22 Ocak 2017 Pazar

Şamil Ramazanov

Şamil Ramazanov — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh.
19 yanvar 1976-cı ildə Ağsu rayonunun Rəhimli kəndində anadan olmuşdur. 1983-1993-cü illərdə burada orta məktəbdə təhsil almışdır.19 mart 1994-cü ildə Ağsu rayonunda hərbi xidmətə çağırılır. Gəncə şəhərindəki "N" saylı hərbi hissədə təlim keçən Şamil komandirlərin verdiyi tapşırıqları layiqincə yerinə yetirir, tez bir zamanda bütün silahlardan istifadə etməyi öyrənmişdi. 1995-ci il məlum 13-17 mart hadisələri baş verdi, silahlı dəstənin zərərsizləşdirilməsi zamanı cəsur əsgər qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Ramazanov Şamil Ağasəf oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Ağsu rayonunun Rəhimli kəndində dəfn edilmişdir.
Ağsu rayonunun mərkəzi Kinoteatrı qəhrəmanımızın adını daşıyır.

Qara Yanvar


Qara Yanvar — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.
Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.
Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiya Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.

3 Ocak 2017 Salı

Quliyev İnqilab

       

               Vətən sənə oğul dedi,ər dedi
               Taleyin tapşırdı səni  əlinə
               Yumruğa çevrildi o güclü əllər
              Qalxdı ki,düşmənin başına enə

Vətənin belə igid qəhrəman oğullarından biri də Kapitan Quliyev  İnqilab Çingiz oğludu.İnqilab 1983- cü il aprel  ayının 13 də  Tərtər rayonunda anadan olmuşdu.Uşaqlıq  illəri  doğma rayonu  olan Kəlbəcər rayonundakı  İsti su  qəsəbəsində keçmiş,birinci sinifi  orada bitirmişdir.Ailə vəziyyəti ilə əlaqədar  olaraq  valideyinləri  Beyləqan rayonuna köçdüyü  üçün  təhsilini  Milli qəhrəman N.M.Allahverdiyev  adına  Beyləqan şəhər 1N-li  tam  orta  məktəbində  davam etdirmiş  1997-ci  ildə  Cəmşid  Naxçıvaniski  adına  Hərbi  liseyə  daxil olmuş,2000-ci ildə liseyi  bitirərək H.Ə.Əliyev adına  Hərbi Akademiyaya  qəbul  olmuş, 2005-ci  ildə  həmin  Akademiyanı  müvəffəqiyyətlə  bitirərək  milli ordumuzun zabiti kimi  xidmətə başlamışdı.Tovuz rayonunda,Göy-göl  rayonunda,Gəncə şəhərində,Goranboy  rayonunda  hərbi xidmət etmiş,Kapitan  rütbəsinə yüksəlmiş,qərərgah  rəisi  vəzifəsini  daşımışdır.Xidmət  dövründə  Türkiyədə  xüsusi  komandir  hazırlığı  kursu  keçmişdir.Bir sıra  medallar,Fəxri  diplom  və  Fərmanlarla  təltif  olunmuşdur.
2011-ci ildə  ailə  həyatı  qurmuşdur,2  övladı var.
4aprel  2016-cı  il  tarixdə  Ağdərə  rayonu  istiqamətindəki  döyüşlərdə  qəhrəmancasına  döyüşərək  şəhid  olmuşdur.
Azərbaycan  Respublikası  Prezidentinin  19  aprel  2016-cı il tarixli,1967-N li  sərəncamı ilə(ölümündən sonra)  "İgidliyə görə" medalı ilə təltif  olunmuşdur
Informasiyani bacisi Quliyeva Lamiyə gonderib.

8 Aralık 2016 Perşembe

Mehdiyev Rəşid

Şəhid, baş leytenant 26 yaşlı Mehdiyev Rəşid Rövşən oğlu ölümündən sonra "İgidliyə görə" medalı təltif edilib. Rəşid Mehdiyev 1990-cı ilin 26 iyul tarixində Salyan rayonunun Xələc kəndində anadan olub. Ailənin yeganə oğul övladı olan Mehdiyev Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. O, 2016-cı ilin aprelin 5-i Azərbaycan-Ermənistan təmas xəttinin Tərtər rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid oldu.


