1 Ekim 2018 Pazartesi

QULİYEV MƏDƏT QƏZƏNFƏR oğlu



27 sentyabr 1958-ci ildə Gəncə şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. 1965-ci ildə buradakı 1 saylı orta məktəbə getmiş, 1975-ci ildə 8 saylı orta məktəbi bitirmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olmuşdur. 1980-ci ildə ali təhsilini başa vurmuş və elə həmin ildə Sovet Ordusu sıralarına çağırılmışdır. Hərbi xidmətini bir müddət Ermənistanda keçirmiş, sonra isə Gürcüstanda davam etdirmişdir. 1982-ci ildə ordudan tərxis olunaraq Gəncənin “Dinamo” Cəmiyyətində təlimatçı işləmiş, sonra Gəncə şəhər Daxili İşlər İdarəsinin komsomol təşkilatının katibi olmuşdur. Bir ildən sonra Respublika Daxili İşlər Nazirliyində fəaliyyətə başlamışdır. 1994-cü ildə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində regional şöbənin rəisi vəzifəsinə yüksəlmişdir. Yüksək təşkilatçılıq bacarığını nəzərə alaraq 1995-ci ildə onu həmin idarənin reketlə mübarizə şöbəsinin rəisi təyin etmişlər. M.Quliyevin rəhbərliyi altında keçirilən uğurlu əməliyyatlar nəticəsində respublikada fəaliyyət göstərən bir sıra reket qrupları və axtarışda olan qatı cinayətkar dəstələr zərərsizləşdirilmişdir. O, 1993-cü il dekabrın 10-da cinayətkar qrupun zərərsizləşdirilməsi zamanı ağır güllə yarası alsa da, mövqeyindən geri çəkilməyərək cinayətkarların məhv edilməsinə nail olmuşdur.
M.Quliyev 1994-cü il oktyabrın 4-də Gəncə hadisələri zamanı rəhbərlik etdiyi şöbənin əməkdaşları ilə birlikdə, dövlət çevrilişinə cəhd göstərən cinayətkar dəstənin ləğv edilməsində də fəal iştirak etmişdir. O, 1997-ci ildə Azərbaycan Respublikası DİN-nin Polis Akademiyasını bitirmişdir.
M.Quliyev 1996-cı ildə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi müavini, 2001-ci ildə isə həmin idarənin idarə rəisi vəzifəsində çalışmışdır.
2002-i ildə DİN-nin Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsində öz peşəsini davam etdirmişdir. Polis polkovniki rütbəsinəcən yüksələn M.Quliyev 2004-cü ildən İnterpolun Azərbaycan üzrə Milli Mərkəzi Bürosunun rəisi təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə öz xidməti borcunu şərəflə yerinə yetirir.
O, idmançı kimi də bir çox turnirlərin qalibi olmuşdur. 1979-cu ildə idmanın dzyudo növü üzrə SSRİ idman ustası normasını yerinə yetirmişdir. Karate üzrə isə üçüncü dan qara kəmər almışdır.
Azərbaycan Respublikası prezidentinin 26 dekabr 1995-ci il tarixli fərmanı ilə polis polkovniki Quliyev Mədət Qəzənfər oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Evlidir. İki övlad atasıdır
.

