Edilov Yelmar Şahmar oğlu 10 aprel 1946-cı ildə Ağdam rayonunun Əlimədədli kəndində anadan olmuşdur. 1954-1964-cü illərdə Əlimədədli kənd orta məktəbində
təhsil almış, sonra isə Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil omuşdur. O, 1964-cü ildə Minsk şəhərində
hərbi xidmətə başlayır. Yelmar yaxşı samboçu idi. Qarnizon birinciliyi
yarışları zamanı aldığı zədədən, o hərbi xidmətən ikinci qrup əlil kimi tərxis
olunur və texnikumda yarımçıq qalmış təhsilini davam etdirir. 1970-ci ildə təhsilini başa vurdu. M.F.Axundov
adına üzümçülük kolxozunda işə düzəlir.
1988-ci ildə ata-babalarımızdan yadigar
torpaqlarımız olan Qərbi Azərbaycan ərazisindən soydaşlarımızın deportasiya
edilməsi zamanı Yelmar Könüllü özünümüdafiə batalyonlarının yaradılmasını təkid
edirdi. Bu iş yalnız 1990-cı ildən sonra görülməyə başlanıldı. 1991-ci ilin əvvəllərindən başlayaraq Ağdamın bir çox
kəndləri erməni işğalçıları tərəfindən gecə-gündüz atəşə tutulurdu. Yelmar
Edilovun rəhbərliyi ilə Kolanı kəndində özünümüdafiə batalyonu yaradıldı. Bu
dəstə Ağdamda böyük hünər göstərdi, onlar dəfələrlə
ermənilərə lazımı cavabı verdilər. 11 aprel 1994-cü ildə "çərik" kökəltmə məntəqəsi
uğrunda gedən döyüşdə Yelmar qəhrəmanlıqla həlak olur.
Ailəli idi. Yeddi övladı var.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Edilov
Yelmar Şahmar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı"
adı verilmişdir.
Bakı şəhərindəki ikinci Şəhidlər xiyabanında
dəfn edilmişdir.