13 Ekim 2018 Cumartesi

NƏZƏRLİ HİKMƏT BABA oğlu


7 mart 1966-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. 1973-cü ildə Bakının Xətai rayonundakı 27 saylı orta məktəbə getmiş, beşinci sinfə qədər burada təhsil almışdır. Atasının iş yerinin dəyişməsi ilə əlaqədar Hikmət də ailələri ilə Daşkəndə getmiş və orta təhsilini orada tamamlamışdır. O, 1982-ci ildə anası və bacıları ilə birlikdə yenidən Bakıya qayıtmışdır. 1984-cü ildə hərbi xidmətə çağırılmış və Gürcüstan Respublikasının Duşefi şəhərindəki kəşfiyyat məktəbinə göndərilmişdir. 1986-cı ildə ordudan tərxis olunmuşdur. O, respublika DİN-nin Yanğından Mühafizə İdarəsində işə düzəlmiş və eyni zamanda Azərbaycan Politexnik İnstitutuna qəbul olunmuşdur. Bir vətənpərvər oğul kimi erməni təcavüzünə, soydaşlarımızın öz doğma yurdlarından qovulmasına o, biganə qala bilməzdi.
H.Nəzərli Şıx qəsəbəsində könüllülərdən təşkil olunmuş müdafiə batalyonuna üzv yazılır. 1991-ci ilin dekabrında xidmət etdiyi batalyonun tərkibində Ağdam istiqamətindəki cəbhəyə yola düşür. Həmin gündən Vətənin müdafiəsi uğrunda xidmətlərə başlayır. Umudlu, Xocalı yolu isə onun döyüş meydanına çevrilir. Umudlu kəndinin sakinlərini təhlükəsiz yerə apararkən xəstələnir. Bir müddət müalicə olunduqdan sonra yenidən döyüş yoldaşlarının yanına qayıdır.
Həmin günlər Xocalıda tarixdə misli görünməmiş faciə törədilir. Hikmət idarə etdiyi maşınla düşmən qarşısında maneə yaradaraq uşaqların, qadınların təhlükəsiz yerə aparılmasında böyük şücaət göstərir. Son məqamda bir neçə döyüş yoldaşı ilə meşəyə çəkilir. Sonrakı taleyi barədə heç bir məlumat yoxdur.
Ailəli idi. Bir övladı yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 9 sentyabr 1992-ci il tarixli 178 saylı fərmanı ilə Nəzərli Hikmət Baba oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
DOĞUM TARİXİ: 07/03/1966
VƏFAT TARİXİ: 01/12/1991

Hiç yorum yok:

Yorum Gönder