QULİYEV MİRZƏ MƏCİD oğlu


11 yanvar 1974-cü ildə Bərdə rayonunun Saatlı kəndində doğulmuşdur. 1980-ci ildə Saatlı kənd orta məktəbinin birinci sinfinə getmiş, 1991-ci ildə həmin məktəbin on birinci sinfini bitirmişdir. Elə həmin il Mingəçevir şəhərindəki 39 saylı texniki-peşə məktəbində təhsilini davam etdirmiş və qaynaqçı peşəsinə yiyələnmişdir. 1992-ci il avqustun 25-də Bərdə rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. O, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində PDM-də tuşlayıcı-atıcı kimi döyüşə başlamış, Batabat ərazisində gedən döyüşlərdə mərdliklə vuruşmuşdur. 1993-cü il iyulun 28-dən Ağdam bölgəsində döyüşmüşdür. Sonra Füzuli bölgəsinə göndərilmişdir. Mirzə Quliyev Füzuli, Tərtər və Ağdərə rayonları uğrunda gedən qanlı döyüşlərdə əsl fədakarlıq nümunəsi göstərmiş, PDM-lə düşmənin bir neçə tankını və xeyli canlı qüvvəsini məhv etmişdir.
Respublika prezidentinin 15 yanvar 1995-ci il tarixli fərmanı ilə, döyüşlərdə göstərdiyi şücaətə görə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir. Mirzə Quliyev dövlətçiliyimizin qorunmasında öz vətənpərvərlik borcunu layiqincə yerinə yetirmişdir.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Mirzə Məcid oğlu döyüşlərdə göstərdiyi rəşadətə görə daha yüksək ada - “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.
M.Quliyev 1995-ci ildə Polis Akademiyasının qiyabi şöbəsinə daxil olmuşdur. 1996-cı ilin oktyabr ayında çavuş rütbəsi ilə Milli Ordu sıralarından azad edilərək, daxili işlər orqanlarına işə göndərilmişdir. 1997-ci ildə Bakı şəhər Baş Polis İdarəsinin Çevik Polis Alayında polis nəfəri kimi fəaliyyətini davam etdirmişdir. 2003-cü il mart ayının 5-də Daxili İşlər Nazirliyinin əmri ilə ona leytenant rütbəsi verilmiş və Nəsimi rayon 20-ci polis bölməsində əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdir. İndi də bu vəzifədə çalışır.
Ailəlidir. Bir övladı var.

MƏMMƏDOV SAHİL ƏLƏMDAR oğlu



1964-cü il fevralın 25-də Qərbi Azərbaycanın Uluxanlı  (Masis) rayonunun Yuxarı Necili  (Nizami) kəndində anadan olmuşdur. 6 yaşında ikən əmisi ilə Bakı şəhərinə gəlmişdir. 1971-ci ildə  Bakıxanov qəsəbəsindəki 96 saylı orta məktəbin birinci sinfinə getmiş, 1981-ci ildə onuncu sinfi bitirmişdir. 1982-ci ildə ordu sıralarına çağırılmışdır. 1983-cü ildə Moskva vilayətinin Krasnoqorsk şəhərində hərbi xidmətini başa vuraraq, SSRİ DİN-nin Sankt-Peterburq şəhərindəki Ali Siyasi Məktəbinə daxil olmuşdur. 1987-ci ildə təyinatla Ukrayna Respublikasının Çerniqov, sonra isə Kiyev şəhərinə göndərilir. Burada o, Daxili Qoşun Hərbi Birləşmələrinin tərkibində rota komandirinin siyasi işlər üzrə müavini vəzifəsində çalışmağa başlayır. O, Azərbaycanda baş verən hadisələrlə bağlı çox səthi, əksər hallarda yanlış məlumatlar alırdı. 1988-ci ildə azərbaycanlıların Ermənistandan kütləvi şəkildə qovulması xəbəri onu bərk həyəcanlandırır. Təbii  ki, valideynlərinin taleyini düşünür, bərk nigarançılıq  keçirir.  Mart ayında məzuniyyət götürüb, doğma yurdu Nizami kəndinə gedir. Valideynlərini təcili Bakıya yola salıb, Kiyevə qayıdır. Azərbaycana göndərilməsi haqqında rəhbərliyə bir neçə dəfə müraciət edir. Lakin müraciəti cavabsız qalır. 1991-ci ilin oktyabrında Sovet Ordusu sıralarından tərxis olunmağı barədə raport yazır. 1992-ci il yanvarın 2-də Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlar İdarəsinin hərbi polis alayında rota komandirinin müavini kimi xidmətə başlayır. Elə ilk günlərdən hərbi işdəki təcrübəsini nəzərə alaraq cəbhə bölgəsinə göndərilməsini istəyir. Çox keçmir ki, Sahil Məmmədovu  Zəngilan rayonunun Qazançı, Ağkənd, Dərəli kəndlərinə zastava rəisi təyin edirlər. Düşmən Qazançını zəbt etmək üçün hücümlara ara vermirdi. Milli Ordumuzun əsgərləri bu hücumların qarşısını məharətlə alırdı.
Ermənilər növbəti dəfə bütün gücünü toplayaraq hücuma keçdi. Bu dəfə də güclü müqavimətlə qarşılaşdı və çoxlu itki verərək geri çəkildi. Qazançı  kəndi  ara  vermədən raket və top atəşinə tutulurdu. Mərmilərdən biri cəsur komandirin yanında partladı. O, sağ qolundan və sağ ayağından ağır yaralandı. Onu döyüş meydanından çıxarıb Bakıya - Mərkəzi xəstəxanaya göndərirlər. Həkimlərin ciddi-cəhdi nəticəsində o, elə bil, dünyaya yenidən gəldi.
1994-cü ildən polkovnik-leytenant Sahil Məmmədov DİN-nin Pasport,Viza və Qeydiyyat idarəsində baş inspektor vəzifəsində çalışır.
Ailəlidir. Bir övladı var.
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Sahil Ələmdar oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

