Şuşa

Şuşa şəhəri
İşğal tarixi - 08.05.1992
Azad olunma tarixi - 08.10.2020
Şuşa şəhərinin işğalı
8 may 1992-ci il tarixdə Qarabağ cəbhəsinin komandanı Arkadi Ter–Tadevosyan Şuşa şəhərinə hücum üçün əmr imzaladı. Əslində isə ermənilərin Şuşa üzərinə hücumlarının icrasına artıq aprel ayının 27-dən başlanmışdı. Arkadi Ter–Tadevosyan bu əmri isə cəbhə boyu ermənilərin hücumlarını rəsmləşdirməklə bərabər bu hücumları daha da intensivləşməsinə səbəb oldu. Şuşa istiqamətində bütün cəbhə boyu ermənilər üstünlüyü ələ almışdılar, onlar bütün imkanlarını səfərbər edərək Şuşanın süqutuna doğru irəliləyirdilər. Ermənilər aldadıcı manevrlərlə Şuşa şəhərinin mühasirəsini daraltmağa çalışırdılar. Belə ki, 1992-ci il may ayının 6-da Yura Ovanesyan Canhəsən istiqamətindəki Azərbaycan mövqelərinə bir neçə sarsıdıcı zərbələr endirərək, döyüş mövqeyini dəyişib Şuşa şəhərinə doğru istiqamətləndi. Canhəsən–Kosalar istiqamətindəki Yura Ovanesyanın başladığı döyüşü davam etdirilməsi tapşırığını 26-cı bölmə öz üzərinə götürdü. Burada erməni ordusunun əsas məqsədi Azərbaycan döyüşçülərinin diqqətini Canhəsən–Kosalar istiqamətinə cəlb etməklə Şuşa şəhərini mühasirəyə salmaq idi. Həmin gün axşama doğru Azərbaycanın iki hərbi vertolyotu Suşa ətrafındakı ermənilərin təmas xəttinə zərbələr endirdilər.Bundan bir neçə dəqiqə sonra Su-25 döyüş təyyarəsi qalxaraq Xankəndi şəhərinə bir neçə bomba atıb Ağdam istiqamətində uçub getdi. Bu Azərbaycan tərəfinin Şuşanın süqutuna qədər sonuncu həmlələri oldu. Şuşanın işğalını müşahidə etmək üçün may ayının 6-da bütün erməni komandanlığı, xarici qonaqlar və jurnalistlər dəniz səviyyəsindən 1207,3 m şimal yüksəkliyində yerləşən Şuşakəndə toplaşmışdılar. Onların sırasında Qarabağ cəbhəsinin komandanı Arkadi Ter–Tadevosyan, Ermmənistanın müdafiə naziri Vazgen Sərkisyan, general Qurqen Dalıbaltayan, Ermənistanın hərbi qərəargah rəisi Feliks Qozoryan, Robert Koçaryan, Serj Sərkisyan, Leonid Martirosyan, Oleq Eseyan, Zori Balayan, Andrey Saxarovun ögey oğlu Aleksey Semenov, Elena Bonner, Baronessa Koks, eləcədə «Ümumdünya xristian həmrəyliyi» və “Daşnaksütun” terror təşkilatının rəhbərləri özlərinə xüsusi yer almışdılar. Onlar buradan bütün cinahlar boyu hücum xəttini izləyir və öz döyüşçülərinə göstərişlər verirdilər. Ermənilərin, birinci və ikinci cinahlarla irəliləyən qoşun hissələrinin döyüş tapşırığı, Şuşaya istiqamətlənən yollardakı azərbaycanlıların bütün atəş nöqtələrini susduraraq qala divarlarına yaxınlaşmaq idi. Üçüncü cinahın döyüşçüləri isə Şuşa – Laçın yolunu atəş altında saxlayaraq Şuşanı mühasirəyə salmaqla, Laçın – Qubadlı istiqamətindən Şuşaya köməyə gələn azərbaycanlı döyüşçülərin hərəkətinə mane olmaqla bərabər Zarıslı kəndini işğal edərək orada möhkəmlənmək bununla da Laçınla Şuşanın əlaqəsini tamam kəsmək əmri almışdılar. Canhəsən – Kosalar istiqamətindəki döyüşçülərə çoxlu sayda aldadıcı manevrlər etmək, azərbaycanlı döyüşçülərin diqqətini bu aldadıcı manevrlərə cəlb etmək tapşırılmışdı. Məhz bundan sonra süni yaradılmış vəziyyətdən istifadə edərək Şuşanın mühasirəsini getdikcə daraldaraq şəhəri təslim etmək olardı. Kərkicahan kəndindən və Xankəndindəki Rus Hərbi bazalarından Şuşa şəhərinin yaşayış məntəqələrinə və ictimai iaşə obyektlərinə fasiləsiz raket zərbələri endirilirdi. Bundan vahiməyə düşən Şuşanın mülki əhalisi keçilməz meşələrlə Laçın istiqamətində canlarını götürüb qaçırdılar. Nə səbəbdənsə Şuşanın mühasirəsindən qabaq Azərbaycanın Hərbi komandanlığı Şuşadakı azərbaycanlı döyüşçülərin bir qismini cəbhə xəttindən geri çəkmiş, digər bir qismi isə məzuniyyətə buraxmışdı. Cəbhə xəttində pərakəndəlik və özbaşınalıq hökm sürdüyündən, döyüşçülərin sırasında üstəlik özbaşına döyüş mövqelərini tərk edənlər də var idi. Komandanlıq tərəfindən hücum tapşırığı verilmədiyindən döyüşçülərimiz yalnız müdafiə mövqeyində dayanırdılar. Onsuz da ermənilərin mühasirəsini yarmaq və ya erməni hücumlarının qarşısını almaq üçün heç canlı qüvvə və texnika da çatışmırdı. Bütün bu qeyri bərabər ölüm-dirim savaşında hələlik öz mövqelərini müvəqqəti də olsa qoruya bilən azərbaycanlı döyüşçülər Şuşaya daxil olmaq istəyən 422 №-li tankı vurmağa nail oldular. