1 Ekim 2018 Pazartesi

AXUNDOV SƏFA FƏTULLA oğlu


 19 iyun 1958-ci ildə Masallı rayonunda anadan olmuşdur. 1965-ci ildə Saatlı rayonunda orta məktəbə getmişdir. Bir ildən sonra ailəsi Cəlilabad rayonuna köçdüyündən, orta təhsilini buradakı 2 saylı orta məktəbdə davam etdirmişdir. Orta təhsilini 1975-ci ildə Qubadlı rayonunda başa vurmuşdur. Səfa hələ orta məktəbdə oxuyarkən təyyarəçi olmaq arzusu ilə yaşayırdı. Bu arzu onu Bakı Aeroportuna gətirib çıxardı. Bir il burada çalışdıqdan sonra Orenburq Mülki Aviasiya Məktəbinə daxil oldu. 1979-cu ildə həmin məktəbi bitirib Vətənə qayıtdı. Onu Yevlax Aeroportunda AN-2 təyyarəsinin pilotu təyin etdilər. Lakin Səfa öz təhsilini bununla yekunlaşdırmadı. Sonra Kiyev Ali Mülki Təyyarəçilər İnstitutunun qiyabi şöbəsi... O, 1987-ci ildə Riqaya köçmüş, gəmi tərsanəsində mühəndis işləməklə bərabər texnikumda müəllimlik də etmişdir. Qarabağ hadisələri başlananda bütün qeyrətli Azərbaycan oğulları kimi onun da dincliyi pozulur.
O, gecə-gündüz Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü barədə düşünürdü. Səfa Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün Latviyada ilk dəfə olaraq azərbaycanlılan öz ətrafında birləşdirən “Azəri” cəmiyyəti yaradır. Cəmiyyətin fəaliyyət dairəsi getdikcə genişlənirdi.
Səfa Latviyanı qarış-qarış gəzib, buradakı həmvətənlərini həmin cəmiyyətdə birləşməyə səsləyirdi. Cəmiyyətin genişlənməsi nəticəsində azərbaycanlılar Latviya Seymində 3 deputat yeri qazandılar. Bir müddətdən sonra Latviyada bütün müsəlmanları birləşdirən “Müsəlman” Liqasını yaratmağa nail olurlar. Liqa bütün müsəlmanların həyatında böyük rol oynayır, Riqada olan qədim məscidləri təmir edir, kasıblara yaxından köməklik göstərirdi.
Sovet imperiyasının ikiüzlü siyasəti Azərbaycanın vəziyyətini günbəgün çətinləşdirirdi. Erməni quldurları bu siyasətdən istifadə edərək Azərbaycanın yaşayış məntəqələrinə tez-tez basqın edirdilər.
Ermənilərin azğın hərəkətləri Səfanı Vətənə dönməyə sövq etdi. O, 1989-cu ildə Bakıya qayıdaraq Zabrat “Azal-aero” Aviaşirkətinə məxsus Mİ-8 vertolyotuna 2-ci pilot təyin olundu.
Səfa Bakı-Ağdam marşrutu ilə uçurdu. Onun ürəyi düşmənə nifrət, doğma xalqına məhəbbət və sədaqət hissi ilə döyünürdü. O, 1992-ci il yanvarın 28-də Şuşaya iki uğurlu uçuş etdi. O, yenidən səmaya qalxdı. Artıq Şuşaya yaxınlaşırdı. Elə bu zaman Xankəndi istiqamətindən atılan raket vertolyotu parçaladı. Vertolyotu idarə edən üç heyət üzvü və 47 nəfər sərnişin faciəli surətdə həlak oldu.
Evli idi. İki oğlu həyatda yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Axundov Səfa Fətulla oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakının Şəhidlər xiyabanında dəfn edilib. Cəlilabad şəhərinin mərkəzində büstü qoyulmuş, rayon mədəniyyət evinə və şəhərin küçələrindən birinə onun adı verilmişdir
.DOĞUM TARİXİ: 19/06/1958