6 iyun



MƏMMƏDOV MÖVSÜM ŞAHİN oğlu

1967-ci il iyunun 6-da Xocalı rayonunun Kosalar kəndində dünyaya göz açmışdır. Canhəsən kənd ibtidai məktəbini bitirdikdən sonra, orta təhsilini 1984-cü ildə doğma kəndində başa vurmuşdur. 1985-ci ildə ordu sıralarına çağırılmışdır. 1987-ci ildə ordudan tərxis olunaraq, Vətənə dönmüşdür. O, 1988-ci ildə Şuşa Elektrik Şəbəkəsi Birliyində ilk əmək fəaliyyətinə başlayır. 1990-cı ildə isə həyatını daxili işlər orqanlarına bağlayır. O vaxtlar Azərbaycanda vəziyyət getdikcə ağırlaşırdı. Ermənilərin torpaq iddiası, yaraqlıların arası kəsilməyən hücumları ölkədə sabitliyi pozmuşdu. Belə bir vaxtda Dağlıq Qarabağda və ətraf rayonlarda yerli polis işçilərinə böyük ehtiyac duyulurdu. Elə bu səbəbdən sərhədyanı bölgələrdə yeni-yeni polis bölmələri yaradılmağa başladı. Belə bölmələrdən biri də Xocalı rayonunun Meşəli kəndində yaradıldı.  Mövsüm  Məmmədov Vətənin dar günündə öz fəaliyyətini daxili işlər orqanlarında davam etdirməyi özünə borc bildi. O, 1992-93-cü illərdə erməni işğalçılarına qarşı aparılan hərbi əməliyyatlarda mərdliklə vuruşmuş və Xocalı soyqırımı zamanı dinc əhalinin xilas edilməsində böyük şücaət göstərmişdir. O, 1994-cü ildə Şuşa Rayon Polis Şöbəsinin Post-Patrul Xidməti bölüyünə komandir təyin edilmişdir.
M.Məmmodov hansı vəzifədə işləməsindən asılı olmayaraq, həmişə öz işinin öhdəsindən layiqincə gəlmişdir. Elə buna görə də 1995-ci ildə onu PPX-nin komandiri vəzifəsinə irəli çəkirlər.
M.Məmmədov 1998-ci ildə DİN-nin Polis Akademiyasını bitirmişdir. O, indi Şuşa Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsində çalışır. Polis mayorudur.
 Ailəlidir. İki övladı var.
Azərbaycan Respublikası prezidentinin 25 fevral 1997-ci il tarixli 553 saylı fərmanı ilə Məmmədov Mövsüm Şahin oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