7 Aralık 2016 Çarşamba

İsgəndərov Şakir

Laçin 1993-İsgəndərov Şakir 54 gün mühasirə boyu özündə saxladığı Azərbaycan 
bayrağıyla

Kamil Musəvi

Vətən uğrunda bir gözünü və ayağını qurban verən zabitimiz
Qarabağ qazisi , baş leytanant Kamil Musəvi:

"Torpağa su qatsan palçıq, qan qatsan vətən olar"





İlham Əliyev ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olub

Ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanışlıq zamanı İlham Əliyevin nitqi


Bu ilin aprel ayında Ermənistan dövlətimizə, xalqımıza qarşı növbəti silahlı təxribat törətmişdir. Qəhrəman Azərbaycan Ordusu - xalqımızın əsgər və zabitləri bu təxribata layiqli cavab vermişdir. Uğurlu əks-hücum əməliyyatı keçirərək düşmənə sarsıdıcı zərbələr vurmuşdur və Azərbaycanın işğal altında olan torpaqlarının bir hissəsi azad edilmişdir. 
Bu gün biz Lələtəpə ərazisindəyik. Hələ bir neçə ay bundan əvvəl bu ərazi işğal altında idi. Biz bu işğala son qoyduq. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərində işğal altında olan 2000 hektardan çox torpaq uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edilmişdir. Minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu tam nəzarət edir.
Onu da qeyd etməliyəm ki, əks-hücum əməliyyatımız əlverişsiz mövqelərdən başlamışdır. Biz yüksəklikləri, təpələri işğalçılardan azad etmişik və böyük qəhrəmanlıq göstərmişik. Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Azərbaycan Ordusu bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərmişdir. Biz şəhidlər verdik, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgərlərimiz, zabitlərimiz olubdur. Mən Hərbi Hospitalda yaralı əsgər və zabitlərimizlə görüş zamanı onlarda ruh yüksəkliyi gördüm. Onların bir arzusu var idi - tezliklə sağalmaq və döyüş bölgələrinə qayıtmaq.
Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan vətəndaşları vətənpərvər vətəndaşlardır. Bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda, torpaq uğrunda ölümə getməyə hazırdırlar. Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan Ordusu öz gücünü göstərdi. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan Ordusu yenilməz ordudur. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bunu biz bilirik, Azərbaycan xalqı bilir və bütün dünya bilir. Güclü orduların reytinqlərində Azərbaycan Ordusunun çox yüksək yeri vardır. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, günbəgün artır.
Ordumuzda nizam-intizam hökm sürür. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Biz son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir. Aprel döyüşləri bunu bir daha göstərdi. Aprel döyüşlərindən sonra ordumuzun maddi-texniki təminatı ilə bağlı əlavə tədbirlər görülür, vəsait ayrılıb, ən müasir, yüksək dağıdıcı qüvvəyə və dəqiqliyə malik olan silahlar, texnika alınır və artıq bizim sərəncamımızdadır.
Ordumuzun döyüş qabiliyyəti ilə bərabər, vətənpərvərlik ruhu da yüksəkdir. Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə də Azərbaycandır, Şuşa da Azərbaycandır, Xankəndi də Azərbaycandır. Biz öz torpağımızdayıq. Heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Aprel döyüşləri bunu bir daha sübut etdi.
1994-cü ilin yanvar ayında Füzuli rayonunda uğurlu əməliyyat keçirilmişdir, 22 kənd işğalçılardan azad edilmişdir. Bu, böyük tarixi qələbə idi. Aprel döyüşləri növbəti tarixi qələbədir. Dünya bir daha gördü ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bu, bizim əzəli torpağımızdır, tarixi torpağımızdır və biz bu gün hələ də işğal altında olan bütün torpaqlarımıza qayıdacağıq.
Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız və güclü Ordumuz var. Biz Ordumuzla, əsgər və zabitlərimizlə, sizinlə - bax, burada düşmənlə üz-üzə dayanan oğullarımızla fəxr edirik. Sizə eşq olsun! Azərbaycan inkişaf edəcək və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik! Sağ olun.
12 noyabr 2016









Mənbə: http://president.az/articles/21707