VƏFAT TARİXİ: 28/01/1992

BABAYEV ÇİNGİZ ADİL oğlu


2 oktyabr 1964-cü ildə Bakı şəhərində dünyaya göz açmışdır. Əslən Naxçıvandan olan Çingiz Yasamal rayonundakı 20 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. O, 1986-cı ildə ali təhsilini başa vurub, təyinatla Azərelektroterm zavodunda əmək fəaliyyətinə başlamışdır. İşləməklə yanaşı Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun nəzdində ingilis dili üzrə ikiillik kursu bitirir. 1992-ci ildə Çingiz Yasamal rayon Əhalinin Əmək və Məşğulluq Mərkəzində aparıcı mütəxəssis vəzifəsinə işə qəbul olunur. O, həmin ilin avqust ayında Vətənin çağırışına səs verib, könüllü olaraq Milli Ordu sıralarına daxil olur. Bir müddət hərbi hissələrin birində qərargah rəisi vəzifəsində çalışır, 1994-cü ildə Azərbaycan Müdafiə Nazirliyinin sərəncamı ilə C.Naxçıvanski adına hərbi litseyə keçirilir. Burada əvvəlcə taqım komandiri kimi çalışır. Sonra təcrübəsini nəzərə alıb, onu bölük komandirinin siyasi və tərbiyəvi işlər üzrə müavini vəzifəsinə irəli çəkirlər. O, təlim-tədris sahəsində qazandığı yüksək nəticəyə görə komandanlıq tərəfindən “Şah İsmayıl Xətai” Fəxri Fərmanı ilə təltif edilmişdir. 28 oktyabr 1995-ci il... Payız axşamı... Həmişə olduğu kimi Bakı metrosu öz iş rejimi ilə işləyirdi. Metro qatarları sərnişinləri fasiləsiz olaraq mənzil başına çatdırırdı. Birdən “Ulduz” və “N.Nərimanov” stansiyaları arasında hərəkət edən qatar alova büründü. Sərnişinlər özlərini ora-bura vurur, bu bəladan xilas olmağa çalışırdılar. C.Naxçıvanski adına hərbi litseyin zabiti, baş leytenant Ç.Babayev də sərnişinlər arasında idi. O, ilk andan fəryad qoparan insanları xilas etmək üçün təcili tədbir görməyi qərara alır. Çingiz qatarda onunla yol gedən kursantları da səfərbər edib, odun-alovun içinə atılır. Cəsur zabitin göstərdiyi misilsiz təşkilatçılıq və fədakarlıq nəticəsində onlarla insan ölümdən xilas oldu. Ancaq özü amansız ölümün pəncəsindən qurtara bilmədi, başqalarının həyatı uğrunda öz həyatını qurban verdi.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 3 noyabr 1996-cı il tarixli 506 saylı fərmanı ilə Babayev Çingiz Adil oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Bakının Yasamal rayon qəbristanlığında dəfn edilmişdir.
Onun şərəfinə Bakı metrosunun “Ulduz” stansiyasında abidə kompleksi ucaldılmış, C.Naxçıvanski adına hərbi litseydə isə büstü qoyulmuşdur. Oxuduğu orta məktəbə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
DOĞUM TARİXİ: 02/10/1964
VƏFAT TARİXİ: 28/10/1995

