30 Mart 2017 Perşembe

99 il evvel - 31 mart soyqırımı

Mart hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.
Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Şirinov Sahil Həsrət oğlu


Sahil Həsrət oğlu Şirinov (d. 24 iyun 1992QəbələAzərbaycan - ö. 2 aprel 2016Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (leytenantı). 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Sahil Şirinov 1992-ci ilin 24 iyun günündə Qəbələ rayonunun Bum qəsəbəsində anadan olub.
Leytenant Sahil Şirinov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
Aprelin 6-sı isə Sahil Şirinov doğulduğu Qəbələ rayonunun Bum qəsəbəsində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və leytenant Şirinov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Sahil Şirinov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

27 Ocak 2017 Cuma

Əsədli Fərman Elçin oğlu

          

           Əsədli Fərman Elçin oğlu - 1990-cı il sentyabrın 10-da Gəncə şəhərində anadan olmuşdur. 1996-cı ildə Samux rayon Sərkar kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 2007-ci ildə həmin məktəbi bitirmişdir. 2007-ci ildə Gəncə Dövlət Univrsitetinin İqtisadiyyatın Hüquqi Tənzimlənməsi fakultəsinə daxil olmuş, 2011-ci ildə ali təhsilini başa vurmuşdur. 2011-2012-ci il tarixlərdə hərbi xidmətdə olmuşdur. 2012-ci ilin sentyabr ayında ailə həyatı qurmuş, 2013-cü ilin iyul ayında qız övladı dünyaya gəlmişdir. 
          01 aprel 2016-cı il tarixdə Erməni silahlı bölmələri atəşkəs rejimini kəskin şəkildə pozaraq Azərbaycan Respublikasının cəbhənin müxtəlif istiqamətlərində - Goranboy, Tərtər, Ağdam və digər rayonlarımızda yerləşən Silahlı Qüvvələrimizin mövqelərini, eləcə də dinc sakinləri atəşə tutmuşdur. 
Bu xəbəri eşidən Fərman Əsədli 02 aprel 2016-cı il tarixdə saat 10-11 radələrində cəbhədə qulluq edən hərbiçilərimizə dəsdək olmaq niyyəti ilə, yeznəsi Əliyev Sadiq Natiq oğlu ilə birlikdə bir qədər ərzaq məmulatları alaraq döyüşlərin başlandığı Tərtər rayonunun Şıxarx qəsəbəsinə doğru yola düşürlər. Fərman Əsədli ilə Sadiq Əliyev Tərtər rayonunun Şıxarx qəsəbəsinə çatdıqda dəhşətli bir səhnənin şahidi olurlar. Belə ki, qeyd edilən qəsəbənin atəş altında olduğunun, erməni təcavüzkarları tərəfindən qəsəbənin ağır artileriya atəşi altında olduğunun şahidi olmuşlar. Fərmanla Sadiq gətirdikləri ərzaqların bir hissəsini N saylı hərbi hissədə qulluq edən əsgərlərimizə çatdıraraq əsgərlərimizə “güclü olun, qorxmayın, xalq sizinlədir!” sözlərini deyərək hərbiçilərimizə necə kömək edə biləcəklərini soruşmuşlar. Hərbiçilər Fərmanla Sadiqə köməyə ehtiyac olmadığını, minnətdarlıqlarını bildirib sadəcə atəş altında olan ərazini tərk etmələrini xahiş etmişlər. Bundan sonra Fərmanla Sadiq əsgərlərə verilmiş əmrin icrasına köməklik göstərərək əraziyə toplaşan vətəndaşları ərazidən kənarlaşdırmaq, çəkiliş aparan vətəndaşlara əngəl olmaq istiqamətində müəyyən fəaliyyətlər göstərmişlər. Bundan sonra düşmən artileriyasının bizim mövqeylərimizə ardıcıl zərbələr endirdiyini görən Fərmanla Sadiq həmin ərazilərdə yaralıların olma ehtimalını nəzərə alaraq “Niva” markalı avtomobilləri ilə həmin atəş altında olan ərazilərə yollanmışlar. Getdikləri ərazilərdə silahlı qüvvələrimizin ayrı-ayrı mövqelərdə yerləşən şəxsi heyətlərini görmüş və bir daha könüllü şəkildə Tərtər rayon mərkəzinə qayıdaraq həmin cəbhə bölgəsində xidmət edən hərbiçilərimiz üçün lazımı qida məhsulları alaraq geri qayıdıb ön cəbhədə qulluq edən hərbiçilərimizə vermişlər. Bundan sonra mülki əhalinin buraxılmadığı ərazidə silahlı qüvvələrimizə məxsus “QAZ-3308” markalı avtomaşının dayandığını müşahidə etmişlər. Bunu görən Fərman Əsədli yaxınlıqda olan mülkü avtomaşınlardan birinin “akkumlyator”nu çıxararaq öz “Niva” markalı avtomobili ilə Sadiqlə birlikdə hərbi avtomaşının dayandığı istiqamətə yollanmışlar. Avtomobilin yanına çatdıqda Fərman hərbi yük maşınını təmir edərək, özü sükan arxasına əyləşib sürücü əsgər Şirinovu da yanında əyləşdirərək şəhidlərin cənazəsini aparan avtomaşını idarə edib Tərtər şəhərində yerləşən “N” saylı hərbi hissəyə təhvil vermişlər. Bundan sonra Fərmanla Sadiq yenidən döyüş bölgəsinə qayıdaraq ərazidə yaralıların olub-olmamasını, yaralıların olacağı təqdirdə dərhal xəstəxanaya çatdırmaq niyyəti ilə atəş altında olan mövqelərdə gözləmişlər. Həmin müddət ərzində düşmən tərəfindən müxtəlif istiqamətlərdə atılan top mərmiləri Fərman və Sadiqin olduğu yerə yaxın bölgələrə düşmüşdür. Fərman top mərmilərindən birinin düşdüyü yerin yaxınlığında yaralı əsgərin olduğunu görüb yeznəsi Sadiq Əliyevlə birlikdə yaralının atəş altından çıxarılması və xəstəxanaya çatdırılması üçün köməklik göstərərək böyük şücayət nümayiş etdirmişlər. Həmin gün axşam saat 18-19 radələrində Fərman Əsədli ilə Sadiq Əliyev əsgərlərlə sağollaşaraq yaşadıqları Gəncə şəhərinə qayıtmaq üçün yola çıxmışlar. Yolda silahlı qüvvələrin zabiti, kapitan Rəhimov Mübariz Vaqif oğlu ilə rastlaşaraq avtomaşını ilə sonuncunu xidmət etdiyi posta aparıb düşürmək qərarına gəlmişlər. Həmin vaxt Tərtər rayonun Şıxarx kəndi erməni təcavüzkarları tərəfindən ağır artileriya silahları ilə atəş altında olmuşdur. Fərmanla Sadiq kapitan M.Rəhimovu avtomaşınlarına mindirib Şıxarx istiqamətində hərəkət etmişlər. Kənddə yerləşən qum-çınqıl karxanasının təxminən 500 metr keçdikdən sonra düşmənin artileriya bölməsinin “D-30” top mərmisi avtomaşının yaxınlığına düşmüş, mərminin qəlpələri avtomaşını deşərək qabaq sağ oturacaqda əyləşən Fərman Əsədlinin ağır yaralanmasına səbəb olmuşdur. Avtomaşında olan digər şəxslərdən Sadiq Əliyev ağır yaralanmış, hərbiçi Mübariz Rəhimov isə hadisədən yara almadan xilas olmuşdur. Fərman Əsədli hadisədən bir neçə saat sonra gətirildiyi Tərtər rayon xəstəxanasında vəfat etmişdir.

