Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti

Gerbns.pngAzərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti birbaşa Azərbaycan Respublikası Prezidentinə tabe olan xüsusi hərbi hissədir. Xüsusi Dövlət Mühafizə Xidmətinin əsas vəzifələri Azərbaycan Respublikası Prezidentinin, digər Dövlət Mühafizəsi Obyektlərinin, həmçinin Azərbaycan Respublikasında olduqları vaxt xarici ölkələrin dövlət və hökümət başçılarının təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının, Milli Məclisin, Nazirlər Kabinetinin, Konstitusiya Məhkəməsinin, Xarici İşlər Nazirliyinin və Mərkəzi Seçki Komissiyasının obyektlərinin mühafizəsinin təşkil və təmin edilməsidir.
Xüsusi Dövlət Mühafizə Xidməti Dövlət Mühafizəsi Obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əks-kəşfiyyat fəaliyyətinin subyekti olaraq əməliyyat-axtarış fəaliyyətini həyata keçirir, Prezident rabitəsini və Xüsusi rabitəni təşkil edir. Həmçinin Dövlət orqanlarının internet şəbəkəsinin yaradılması və fəaliyyət göstərməsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir. 2003-cü ildən başlayaraq Xüsusi Dövlət Mühafizə Xidməti İxrac neft və qaz boru kəmərlərinin Azərbaycanın quru sahəsindən keçən hissəsinin təhlükəsizliyini təşkil və təmin edir. Strukturu: Prezidentin Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, Milli Qvardiya, İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsi, Peşə Hazırlığı İdarəsi, Şəxsi Heyətlə İş üzrə İdarəsi, Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsi, Texniki Müayinə İdarəsi Müalicə-Diaqnostika Mərkəzi, "Ulduz" İstirahət Mərkəzi,

Döyüş yolu

Xüsusi Dövlət Mühafizə Xidməti: - 1931-ci ildən 1937-ci ilədək Xalq Daxili İşlər Komissarlığının mühafizə şöbəsi (5-ci xüsusi diviziya), - 1938-ci ildən 1972-ci ilədək Bakı şəhəri İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsinin 2-ci Divizionu, - 1972-ci ildən 1991-ci ilədək Azərbaycan SSR DİN Partiya-Sovet Orqanlarının mühafizə şöbəsi adlanıb.
Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 1991-ci il tarixli 355 saylı Fərmanı ilə bu şöbə Prezident Aparatı yanında Mühafizə İdarəsinə çevrilib.
Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 1991-ci il tarixli 485 saylı Fərmanı ilə İdarə DİN yanında Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə şöbəsi adlanıb.
25 dekabr 1991-ci ildə Milli Qvardiya yaranıb.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 fevral 1992-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikası DİN yanında Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə şöbəsinin bazasında Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə İdarəsinin yaradılması haqqında 585 saylı Fərman imzalanır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 23 avqust 1993-cü il tarixində (AR Prezidentinin səlahiyyətini həyata keçirən Ali Sovetin Sədri tərəfindən) Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə İdarəsi və Milli Qvardiyanın bazasında Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin yaradılması və Azərbaycan Respublikasının Prezidentinə tabe edilməsi haqqında 734 saylı Fərman imzalanır.
Azərbaycan Respublikasının Prezidentinin 06 may 2002-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti adlanır. Azərbaycan Respublikası Prezidentinin 31 may 2003-cü il tarixli 872 saylı Fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidməti haqqında Əsasnamə təsdiq edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən Fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidməti tərkibində İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsi yaradılmışdır. Prezidentin 31 may 2003-cü il tarixli 873 saylı digər Fərmanı ilə həmin İdarənin Əsasnaməsi təsdiq edilmışdır.
Xüsusi Dövlət Mühafizə Xidməti şanlı döyüş yolu keçmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında XDMX hərbi qulluqçuları da şərəflə iştirak etmiş, qəhrəmanlıq nümunələri göstərmişlər. Torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda gedən döyüşlərdə XDMX hərbi qulluqçularından 13 nəfəri şəhid olmuş, 21 nəfər itgin düşmüş, 55 nəfəri isə müxtəlif dərəcələrdə yaralanmışlar.Yaralanan hərbi qulluqçularımızdan 15 nəfəri əlil olmuşdur. XDMX-nin hərbi qulluqçusu – Milli Qvardiyanın Alay komandiri mayor Hüseynov Əfqan Qaraxan oğlu göstərdiyi rəşadət və igidliyə görə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli Fərmanı ilə (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin göstərilən fərmanı ilə çavuş Hacıəliyev Camal Şakiroviç (ölümündən sonra) «Hərbi xidmətlərə görə» medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1995-ci il tarixli Fərmanı ilə XDMX-nin 3 nəfər hərbi qulluqçusu «Azərbaycan Bayrağı» ordeni, 46 nəfər hərbi qulluqçusu «Hərbi xidmətlərə görə» medalı ilə, 26 dekabr 1998-ci il tarixli Fərmanı ilə 3 nəfər hərbi qulluqçusu «Azərbaycan Bayrağı» ordeni ilə, 23 nəfər «Hərbi xidmətlərə görə» medalı ilə, 14 nəfər isə «İgidliyə görə» medalı ilə təltif olunmuşdur.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi Prezident rabitəsini və Xüsusi rabitəni təşkil edir. Həmçinin Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr 2004-cı il tarixli fərmanına əsasən Dövlət orqanlarını üçün İnternet seqmentinin yaradılmasını və inkişaf etdirilməsini həyatə keçirir.
Nazirlər Kabinetinin 31 mart 2006-cı il tarixli qərarına əsasən GOV.AZ domenlərinin inzibatlaşdırılması da Xüsusi Rabitə tərəfindən həyata keçirilir. Dövlət orqanlarının İnternet resurslarının yerləşdirilməsi, həmçinin bu qurumların internet şəbəkəsinə çıxışı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi tərəfindən yaradılmış AZSTATENET şəbəkəsi vasitəsi ilə təmin olunur. Bunun üçün AZSTATENET şəbəkəsinin mərkəzi serverləri qurulmuş və şəbəkədə yüksək təhlükəsizlik tədbirləri həyata keçirilmişdir. Həmçinin daha stabil və keyfiyyətli qoşulma üçün əksər dövlət orqanlarına fiber optik kabel çəkilmişdir.
Bundan əlavə dövlət orqanlarının fövqəladə hallardə etibarlı radiorabitə əlaqəsini təmin etmək üçün Xüsusi Rabitə tərəfindən TETRA standartları ilə radiorabitə sistemi yaradılmışdır. Bu radiorabitə sistemi Abşeron yarımadasında və Azərbaycan ərazisindən keçən neft kəmərləri boyunca etibarlı radiorabitə əlaqəsi yaratmağa imkan verir.

Hiç yorum yok:

Yorum Gönder