ALLAHVERDİYEV ELBRUS HACI oğlu

 27 oktyabr 1958-ci ildə Gəncə şəhərində fəhlə ailəsində dünyaya göz açmışdır. 18 saylı şəhər orta məktəbini bitirdikdən sonra 1976-78-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Bu müddətdə Orenburq Praporşiklər Məktəbini, 1990-cı ildə isə Orconikidze Kənd Təsərrüfatı institutunu bitirmişdir. Ali məktəbi bitirdikdən sonra Elbrus xeyli vaxt Vladiqafqazda yaşamışdır. Erməni işğalçılarının Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərə dözməyərək Elbrus Vətənə üz tutur və 17 may 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanır.
Leytenant Elbrus Allahverdiyev Azərbaycan Silahlı Qüvvələri artilleriyasının ilk təşkilatçılarından olur.
O, Ağdam cəbhəsində ilk artilleriya batareyasını təşkil edərək, döyüş əməliyyatlarında fəal iştirak edir. Batareya döyüşlərdən uğurla çıxır. 1992-ci ilin iyun ayında batareyanın əsasında ilk divizion yaradılır və Elbrus Allahverdiyev ona komandir təyin edilir. Divizion əməliyyatlarda qarşısına qoyulan döyüş tapşırıqlarını layiqincə yerinə yetirir, piyadaların və döyüş maşınlarının hərəkətinə yol açırdı. Briqadanın keçirdiyi mühüm əməliyyatlarda artilleriya divizionu sərrast atəşlə düşmənin bir çox strateji əhəmiyyətli mövqelərini darmadağın edirdi. E.Allahverdiyevin artilleriya divizionu təkcə sentyabr ayında düşmənin Avdur kəndi ətrafında bir topunu və bir iri çaplı pulemyotunu, Ağdərə bölgəsində isə bir reaktiv artilleriya qurğusunu sıradan çıxardı. Oktyabr ayında düşmənin daha bir texnikası məhv edildi.
1993-cü il iyun ayının 12-də erməni işğalçıları Ağdam üzərinə güclü hücuma keçdilər. Döyüşə ilk olaraq artilleriya divizionu girdi. Ermənilər sarsıdıcı artilleriya cavabından sonra geri çəkilməyə məcbur oldular. İyun ayının 14-də düşmən yenidən Ağdam üzərinə yeridi. Ermənilər Şelli kəndi istiqamətində irəliləmək istəyirdilər. Elbrus Allahverdiyevin divizionu düşmən üzərinə od yağdırırdı. Ermənilər itki verərək geri çəkilməyə məcbur oldu. İyun ayının 16-da, ermənilərin növbəti hücumu zamanı leytenant Elbrus Allahverdiyev divizion qərargahından bir neçə döyüşçü götürüb piyadaların köməyinə getdi. O, bu döyüşdə mərmi partlayışından ağır yaralandı. Komandiri hospitala çatdırdılar. Lakin onu xilas etmək mümkün olmadı.
Evli idi. Üç övladı yadigar qalıb.
Azərbaycan Respublikası prezidenlinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Allahverdiyev Elbrus Hacı oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.
Gəncə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb. Gəncə küçələrindən biri onun adını daşıyır.
DOĞUM TARİXİ: 27/10/1958
VƏFAT TARİXİ: 16/06/1993

ALICANOV RAFİQ CƏFƏR oğlu


 11 iyul 1965-ci ildo Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açmışdır. Ailələri Ağstafa rayonunun Köçvəlli kəndinə köçdüyündən, Rafiq səkkizinci sinfə kimi bu kənddə təhsil alır.
O, Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olur. 1988-ci ildə təhsilini başa çatdıran Rafiq, təyinatla Ukraynanın Dneprodzerjinsk şəhərinə göndərilir və öz ixtisası üzrə xidmətə başlayır.
1988-ci il... O, tez-tez Azərbaycandan həyəcanlı xəbərlər alır. Soydaşlarımızın doğma yurd-yuvalarından didərgin düşməsinə, ev-eşiklərinin talan edilib yandırılmasına dözə bilməyərək, 1992-ci ildə Vətənə qayıdır. Gənc zabitin hərbi təcrübəsini nəzərə alıb, onu Tovuz rayonunda yerləşən hərbi birləşmələrdən birində mühəndis xidməti rəisi vəzifəsinə təyin edirlər. Bir müddətdən sonra işini başqa yerə - Gəncə şəhərindəki 200 saylı hərbi hissəyə dəyişirlər. Onun şərəfli döyüş yolu Qazax , Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarından və Naxçıvandan keçir. Kapitan rütbəsinə yüksələn Rafiq Alıcanov Füzuli bölgəsində gedən ağır döyüşlərdə rəşadət göstərir. O, bir neçə kəndin azad olunmasında xüsusilə fərqlənir. Cəsur komandir 5 noyabr 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində qəhrəmancasına həlak olur.
Ailəli idi. Bir qızı, bir oğlu yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə kapitan Alıcanov Rafiq Cəfər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Köçvəlli kəndində dəfn edilmişdir.
Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində adına küçə var. Təhsil aldığı Köçvəlli kənd orta məktəbi onun adını daşıyır. Həmin məktəbdə və Ağstafa şəhərində büstü qoyulmuşdur.
DOĞUM TARİXİ: 11/07/1965
VƏFAT TARİXİ: 05/11/1993

