30 Eylül 2020 Çarşamba

27 Sentyabr 2020 Müdafiə Naziri: “7 kənd işğaldan azad olunub”

 "Əks-hücum nəticəsində düşmənin ön xətti yarılıb, 7 kənd işğaldan azad olunub".

Bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov sentyabrın 27-də Təhlükəsizlik Şurasının iclasında deyib:
"Əməliyyat şəraitini nəzərə alaraq ilk növbədə sizə məruzə olunmuşdur və əməliyyat şəraitini nəzərə alaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirir. Digər istiqamətlərdə Azərbaycan Ordusu uğurlu hücum əməliyyatları həyata keçirir və düşmən o qədər də güclü görünmür və tam şəkildə geri çəkilir".
 Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib. Bundan əlavə Murovdağı silsiləsində yerləşən düşmən postları dağıdılaraq, yüksəkliklər geri alınıb.

27.09.2020 Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib

 

Mülki əhali və yaşayış məntəqələrimiz düşmən atəşinə məruz qalıb


Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı  kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar.
Raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər.
Bütün cəbhə boyu şiddətli döyüşlər gedir.

Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub.
Əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb. Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir.
Döyüş əməliyyatları davam edir.