Mənbə : https://www.facebook.com/Herbi.Xeberler/posts/1593835867294045:0 

24 Ocak 2017 Salı

Azərbaycanın Milli Qəhrəmanı , Qarabağ müharibəsi şəhidi Cəlil Səfərovun doğum günüdür


Cəlil Səfərov  Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
28 yanvar 1962-ci il Gürcüstan Respublikası Marneuli rayonunun Lejbəddin kəndində doğulmuşdur. Ailəlikcə Sumqayıt şəhərinə köçmüşlər. 1969-1977-ci illərdə buradakı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə C.Naxçıvanski adına ali Hərbi Litseyə qəbul edilmişdir. 1980-cı ildə təhsilini başa vuraraq Vladiqafqaz Hərbi Raket-Zenit Komandirlər Məktəbinə daxil olur. 1984-cü ildən Qzaxıstanın Priozorsk və Balxaş şəhərlərində işləyir, 8 il sonra Azərbaycana qayıdır.
Müdafiə Nazirliyinin təyinatı ilə Qarabağa ezam olunan təcrübəli zabit xidməti başa çatdıqdan sonra burada qalır. Şuşa cəbhəsində dəqiq atəşlərlə erməni yaraqlılarının və canlı qüvvələrinin məhv edilməsinə başçılıq edirdi. Cəlilin başçılığı ilə dəqiq top atəşləri nəticəsində ermənilər ağır itkilər vermişdi. 15 may 1992-ci il Şuşanın Turşsu-Zarıslı kəndi istiqamətində gedən döyüşlərdə xeyli düşmən yaraqlısı məhv edən cəsur zabit qəhrəmancasına həlak oldu.
Ailəli idi, iki övladı yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə kapitan Səfərov Cəlil Əziz oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Sumqayıt şəhərindəki 10 saylı məktəb qəhrəmanımızın adını daşıyır.
Gürcüstan Respublikasının Marneuli şəhərində abidəsi ucaldılıb.