QULİYEV ZABİT ADİL oğlu

DOĞUM TARİXİ: 06/06/1975
6 iyun 1975-ci ildə Kürdəmir rayonunun Ərəbxana kəndində dünyaya göz açmışdır. 1992-ci ildə Ərəbxana kənd orta məktəbini bitirib. Bir müddət doğma kəndlərində təsərrüfat işləri ilə məşğul olmuş, mexanizator kimi əkin-biçində yaxından iştirak etmişdir. Zəhmətkeş bir ailədə böyüdüyünə görə, onun üçün çətin iş yox idi.
Zabit 1993-cü ilin sentyabrında Kürdəmir rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılmış və birbaşa döyüş bölgəsinə göndərilmişdir. O, özünü cəsur bir əsgər və bacarıqlı döyüşçü kimi göstərirdi.
Z.Quliyev Füzuli, Ağdam, Ağdərə və Tərtər bölgələrində gedən döyüşlərdə rəşadətlə vuruşmuşdur. O, ölüm-dirim məqamlarında belə öz sayıqlığını, mətinliyini və soyuqqanlılığını itirməmiş, sərrast atəşlə düşmənin ağır döyüş texnikasını sıradan çıxararaq, neçə-neçə hücumun qarşısının alınmasında yüksək döyüş məharəti göstərmişdir.Təkcə Seysulan kəndində gedən ağır döyüşlər zamanı o, düşmənin 4 tankını vurmuşdur.
Qəddar və məkrli ermənilər tərəfindən cəlb edildiyimiz müharibənin bütün ağrı-acılarını o da qeyrətli Vətən övladları ilə birgə yaşamışdır. Qismətinə düşən bu sarsıntılı, məşəqqətli günlərdən, ağır sınaqlardan üzüağ, alnıaçıq çıxmış, özünü mahir atıcı kimi tanıtmışdır. Onun həyat yolu gənclərimiz üçün bir örnəkdir, qəhrəmanlıq məktəbidir.
Ailəlidir. Bir övlad atasıdır.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Zabit Adil oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.


MƏDƏTOV FARİZ ƏLÖVSƏT oğlu


DOĞUM TARİXİ: 18/04/1972
18 aprel 1972-ci ildə Yevlax rayonunun Varvara kəndində doğulmuşdur. 1979-1989-cu illərdə kənd orta məktəbində təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra Mingəçevir şəhərində sürücülük peşəsinə yiyələnmişdir. 1990-cı ildə hərbi xidmətə çağırılmış, iki il Almaniyanın Ordruf şəhərində xidmət etmişdir. 1992-ci ilin may ayında o, hərbi xidmətini başa vurur. Elə həmin il torpaqlarımızı erməni işğalından azad etmək məqsədi ilə Milli Orduya səfərbər olunur.
O, 776 saylı Xüsusi Təyinatlı hərbi hissənin tərkibində Qubadlı rayonunun Başarat kəndi uğrunda ilk döyüşlərə atılır. Kəşfiyyatçı kimi ad çıxarır. Sonra Füzuli rayonu ərazisində gedən döyüşlər... O zaman Yağləvənd, Tuğ, Horadiz kəndlərində belə döyüşçülərə böyük ehtiyac var idi. Bu kəndlər Fariz kimi  döyüşçülərin sayəsində mərdliklə müdafiə olunurdu. Bir müddətdən sonra onun xidmət etdiyi hərbi hissə Kəlbəcər, Goranboy ərazilərinə göndərilir. Bu döyüşlərdə də Fariz öz cəsarəti və qorxmazlığı ilə fərqlənirdi. O, 1994-cü ildə Tərtər rayonunun Tonaşen kəndi uğrunda gedən ağır döyüşdə yaralanır. Bir müddət  Mingəçevir hospitalında müalicə olunduqdan sonra, yenidən döyüş paltarı geyinir. 1996-cı ildə ordudan tərxis olunaraq Yevlax rayon Polis şöbəsində əmək fəaliyyətinə başlayır.
Fariz 1998-ci ildə Polis Akademiyasına daxil olmuş, 2003-cü ildə orada təhsilini başa vurmuşdur.
Hal-hazırda Yevlax rayon Polis şöbəsində Post Patrul Xidmətinin taqım komandiri vəzifəsində çalışır.
Evlidir.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Mədətov Fariz Əlövsət oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