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artirelist Serj Sərkisyan elə ilk və son atəşdən maşının kabinəsindəcə ölmüşdülər. Xocalı üzərinə hücum zamanı xüsusi “qəhrəmanlıq” göstərən bu tanka və onun heyətinə etimad göstərilmişdi ki, onlar bir “qəhrəman” kimi Şuşa qalasına taxmaq üçün Ermənistanın bayrağını aparsınlar. Odur ki, hələ Xocalı ağrısı yaşayan əsgərlərimiz üçün bu tankın vurulması xüsusi əhəmiyyət daşıyırdı. Bu hadisəni gözləməyən erməni hərbçiləri mərkəz istiqamətdə döyüşü dayandıraraq, cinahlardan hücumlarını gücləndirdilər. Onlar Qala divarları üzərindən Şuşa türməsinə daxil olmağa qərar vermişdilər. Fasiləsiz raket zərbələri Şuşanın cənubuna və qala divarlarına istiqamətlənmişdi. Bu raket zərbələri Qala divarları üzərindəki bütün müşahidə qüllələrini dağıtdı, həmin gün bütün şəhər od tutub yanırdı. Bu həmlədən sonra Şuşanın mühasirəsinə son qoyuldu ermənilər qala divarları üzərindən şəhərə daxil olmağa başladılar. Üçüncü cinahdakı erməni qoşun bölmələri Laçın – Şuşa yoluna çıxdılar, Şuşanın Laçınla əlaqəsi tamam kəsildi. Bununlada Şuşa, Canhəsən, Kosalar, Qaraqaya erməni işğalının altına düşdü. May ayının 7-dən Şuşaya daxil olmuş erməni qoşun hissələri, küçə döyüşləri ola biləcəyindən ehtiyatlanaraq küçələrdə açıq şəkildə hərəkət etməyə cürət etmirdilər. Nəhayət may ayının 9-da gecə saat 4-də şəhərin boş olduğuna əmin olan ermənilər Şuşa şəhəri üzərindəki qələbələrini bayram etməyə başladılar. Lakin bu işğal ermənilərə o qədər də asan başa gəlməyib. 11 min erməni əsgərinə cox az sayda Azərbaycanlı müqavimət göstərirdi. Azlıqda olan Azərbaycan əsgərləri isə kömək gözləyirdilər. 10 saatdan artıq davam edən döyüşlərdə 1860 azərbaycanlı yaralandı, 480-i həlak oldu, 22 min nəfər öz yurdundan didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur. Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Cümə məscidini, Aşağı Gövhər Ağa məscidi, Xurşud Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Ermənilər insanlığa sığışmayan vəhşiliyə də əl atdılar: Üzeyir Hacıbəyov, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəllərini güllələdilər. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəylinin (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib. İşğal olunmuş ərazilərdə erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir. Azərbaycan xalqının mədəniyyətinin, əsrarəngiz musiqisinin beşiyi sayılan, tarixi Azərbaycan torpaqlarının əbədi və ayrılmaz parçası, böyük alimlərin, bəstəkarların, şairlərin vətəni olan Qarabağın paytaxtı – Şuşa şəhəri artıq iyirmi ildir ki, təcavüzkar Ermənistan Respublikasının işğalı altındadır. Düz iyirmi ildir ki, yadlar tapdağı olan Şuşa ölüm sükutuna qərq olub. Bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atmışlar. Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdır, milli arxitekturasını silib, istədikləri kimi yenidən qurmağa cəhd edirlər. Nadir tarix-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılmış, zəngin muzey və kitabxanaları muzeyləri talan edilmiş, bir vaxtlar təkrarolunmaz təbiətinə görə «Qafqazın cənnəti» adlandırılan yerlər xarabazara çevrilmişdir.

Hiç yorum yok:

Yorum Gönder