Beynəlxalq hərbi əməkdaşlıq

Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Moskvada İkinci Dünya müharibəsində Qələbənin 70-ci ildönümünə həsr olunan paradda
Azərbaycan Respublikasının sülh və müharibə dövründə hərbi təhlükəsizliyinin təmin olunmasında, həmçinin xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar çərçivəsində tərəfdaşlıq münasibətlərinin qurulmasında Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq fəaliyyətinin rolu xüsusi əhəmiyyətə malikdir.
Beynəlxalq hərbi əməkdaşlıq fəaliyyəti Xarici İşlər Nazirliyi və digər aidiyyəti dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələri ilə əlaqəli şəkildə, Azərbaycan Respublikasının müdafiə və xarici siyasət kursuna müvafiq olaraq həyata keçirilir. Həmçinin, beynəlxalq hərbi əməkdaşlıq Müdafiə Nazirliyinin hərbi, hərbi təhsil, hərbi-siyasi və hərbi-texniki sahələrdə xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli formatda həyata keçirdiyi kompleks fəaliyyətlərdir. Azərbaycan Ordusunun şəxsi heyəti il ərzində regional və beynəlxalq səviyyədə keçirilən müxtəlif təyinatlı taktiki və kompüter dəstəkli hərbi təlimlərdə iştirak edir.
Beynəlxalq hərbi əməkdaşlığın həyata keçirilməsinin əsas istiqamətləri:
  • Region ölkələri və regiondan kənar ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlıq
  • Avro-Atlantik strukturlarla əməkdaşlıq
  • Beynəlxalq təşkilatlarla və xarici dövlətlərin müdafiə sənayesi kompleksləri ilə əməkdaşlıq
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi region və region xaricindəki strateji tərəfdaş ölkələrin Silahlı Qüvvələri ilə regional təhlükəsizliyin təmin olunması, beynəlxalq strateji əhəmiyyətli layihələrin mühafizəsi və beynəlxalq təhlükəsizliyə töhfə vermək məqsədilə Azərbaycan-Türküyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Pakistan və Azərbaycan-Rusiya-Qazaxıstan olmaqla çoxtərəfli əməkdaşlıq həyata keçirir. İkitərəfli hərbi əməkdaşlıq Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə xarici dövlətlərin Silahlı Qüvvələri və hərbi sənaye kompleksləri arasında ikitərəfli əsasda aparılır. Hazırda Azərbaycan dünyanın 40-a yaxın ölkəsi ilə ikitərəfli əsasda hərbi əməkdaşlıq həyata keçirilir.
Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı 1992-ci ilin mart ayında ölkəmizin bəzi Mərkəzi və Şərqi Avropa dövlətləri ilə birlikdə yeni yaranmış və 1997-ci ildən etibarən Avro-Atlantik Tərəfdaşlıq Şurası kimi tanınan Şimali Atlantik Əməkdaşlıq Şurasının məşvərət forumuna daxil olması ilə başlayıb. 4 may 1994-cü il tarixdə Azərbaycan Respublikası NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" (SNT) Proqramına qoşulub. Müdafiə Nazirliyi NATO ilə əməkdaşlıq çərçivəsində Sülh Naminə Tərəfdaşlıq Proqramı, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Planlaşdırma və Analiz Prosesi, Əməliyyat İmkanları Konsepsiyası, Tərəfdaşlığın Qərargah Vəzifəsi, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı, Sülh Naminə Elm Proqramı və NATO-nun digər əhəmiyyətli tərəfdaşlıq mexanizmlərindən səmərəli şəkildə istifadə edir. Müdafiə Nazirliyi bu mexanizmlərdən istifadə edərək strateji sənədlərin işlənib hazırlanması, hərbi təlim və tədrisdə NATO standartlarının tətbiqi, Sülhməramlı qüvvələrin hazırlığı, şəxsi heyətin idarə olunması, dəniz təhlükəsizliyi, maddi-texniki təminat, təcrübələrin öyrənilməsi, kibertəhlükəsizlik, enerji təhlükəsizliyi, sahib ölkə dəstəyi və hava məkanına nəzarət sahələrində müvafiq islahat fəaliyyətlərini həyata keçirir.

Beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak

Azərbaycan Ordusunun sülhməramlı kontingenti 1999-cu ildən etibarən sülhməramlı əməliyyatlarda iştirak edir. 1999-cu ilin sentyabr ayından 2008-ci ilin mart ayınadək Azərbaycan Ordusunun sülhməramlı taqımı 34 nəfər şəxsi heyətlə (32 əsgər, 1 gizir və 1 zabit) NATO-nun rəhbərliyi altında Kosovoda sülhyaratma və sülhü dəstəkləmə əməliyyatlarda iştirak edib. Azərbaycan taqımı Türkiyə taborunun 4-cü mexanikiləşdirilmiş piyada bölüyünün tərkibində Draqaş şəhərində xidmət aparıb. Brod yaşayış məntəqəsi bu taqıma cavabdehlik ərazisi kimi təhkim edilmişdir. Bu müddət ərzində Kosovada keçirilən əməliyyatlarda 362 nəfər hərbi qulluqçu iştirak edib (345 nəfər əsgər, 7 nəfər gizir, 10 nəfər zabit).
20 noyabr 2002-ci il tarixdən Azərbaycan Ordusunun 22 nəfərlik sülhməramlı taqımı Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyətə başlayıb. 15 yanvar 2008-ci il tarixdən Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin sayı artırılaraq bölük səviyyəsinə çatdırılıb. 2 oktyabr 2008-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi Əfqanıstandakı sülhməramlı kontingentin sayının 2 dəfə artırılması barədə qərar qəbul edib. 19 fevral 2009-cu il tarixdən Azərbaycan Ordusunun 90 nəfərlik sülhməramlı kontingenti Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatlarında Türkiyə Silahlı Qüvvələrinin taboru tərkibində fəaliyyət göstərir. Bölüyün şəxsi heyəti Kabil şəhərində yerləşən televiziya qülləsini, İSAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini təmin edib. 5 oktyabr 2010-cu il tarixində Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi İSAF əməliyyatlarında Azərbaycan Respublikası Sülhməramlı qüvvələrinin töhfəsinin artırılması məqsədilə 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə zabit göndərib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı bölüyü 2003-cü il avqustun 15-dən 2008-ci dekabrın 7-dək 151 nəfərlik şəxsi heyətlə (120 əsgər, 16 gizir, 15 zabit) İraqdaBeynəlxalq Koalisiya Qüvvələri tərkibində fəaliyyət göstərib. İraqın Əl-Həditə şəhəri yaxınlığında ABŞ Dəniz Piyadaları Komandanlığının tərkibində su anbarının və su elektrik stansiyasının mühafizəsini həyata keçirib. Koalisiya Qüvvələrinin İraqdan çıxması ilə əlaqədar 2008-ci il dekabrın 7-də bölük tam heyətlə İraqdan geri qayıdıb.
2015-ci ilin yanvar ayından NATO-nun Əfqanıstanda keçirdiyi "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasında Silahlı Qüvvələrin 94 nəfərlik kontingenti 6 aylıq rotasiya planına uyğun olaraq xidmətə başlayıb. 2018-ci ilin yanvar ayından Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi "Qətiyyətli Dəstək" missiyası üzrə Azərbaycan Ordusunun Sülhməramlı kontingentinin şəxsi heyətinin sayı 120 nəfərə çatdırılıb. Azərbaycan Ordusunun Sülhməramlı kontingenti Kabil Beynəlxalq Hava Limanının mühafizəsi tapşırığını icra edir və müvafiq qərargahlarda təmsil olunur. 1999-cu ildən 2018-ci ilə qədər müxtəlif regionlarda keçirilən sülhməramlı əməliyyatlarda Azərbaycan Ordusunun 3000-dən artıq hərbi qulluqçusu iştirak edib.

Hiç yorum yok:

Yorum Gönder