HƏSƏNOV MƏHƏMMƏD ƏLƏSGƏR oğlu


DOĞUM TARİXİ: 09/08/1959
9 avqust 1959-cu ildə Goranboy rayonunun Qarasüleymanlı kəndində anadan olmuşdur. 1966-cı ildə rayonun 3 saylı orta məktəbinə getmiş, 1976-cı ildə təhsilini başa vurmuşdur. 1977-ci ildə hərbi xidmətə çağırılmışdır. 1979-cu ildə Murmanskda hərbi xidmətini başa çatdırdıqdan sonra Kiyev şəhərinə gəlir. 1980-ci  ildə Kiyev Radioelektronika Texnikumuna daxil olur. 1984-cü ildə texnikumu bitirir və buradakı “Kommunist” zavodunda əmək fəaliyyətinə başlayır. 1987-ci ildə Vətənə qayıdır və vaxtilə oxuduğu 3 saylı orta məktəbə ibtidai hərbi hazırlıq müəllimi təyin edilir.
 O, daim öz üzərində çalışır, təhsilini davam etdirmək barədə düşünürdü. Elə bu məqsədlə 1989-cu ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna daxil oldu.
Soydaşlarımızın doğma ata-baba yurdundan didərgin düşməsi, obalarımızın erməni işğalçıları tərəfindən talan edilib, yandırılması Məhəmmədin qəlbini düşmənə qarşı qəzəb hissi ilə alovlandırırdı. 1988-ci ildən başlayaraq Goranboy rayonu tez-tez erməni təcavüzünə məruz qalırdı. 1991-ci il... O, bölük komandiri təyin edilir. Bir qədər sonra 1 saylı ərazi özünümüdafiə batalyonunun komandiri olur. Döyüş yolu Mənəşli, Erkəc, Rus Borisi, Erməni Borisi, Qaraçinar, Talış kəndlərindən keçir. Getdikcə mətinləşən batalyon, bir-birinin ardınca uğurlar qazanır. 14 iyun 1992-ci il... Keçmiş Şaumyan rayonu ərazisinin erməni faşistlərindən təmizləməsində bu batalyon böyük rəşadət göstərir. Ağdərə bölgəsinin geri alınmasında da bu batalyonun xidmətləri qürur doğurur.
Döyüşlərdə böyük şücaət göstərən cəsur komandir, 8 sentyabr 1992-ci ildə batalyon ləğv edildikdən sonra, öz fəaliyyətini 019 saylı hərbi hissədə davam etdirmişdir. 1993-cü ildə Bakı Ali Komandirlər Məktəbini bitirmiş, 1994-2000-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında baş müəllim vəzifəsində işləmişdir. O, polkovnik-leytenant rütbəsinəcən yüksəlmişdir.
2002-ci ildən Goranboy rayonunun Veysli kənd orta məktəbinin direktoru vəzifəsində çalışır.
 Ailəlidir. İki qız, iki oğul atasıdır.
Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Həsənov Məhəmməd Ələsgər oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

12 Avqust

CƏBRAYILOV FƏXRƏDDİN MÖVSÜM oğlu

DOĞUM TARİXİ: 12/08/1958
1958-ci il avqustun 12-də Qərbi Azərbaycanın Gorus şəhərində anadan olmuşdur. Uşaqlıq illəri Culfa şəhərində keçmişdir. Atasının Almaniyada yerləşən Sovet Qoşunları Qrupunda xidmət etməsi ilə əlaqədar, ibtidai təhsilini orada almışdır. Sonra Bakıya gələrək orta təhsilini burada başa vurmuşdur. 1975-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər məktəbinə daxil olur və 1979-cu ildə təhsilini müvəffəqiyyətlə başa vurur. Gənc komandir təyinatla Almaniyada yerləşən Sovet Qoşunları Qrupuna göndərilir. O, bir il 52262 saylı hərbi hissənin motoatıcı taqımında, dörd il isə 60366 saylı hərbi hissənin əlahiddə qumbaraatan taqımında komandir vəzifəsində çalışır. 1984-cü ildən öz fəaliyyətini Zaqafqaziya Hərbi Dairəsində davam etdirir.
İllər ötür. F.Cəbrayılov doğma respublikaya dönür. O, Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlığında bölmə rəisinin köməkçisi vəzifəsinə təyin edilir. Öz xidməti vəzifəsini uğurla davam etdirməklə o, hərbi biliklərə yiyələnməyi də unutmurdu, oxumaq, öyrənmək arzusu ilə yaşayırdı. Bu məqsədlə o, 1986-cı ildə Saratov şəhərində SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahı nəzdində yerləşən Ali Zabitlər Kursunu bitirdi. Onu Respublika Hərbi Komissarlığında 4-cü şöbənin rəis müavini vəzifəsinə təyin etdilər. 1992-ci ildə Müdafiə Nazirliyinin Beynəlxalq Əlaqələr İdarəsində müqavilələrin nizamlanması şöbəsinin rəisi vəzifəsinə irəli çəkildi.
1992-ci il... Oktyabr ayı... Cəbhə bölgəsində vəziyyət gərginləşirdi. O, 656 saylı hərbi hissədə əlahiddə motoatıcı taborunun komandiri təyin olundu. Bir il sonra isə Naxçıvanda yerləşən motoatıcı alayın komandirliyi ona tapşırıldı.
1993-cü il... Beyləqan istiqamətində qanlı döyüşlər gedirdi. 704 saylı motoatıcı briqadasında qərargah rəisi idi. Beyləqan rayonu və onun mərkəzi tam təhlükə altında idi. Şəhərdə xeyli dağıntı və itki var idi. F.Cəbrayılovun təklifləri əsasında hazırlanmış əməliyyatlar öz bəhrəsini verdi. Erməni quldurları xeyli hərbi texnika və canlı qüvvə itirərək, geri çəkilməyə məcbur oldular.
1994-cü ilin fevral ayından isə o, Füzuli və Kəlbəcər istiqamətlərində döyüşən, Gəncə şəhərini qoruyan 172 saylı motoatıcı briqadasına komandir təyin olundu. Onun müxtəlif vaxtlarda komandiri olduğu tabor, motoatıcı alay və briqada düşmənə qarşı döyüşlərdə mərdlik və şücaət göstərmişdir.
O, 1996-cı ilin iyul ayından Bakının Qaradağ rayon Hərbi Komissarı vəzifəsində çalışır.
Azərbaycan Respublikası prezidentinin fərmanı ilə F.Cəbrayılov 1994-cü ilin oktyabr ayında “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə polkovnik Cəbrayılov Fəxrəddin Mövsüm oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Ailəlidir, iki övladı var.

