10 Yanvar

QASIMOV MUXTAR CAHİD oğlu

DOĞUM TARİXİ: 10/01/1958
VƏFAT TARİXİ: 16/06/1992
10 yanvar 1958-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində dünyaya göz açmışdır. 1975-ci ildə Ağdam şəhər 5 saylı orta məktəbini bitirdikdən sonra Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 1981-ci ildə Universiteti bitirmiş və yeddi il Xankəndində həkim işləmişdir. 1988-ci ildə erməni yaraqlılarının Azərbaycan torpaqlarına hücumu başlayanda o, iş yerini Ağdam şəhər mərkəzi xəstəxanasına dəyişməyə məcbur olur. Bir müddət reanimasiya şöbəsində həkim, sonra isə hərbi xəstəxanada baş ordinator vəzifəsində çalışır. Bu illər ərzində Muxtar Qasımov bacarıqlı və təcrübəli həkim kimi yüzlərlə yaralı əsgərimizin sağalıb yenidən cəbhəyə qayıtmasında əlindən gələni əsirgəmir. Xocalı faciəsindən sonra isə o, öz taleyini cəbhə ilə bağlayır. 1992-ci ilin mart ayında Ağdamda yaradılan hərbi hospitalda işə başlayır. İyun ayında Naxçıvanik, Aranzəmin, Pircamal və Ağbulaq kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə hərbi həkim kimi öz bilik və bacarığını bir daha nümayiş etdirir. Lakin amansız ölüm ömrünü yarıda qırdı. O, 16 iyun 1992-ci ildə Naxçıvanik kəndində xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak oldu.
Ailəli idi.
Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Qasımov Muxtar Cahid oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.




MƏMMƏDOV ELDAR HARUN oğlu

DOĞUM TARİXİ: 10/01/1968
VƏFAT TARİXİ: 24/02/1993
10 yanvar 1968-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. 1974-cü ildə Bakıda 189 saylı orta məktəbin birinci sinfinə getmiş, 1982-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. O, uşaqlıqdan hərbçi olmaq arzusu ilə yaşayırdı. Bu arzu ilə də o, 1982-85-ci illərdə C.Naxçıvanski adına Hərbi Məktəbdə oxumuşdur. Sonra hərbi biliyini artırmaq üçün 1985-1989-cu illərdə Riqadakı Qırmızıbayraqlı Ali Hərbi-Siyasi Məktəbdə təhsil almışdır. Ali məktəbi bitirdikdən sonra SSRİ Silahlı Qüvvələrində qulluq etmişdir.
Gənc leytenant E.Məmmədov, erməni işğalçıları Azərbaycana hücuma başlayanda, raport yazaraq Vətənə qayıdır. O, yenicə yaradılan Sərhəd Qoşunlarında xidmətə başlayır. Özünü bacarıqlı və peşəkar zabit kimi göstərdiyinə görə ona baş leytenant rütbəsi verilir. O, 1993-cü ildə Sərhəd Qoşunları İdarəsinin könüllülərdən ibarət batalyonu tərkibində Ağdərə istiqamətində gedən döyüşlərin iştirakçısı olur. Ağdərədə mərdliklə vuruşan E.Məmmədov Mehmanə kəndinin müdafiəsi zamanı düşmənə ağır zərbələr vurmuşdur. 1993-cü il fevral ayının 24-də Kasapet kəndi yaxınlığındakı yüksəkliyin müdafiəsində də cəsur döyüşçü düşmənə ağır zərbələr endirmişdir. Həmin gün azğınlaşmış erməni quldurları bu yüksəkliyi ələ keçirmək üçün güclü hücuma keçdilər. Eldar yüksək döyüş bacarığı göstərərək, düşmən hücumlarının qarşısını ala bildi. Ancaq çox keçmədi ki, düşmən qüvvə toplayaraq yüksəkliyi almaq üçün yenidən hücuma keçdi. Baş leytenant vəziyyəti düzgün qiymətləndirərək, düşmənin istiqamətini özünə cəlb etdi. Ağır yaralı olmasına baxmayaraq, erməni quldurlarının əsas qüvvələrimizin arxasına keçməsinə imkan vermədi. Bu qeyri-bərabər döyüşdə Eldar Məmmədov əsl igidlik nümunəsi göstərərək, düşmənin xeyli canlı qüvvəsini məhv etdi. Bu onun son döyüşü idi. O, son damla qanına qədər vuruşaraq, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canından keçdi.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 11 dekabr 1994-cü il tarixli 247 saylı fərmanı ilə baş leytenant Məmmədov Eldar Harun oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Hiç yorum yok:

Yorum Gönder