29 Eylül 2018 Cumartesi

10 İyun


13 Mart


1 May

CƏFƏROV FAİQ ƏLİQULU oğlu

DOĞUM TARİXİ: 01/05/1974
VƏFAT TARİXİ: 19/08/1999
 1 may 1974-cü ildə Cəlilabad rayonunun Şiləvəngə kəndində doğulmuşdur. 1982-ci ildə Şiləvəngə kənd orta məktəbinin birinci sinfinə getmiş, 1991-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Elə həmin ildə də Bakı Maşınqayırma Texnikumuna daxil olmuşdur. 1992-ci  il  oktyabrın 18-də Vətənə sədaqət andı içərək Milli Ordu sıralarında hərbi xidmətə başlamışdır. Naxçıvan sərhəd dəstəsinin ilk sərhədçilərindən biri də Faiq Cəfərov olmuşdur.
Şərur rayonundakı 3-cü zastavada 3 il Vətənə xidmət... Bu illər ərzində erməni qəsbkarlarının Naxçıvan Muxtar Respublikası üzərinə hücumlarının dəf edilməsində Faiq də mərdlik göstərir.
1995-ci il 13-17 mart hadisələri... O günlərin həyəcanı heç vaxt yaddan çıxmaz. Bir qrup silahlı dəstə düşmən dəyirmanına su  tökərək qurbanlar bahasına qazanılmış müstəqilliyimizə, suverenliyimizə zərbə vurmaq istəyirdi. Həyəcan siqnalı ilə ayağa qaldırılan bir neçə hərbi hissənin əsgərləri qanunsuz silahlı dəstələrin tərksilah edilməsi üçün təhlükəli zonaya göndərildi. Həmin gün  Naxçıvan sərhəd dəstəsinin könüllülərdən ibarət bölməsi də paytaxta göndərilmişdi. Dövlət çevrilişinə cəhd etmək istəyən qüvvələrin zərərsizləşdirilməsində iştirak edənlər sırasında Faiq də var idi. Martın 16-dan 17-nə keçən gecə Faiq Cəfərov yaralanaraq Sabunçu rayonundakı 3 saylı xəstəxanaya çatdırılır. O, həkimlərin səyi nəticəsində yenidən həyata qaytarılır. 1995-ci il iyunun 22-də sərhəd qoşunlarından ehtiyata buraxılır.
Azərbaycan Respublikası prezidentinin 27 dekabr 1995-ci il tarixli 427 saylı fərmanı ilə Cəfərov Faiq Əliqulu oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Həyatını xalqının, dövlətinin təhlükəsizliyinə həsr edən gənc qəhrəman bir ildən sonra yenidən sərhəd qoşunlarına qayıdır. O, Bakı Əlahiddə Nəzarət Buraxılış Məntəqəsində xidmət edir. 1997-ci ildən Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsində təhsil almağa  başlayır.
O, böyük arzularla yaşayırdı. Lakin 19 avqust 1999-cu ildə avtomobil qəzası nəticəsində onun arzularla dolu ürəyi vaxtsız dayandı.
Evli idi. İki övladı vardı.
Cəlilabad rayonunun Şiləvəngə kəndində dəfn edilmişdir.