QULİYEV EMİN ƏLƏKBƏR oğlu

DOĞUM TARİXİ: 12/08/1976
VƏFAT TARİXİ: 13/03/1995
12 avqust 1976-cı ildə Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində doğulmuşdur. 1983-cü ildə 228 saylı orta məktəbə getmiş, 1993-cü ildə 273 saylı məktəbin onuncu sinfini bitirmişdir. 25 avqust 1994-cü ildə Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılmışdır. O, Yalamada hərbi təlim keçdikdən sonra 776 saylı hərbi hissəyə göndərilir. O, idmanın bir neçə növü ilə məşğul olurdu. Bu da ona bütün döyüş tapşırıqlarını bacarıqla yerinə yetirməyə imkan verirdi.
E.Quliyevin xidmət etdiyi batalyonun əsgərləri 1995-ci ilin fevral ayının əvvəllərində Şubanıya ezam olundu. O, burada da özünün əsgəri keyfiyyətləri ilə fərqlənirdi. Təbii ki, onun kimi əsgərlərin cəsurluğu, qorxmazlığı komandir heyətinin nəzərindən yayınmırdı. Artıq bu ərəfədə ölkədə siyasi sabitlik pozulmuşdu. Bir dəstə hakimiyyət hərisi dövlət çevrilişinə can atırdı. Bunun qarşısı vaxtında alınmasaydı, ölkə ağır fəlakətlərlə üzləşə bilərdi. 13 mart 1995-ci ildə çağırışlara tabe olmayan bu dəstə öz çirkin əməllərini həyata keçirmək üçün silahlı əməliyyata başladı. Eminin xidmət etdiyi alayın əsgərləri bu qarşıdurmanı yatırmaq üçün hadisə yerinə göndərildilər. Milli Ordunun əsgərləri hadisə yerinə çatanda silahlı toqquşma artıq başlamışdı. Emin cinayətkarlara qarşı aparılan əməliyyatda fəal iştirak edir, yaralıların döyüş meydanından çıxarılmasında əsl qəhrəmanlıq nümunəsi göstərirdi. Lakin güllələrdən biri ondan yan keçmədi. O, gözlərini əbədi yumdu.
 Subay idi.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Emin Ələkbər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Məzarı doğulduğu Sahil qəsəbəsindəki Şəhidlər xiyabanındadır.
Bakının Qaradağ rayonunun Sahil qəsəbəsindəki 14 saylı xüsusi internat məktəbi, Qaradağ rayonunda bir küçə və park onun adını daşıyır.