilmişdir.
 Ağköynək kənd məktəbi onun adını daşıyır.
DOĞUM TARİXİ: 19/01/1965
VƏFAT TARİXİ: 19/08/1990

RAMAZANOV ŞAMİL AĞASƏF oğlu

DOĞUM TARİXİ: 19/01/1976
VƏFAT TARİXİ: 17/03/1995

19 yanvar 1976-cı ildə Ağsu rayonunun Rəhimli kəndində dünyaya göz açmışdır. 1983-cü ildə doğma kənddə birinci sinfə getmiş, 1993-cü ildə onuncu sinfi bitirmişdir. Bir il təsərrüfatda çalışmışdır. 19 mart 1994-cü ildə Ağsu rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdır. Bir neçə ay hərbi təlim keçdikdən sonra, 777 saylı hərbi hissəyə göndərilmişdir. Çevikliyi, bacarığı ona əsgərlər arasında böyük hörmət qazandırmışdı. Orduda cəmi bir il xidmət etməsinə baxmayaraq, peşəkar bir döyüşçü kimi yetişmişdi. Atəşkəs elan olunsa da, əsgərlər mütəmadi olaraq hərbi təlimlər keçir, döyüş hazırlıqlarını durmadan artırırdılar. Heç düşünmürdülər ki, onları qarşıda daha bir sınaq, daha bir qarşıdurma gözləyir. Bu, 1995-ci ilin 13-17 mart hadisələri idi. Həmin gün dövlət çevrilişinə cədh göstərən silahlı dəstənin mühasirə halqasını daraltmaq məqsədi ilə atəş əmri verildi. Milli Ordu dərhal əməliyyata başladı. O faciəli günlərdə Şamil də Vətənə öz borcunu verməyə gəlmişdi. Güclü atışma zamanı gənc döyüşçü ağır yaralandı və aldığı bu yaradan da gözlərini əbədi yumdu.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Ramazanov Şamil Ağasəf oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Rəhimli kəndində dəfn edilmişdir.
Ağsu rayonunun mərkəzindəki kinoteatr onun adını daşıyır.


Fərid Əhmədov

Fərid Əhmədov 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. 2003-cü ildə Cəlilabad şəhərində Nizami adına 1 saylı orta məktəbi bitirib. Həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2007-ci ildə oranı leytenant rütbəsi ilə bitirib. 2007-2008-ci illərdə Təlim-Tədris Mərkəzində təkmilləşdirmə kursu keçib. 2008-2009-cu illərdə Gəncədə zabit kimi hərbi xidmət keçib.
2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb.
7 noyabr 2010-cu ildə II Fəxri Xiyabanda dəfn olunmuşdur.
Prezidentin sərəncamı
2010-cu il noyabrın 7-də Prezident İlham Əliyev baş leytenant Fərid Gülağa oğlu Əhmədovun "İgidliyə görə" medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, şəhid Fərid Əhmədov bu medala hərbi borcunu həyatı təhlükə altında yerinə yetirərkən igidlik göstərdiyinə görə layiq görülüb.
Xatirəsi
2014-cü ilin yanvar ayında şəhid Fərid Əhmədovun ömür yoluna həsr olunmuş "Hay ver mənə, leytenant" filminin təqdimat mərasimi keçirilib.

Hiç yorum yok:

Yorum Gönder