PAŞAYEV BAXŞEYİŞ XANƏHMƏD oğlu

DOĞUM TARİXİ: 01/05/1936
VƏFAT TARİXİ: 12/07/1992
1 may 1936-cı ildə Ağdam rayonunun Əhmədavar kəndində dünyaya göz açmışdır. O, yeddinci sinfi bitirdikdən sonra Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. 1954-cü ildə texnikumu bitirmiş və Ağdam Atçılıq Sovxozunda mexanizator işləməyə başlamışdır.   1965-ci ildən isə o, öz fəaliyyətini sürücü kimi davam etdirmişdir. 1988-ci ildə  müharibənin ilk qığılcımları görünürdü.
O, Qarabağ müharibəsinin ilk qurbanları olan Əli və Bəxtiyarın ölümündən sonra Xalq Hərəkatına qoşuldu. Erməni basqınının qarşısının alınmasında  böyük  rolu olan  Baxşeyiş,  ayrı-ayrı kəndlərə  ərzaq  çatdırılmasında,  yollar  bağlanan  zaman isə əhalinin  bir yerdən  başqa  yerə köçürülməsində fəal iştirak etmişdir. O, “Qarabağ müdafiə şahinləri”  dəstəsinin ən fəal döyüşçüsü sayılırdı. Xramort kəndinin ermənilərdən təmizlənməsində əsl igidlik göslərmişdir.  Döyüşçülər arasında “ağsaqqal”  ləqəbi  ilə  tanınan  Baxşeyiş Paşayev mahir atıcı olmaqla, həm də gözəl kəşfiyyatçı idi. Dəfələrlə Fərrux, Aranzəmin, Naxçıvanik, Xanabad kəndlərinə kəşfiyyata getmiş, onun məlumatları əsasında aparılan hücum əməliyyatları uğurla nəticələnmişdir. O, 10 aprel 1992-ci ildə Şuşakənddə ermənilərin çox mühüm döyüş nöqtələrini məhv     etmək üçün vertolyotçularımıza bələdçilik etmişdir. Baxşeyiş Xocalı faciəsi zamanı əhalinin çıxarılmasında böyük fədakarlıq göstərmişdir.
1992-ci il iyulun 12-də düşmən Xanabad kəndinə hücuma keçmişdi. Baxşeyişin dəstəsi cavab olaraq, düşmənin 7 postunu ələ keçirdi. Yaraqlılar gözlənilməz hücumun qarşısında aciz qalmışdı. Lakin qəfil düşmən gülləsi xalqımızın igid oğlu Bəxşeyiş Paşayevin ömrünü qırdı.
Ailəli idi. Doqquz övladı var.
Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Paşayev Baxşeyiş Xanəhməd oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn edilmişdir.

29 May


16 Avqust

AZNAUROV İSGƏNDƏR SÖHRAB oğlu

DOĞUM TARİXİ: 16/08/1956
VƏFAT TARİXİ: 18/04/1993
 16 avqust 1956-cı ildə Özbəkistan Respublikası Buxara vilayəti Qala-Asiya kənd sovetliyinin 22 saylı sovxozunda dünyaya gəlmişdir. 1963-cü ildə Daşkənd vilayətinin Akkurqan rayonunda yerləşən Lomonosov adına 1 saylı orta məktəbin birinci sinfinə getmiş, 1973-cü ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Elə həmin ildə də əmək fəaliyyətinə başlamışdır. 1975-ci ildə Akkurqan rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Ukraynanın Çerkassk şəhərində xidmət edən İsgəndər 1977-ci ildə ordudan tərxis olunmuşdur. O, nümunəvi hərbi xidmətə görə dəfələrlə komandanlığın təşəkkürlərinə və Fəxri fərmana layiq görülmüşdür. İsgəndər 1978-ci ildə Daşkənd İrriqasiya İnstitutuna daxil olmuşdur. 1983-cü ildə ali təhsilini başa vurub təyinatla Daşkənd vilayəti Axanqaran rayonu Qalyakudur sovxozuna göndərilmişdir. İsgəndər bir müddətdən sonra - 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana - Şəmkir rayonunun Kür qəsəbəsinə köçmüşdür. O, burada cihazqayırma zavodunda çalışmağa başlayır.
Erməni işğalçılarının torpaqlarımıza basqını İsgəndərin qəlbini qəzəb və intiqam alovuna bürüyür. 21 aprel 1992-ci il... O, Milli Ordu sıralarına könüllü yazılır. Onu 861 saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin edirlər. Baş leytenant İsgəndər Aznaurov Gədəbəy rayonunun Şınıx bölgəsində peşəkar hərbçi kimi düşmənin mühüm hərbi bazalarının məhv edilməsində şəxsi nümunə göstərir. İsgəndər Aznaurov ağır döyüşlərin birində düşmənin dörd topunu sıradan çıxararaq onlarla erməni yaraqlısını məhv etmişdir. Onun rəhbərliyi altında keçirilən əməliyyat zamanı sərrast top atəşləri ilə düşmən mövqelərinə ciddi zərbələr vurulur, silah-sursat anbarları dağıdılırdı. Nazdıxanyal uğrunda gedən döyüşlərdə İsgəndər Aznaurov əsl igidlik nümunəsi göstərdi.
O, döyüş yoldaşlarının köməyi ilə azğınlaşmış düşmənin qarşısını kəsib güclü müqavimət göstərdi. Erməni faşistləri öz məğlubiyyətlərini hiss edib, geri çəkilməyə məcbur olur.
18 aprel 1993-cü il... İgid zabit son döyüşə girir və bu döyüşdə qohrəmancasına həlak olur.
Evli idi. Üç qızı həyatda yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə baş leytenant Aznaurov İsgəndər Söhrab oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Bakının Şəhidlər xiyabanında dəfn edilmişdir.
Onun adına Şınıx bölgəsində “İsgəndər qalası” var. Kür qəsəbəsindəki 1 saylı məktəb qəhrəmanın adını daşıyır. Məktəbin girişində büstü qoyulmuşdur, 2 saylı orta məktəbdə isə onun şərəfinə “Xatirə guşəsi” yaradılmışdır.