22 Ocak 2017 Pazar

23 yanvar Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Hikmət Muradovun doğum günüdür


Hikmət Muradov  Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi
23 yanvar 1969-cu ildə Bakı şəhərində doğulmuşdur. 1976-1986-cı illərdə 190 saylı orta məktəbdə təhsil almışdır. Həmin il Krasnokustk Mülki Aviasiya Məktəbinə daxil olur. 1991-ci ildə buranı fərqlənmə diplomu ilə bitirir. Daha sonra Hikmət Yevlax hava yollarında ikinci pilot kimi fəaliyyətə başlayır.
Hikmət AN-2 təyyarəsi ilə dəfələrlə müharibə gedən əraziyə uçuşlar etmişdi. O, döyüşçülərimizə ərzaq, silah-sursat daşınmasında misilsiz işlər görmüşdü. Cəsur pilot əfsanəvi uçuşlarla hamını heyran qoyurdu… 1991-ci il 29 oktyabr Xocalı rayonunun Xanabad kəndi ərazisində onun idarə etdiyi AN-2 təyyarəsi ermənilər tərəfindən güclü raket atəşinə məruz qalır Hikmət heyətlə həlak olur.
Subay idi.Azərbaycan Respublikası prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Muradov Hikmət Oqtay oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.Vaxtilə oxuduğu 190 saylı məktəbdə qəhrəmanımızın barelyefi vurulub.

23 yanvar Azərbaycanın Milli Qəhrəmanı Yalçın Nəsirovun doğum günüdür

Yalçın Nəsirov — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh.23 yanvar 1976-cı ildə Astara rayonunun Sərək kəndində anadan olmuşdur. 1982-1992-ci illərdə burada təhsil almışdır. 1994-cü il 19 aprel Milli Orduya çağırılır. Tərtər  Şamaxı rayonlarında qulluq edən Yalçın verilən tapşırıqları layiqincə yerinə yetirirdi. O, Vətənimizi azad və bütöv güclü görmək arzusu ilə yaşayırdı. 1995-ci il mart hadisələri baş verdi. 13-17 mart günlərində dövlət çevirilişinə cəhd edən dəstənin zərərsizləşdirilməsi zamanı Yalçın ağır yaralandı. Xeyli qan itirmişdi. 24 mart tarixdə o, aldığı yaradan Sabunçu rayon xəstəxanasında gözlərini əbədi yumdu.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Nəsirov Yalçın Canhəsən oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Astara rayonu Sərək kənd orta məktəbi onun adını daşıyır.

Astara rayonundakı "Qəhrəmanlar" parkında büstü qoyulmuşdur

22 yanvar Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Fəxrəddin İbrahim oğlu Şahbazovun doğum günüdür


Fəxrəddin İbrahim oğlu Şahbazov  Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Fəxrəddin Şahbazov 22 yanvar 1950-ci ildə Bakı şəhərində doğulmuşdur. 1957-1967-ci illərdə Bakı şəhərindəki 20 saylı orta məktəbdə təhsil almışdır. 1969-cu ildə hərbi xidmətə çağırılmış və 1971-ci ildə ordudan tərxis edilmişdir. Fəxrəddin 1972-ci ildən Azərbaycan Teleradio Şirkətində işə başlamış və 20 il burada fasiləsiz olaraq operator peşəsində çalışmışdır.
1988-ci ildən başlayaraq ermənilərin azərbaycanlıları Dağlıq Qarabağ və eləcə də, Qərbi Azərbaycan torpqlarından zorla, silah gücü ilə çıxartması Fəxrəddin Şahbazovu da narahat edirdi. Fəxrəddin könüllü olaraq cəbhəyə gedər qaynar döyüş meydanlarından reportajlar hazırlayar və xalqa eləcə də xarici ölkələrə çatdırardı. Dəfələrlə təhlükə ilə üzləşməsinə baxmayaraq cəbhəyə getməkdə davam edirdi. 1991-ci ildə ermənilər Xocavənd rayonunda ağılasığmaz vəhşiliklər törətmişdilər. Dinc sakinlər qətlə yetirilmiş, kəndlər yandırılmışdı. 20 noyabr 1991-ci il dövlət nümayəndələri və başqa bir neçə adam hadisəni araşdırmaq üçün Mİ-8 vertolyotu ilə Xocavənd rayonuna yola düşdülər.
Xocavəndin Qarakənd kəndi yaxınlığında ermənilər vertolyotu iri çaplı pulemyotlardan atəşə ututdular. Vertolyot yerə düşərək parçalandı bütün heyət həlak oldu, şəhidlərin arasında Şahbazov Fəxrəddin də var idi. Ermənilər onların cəsədlərini təhqir etməkdən belə çəkinmədilər.
Ailəli idi, iki övladı qalıb.Azərbaycan Respublikası prezidentinin 4 dekabr 1992-ci il tarixli 344 saylı fərmanı ilə Şahbazov Fəxrəddin İbrahim oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Bakı şəhərinin Məmməd Əmin Rəsulzadə qəsəbəsindəki küçələrdən biri Fəxrəddin Şahbazovun adını daşıyır.