ATAKİŞİYEV ASLAN QABİL oğlu




 1953-cü il avqustun 16-da Qubadlı rayonunun Muradxanlı kəndində anadan olmuşdur. 1960-cı ildə burada birinci sinfə getmiş, 1970-ci ildə onuncu sinfi bitirmişdir. 1972-ci ildə hərbi xidmətə çağırılmışdır. 1974-cü ildə əsgəri xidmətini yerinə yetirib doğma kəndə qayıtmışdır. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1981-ci ildə təhsilini başa vuraraq Muradxanlı kənd orta məktəbində müəllimliyə başlamışdır. Erməni işğalçılarının törətdikləri cinayətləri gördükcə, rayon işğal edildikdən sonra Laçın camaatının fəryadını, ərşə çıxan səsini eşitdikcə qəlbi intiqam hissi ilə alovlanırdı. O, Qubadlı bölgə alayına yazılır, sərhəd kəndlərinin qorunmasında canını belə əsirgəmir.
1992-ci il... Yanvarın 5-i... O, Milli Ordu sıralarına qəbul olunaraq, leytenant rütbəsi ilə tabor komandirinin müavini təyin edilir. Laçın torpaqlarının azad olunması uğrunda gedən döyüşlərin təşkilatçılarından olan Aslan rayonun Səfiyan, Mazutlu, Türklər, Yuxarı və Aşağı Fərəcan, Suarası və başqa kəndlərində gedən qanlı döyüşlərdə igidlik nümunəsi göstərərək, düşmənin xeyli hərbi texnikasını və canlı qüvvəsini məhv etmişdi. 1992-ci il... Avqustun 7-si... Son döyüş... Əsgərlərimiz Laçın dəhlizi ərazisində və Susuzdağ yüksəkliyində gedən döyüşlərdə düşmənin mövqelərini atəşə tutaraq onları irəliləməyə qoymurdular. Bu döyüşdə son nəfəsinədək vuruşan Aslan  düşmənə əsir düşməmək üçün axırıncı gülləsini öz ürəyinə sıxır.
Evli idi. Üç övladı yadigar qalıb.
Azərbayan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Atakişiyev Aslan Qabil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Bakının Şəhidlər xiyabanında dəfn edilmişdir.

26 İyul


20 Sentyabr

DOĞUM TARİXİ: 20/09/1955



QULİYEV VAHİD HƏBİBULLA oğlu

20 sentyabr 1955-ci ildə Cəbrayıl rayonunun Qumlaq kəndində dünyaya göz açmışdır. Uşaqlıq illəri Niyazqullar kəndində keçmişdir. O, 1972-ci ildə Zəngilan rayonunda Hacallıkənd orta məktəbini bitirmişdir. Bir müddət Niyazqullar kəndində təsərrüfat işlərində çalışmışdır. 1974-cü ildə ordu sıralarına çağırılmışdır. O, hərbi xidmətini Özbəkistan Respublikasında və Rusiyanın Obninsk şəhərində keçmişdir. 1976-cı ildə hərbi xidmətini başa vurub, Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1981-ci ildə universiteti bitirərək, təyinatla Laçın rayonunun Fərəcan kəndinə göndərilmişdir. 3 il burada müəllimlik etdikdən sonra Bakıya qayıdır və “Azon” Cihazqayırma Zavodunda sahə rəisi vəzifəsinə işə qəbul edilir. 1992-ci ilə qədər bu zavodda çalışmış və öz işinin öhdəsindən layiqincə gəlmişdir. O, 1992-ci ilin avqust ayında Yasamal rayon Hərbi Komissarlığına gələrək, cəbhəyə göndərilməsini xahiş edir. Arzusunu nəzərə alıb, onu bir zabit kimi döyüş xəttinə yola salırlar. Vahid Quliyev sentyabrın 7-də Ağdam istiqamətindən döyüşə girir. O, bu döyüşdə düşmənin bir tankını vurur. Beləliklə, erməni yaraqlılarının hücumunun qarşısı alınır. Vahidin yoldaşları arasında hörməti getdikcə artırdı. Onu oktyabrın 14-də Qubadlıya göndərirlər. Burada da o, rəşadətlə vuruşur. Düşmənin bir neçə döyüş texnikasını və xeyli canlı qüvvəsini sıradan çıxarır. 28 fevral 1994-cü il... O, yenidən Ağdam döyüş bölgəsinə dönür. V.Quliyev xidmətə başlayan gündən atəşkəs elan olunana qədər düşmənin on zirehli texnikasını sıradan çıxarmışdı. Bunun səkkizi tank, ikisi isə PDM (piyada döyüş maşını) idi.
O, 1996-cı ildə BDU-nun hərbi kafedrasında müəllim, 2000-ci ilin avqust ayından 2002-ci ilin oktyabr ayına qədər Azərbaycan Ali Hərbi Məktəbində baş müəllim kimi fəaliyyətini davam etdirmişdir. 26 oktyabr 2002-ci ildə isə ordudan tərxis olunmuşdur.
Ailəlidir. İki övlad atasıdır.
Azərbaycan Respublikası prezidentinin 9 oktyabr 1994-cü il tarixli 218 saylı fərmanı ilə göstərdiyi şücaətlərə görə Vahid Həbibulla oğlu Quliyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Polkovnik-leytenant Vahid Quliyev hazırda Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində müəllim işləyir.


QUBADOV ARİF VƏLİŞ oğlu

DOĞUM TARİXİ: 20/09/1966
20 sentyabr 1966-cı ildə Cəlilabad rayonunun Əliqasımlı kəndində doğulmuşdur. 1983-cü ildə Əliqasımlı kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə Cəlilabad rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Xidmətini SSRİ-nin müxtəlif yerlərində keçmişdir.
A.Qubadov Azərbaycanda baş verən hadisələri nigarançılıqla    izləyirdi. Erməni quldurlarının Qərbi Azərbaycanda və Qarabağda soydaşlarımızın başına gətirdikləri müsibətlər onu çox narahat edirdi. O, Vətənə dönməyə, burada xidmət etməyə can atırdı.
1992-ci ildə arzusuna qovuşdu. O, Azərbaycana gələrək Milli Ordumuzda xidmət etməyə başladı. 1992-ci ilin iyun ayı... Qədim Naxçıvanın Sədərək bölgəsi... Burada qanlı döyüşlər gedirdi. Arif də silaha sarılmışdı. O, qəhrəmancasına vuruşurdu. Onun komandir olduğu tabor düşmənin xeyli canlı qüvvəsini və döyüş texnikasını məhv etdi. Sədərəklilər onun rəşadətindən necə də ürək dolusu danışırdılar. A.Qubadovun dəstəsi 1993-cü ilin iyun ayında Ağdam rayonuna göndərildi. Rayonun Əfətli, Yusifcanlı kəndlərinin düşmən tapdağından azad edilməsində ölüm-dirim mübarizəsinə girişən dəstə, düşmənə layiqli cavab verdi. Kəndlər tezliklə azad edildi.
O, 1993-cü ilin avqustunda öz taboru ilə Füzuli bölgəsinə yollandı. Əhmədbəyli, Aşağı və Yuxan Kürdmahmudlu, Alxanlı kəndləri məhz Arif Qubadovun rəhbərliyi altında düşməndən təmizləndi.
O, 1994-cü ildə Tərtər və Ağdərə döyüşlərində də fəal iştirak etdi. Burada da o, öz döyüşkənliyi və rəşadəti ilə fərqləndi.
Bu xidmətlərinə görə, Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Qubadov Arif Vəliş oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbini bitirmişdir. 2001-ci ildə isə o, Azərbaycan Respublikası Sərhəd Qoşunları Hərbi Akademiyasına daxil olmuş və 2003-cü ildə oranı müvəffəqiyyətlə bitirmişdir.
A.Qubadov polkovnik-leytenant rütbəsindədir. O, yenə Vətənin keşiyindədir.
Ailəlidir. İki oğul, iki qız atasıdır.