ABDULLAYEV NAMİQ VAHİD oğlu

10 may 1974-cü ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuşdur. 1991-ci ildə Avşar kənd orta məktəbini bitirən Namiq, valideynlərinə orduya getmək istəyini bildirir. Lakin istəyi yerinə yetmir. O, torpaqlarımızın işğal edilməsinə dözə bilmir, Qarabağda gedən döyüşləri diqqətlə izləyir, əsgəri vaxtının çatmasını ürək çırpıntısı ilə gözləyirdi. Nəhayət ki, N.Abdullayev 1992-ci ilin dekabrında cəbhəyə gedir və atasının döyüşdüyü taborun tərkibində silaha sarılır. O, ilk günlərdən özünün nəyə qadir olduğunu yağılara göstərir, Qarabağın bir neçə kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşur.
1993-cü il fevralın 9-da erməni yaraqlıları Xocavənd rayonu ərazisində mövqe tutmuş döyüşçülərimizin üzərinə böyük qüvvə ilə hücuma keçirlər. Düşmənin güclü hərbi texnikası qarşısında, təbii ki, kiçik bir dəstə tab gətirə bilməzdi. Lakin döyüşçülərimiz ölümün gözünə dik baxaraq, hücumu dəf etməyə çalışırdılar. Sıravi döyüşçü N.Abdullayev düşmənə bir daha öz gücünü göstərdi. Onlarla erməni quldurunu məhv edən Namiq son anda əlindəki qumbaranı sinəsinə sıxıb, özünü tankın altına atdı. Zirehli hərb maşınının bütün heyəti məhv edildi. Vətənin bu cəsur oğlu əbədiyyətə qovuşdu.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Abdullayev Namiq Vahid oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Avşar kəndində dəfn edilib. Avşar kənd orta məktəbi onun adını daşıyır

DOĞUM TARİXİ: 10/05/1974
                                                                           VƏFAT TARİXİ: 09/02/1993

TAĞIYEV ŞAHİN TALIB oğlu

3 fevral 1949-cu ildə Tərtər rayonunda doğulmuşdur. 1956-cı ildə Bakı şəhərinin Bülbülə qəsəbəsindəki 208 saylı orta məktəbin birinci sinfinə getmiş və beşinci sinfə kimi burada oxumuşdur. Sonra o, təhsilini 12 saylı internat məktəbində davam etdirmişdir. Səkkizinci sinfi bitirdikdən sonra Bakı Energetika Texnikumuna qəbul olmuşdur. 1969-cu ildə texnikumu bitirir və təyinatla Udmurt vilayətinə göndərilir. Gənc mütəxəssis kimi o, Udmurt vilayətinin İjevsk şəhərindəki neft mədənlərinin birində əmək fəaliyyətinə başlayır. Elə oradan da ordu sıralarına çağırılır. O, Hərbi xidmətini Novosibirskdə keçmiş və burada zabitlik kursunu bitirmişdir. Raket-artilleriya qoşun hissələrində xidməti ona böyük təcrübə qazandırmışdır. Ordu sıralarından tərxis olunduqdan sonra Bakı Mayesiz Transformatorlar Zavodunda işləmişdir. Ş.Tağıyev sonra tikintidə mühəndis işləyir və daha sonra isə “Elgün” assosiasiyasında çalışmağa başlayır.
Respublikamızın ərazilərinə erməni müdaxiləsi başlayanda Şahin silah götürüb Vətənin müdafiəsinə qalxır. O, yenicə yaradılmış “Qurtuluş” batalyonunun tərkibində Tərtər, Seysulan, Yarımca, Levonarx döyüş bölgələrində mərdliklə vuruşmuşdu. 1992-ci ilin mart ayında yüksək etimad göstərərək onu “Qurtuluş” batalyonuna komandir təyin edirlər. Batalyon tərkibində 350 əsgər və zabiti birləşdirirdi. Vətənin şərəfini, millətin namusunu hər şeydən uca tutan polkovnik-leytenant Şahin Tağıyevin ən böyük amalı qüdrətli ordunun yaradılması və düşmən tapdağında qalan torpaqlarımızın azad edilməsidir.
Hazırda Qarabağ Azadlıq Təşkilatının sədr müavini kimi fəaliyyət göstərir.
Ailəlidir. İki övlad atasıdır.
Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Tağıyev Şahin Talıb oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

QƏHRƏMANOV FARİZ ÇOBAN oğlu

29 mart 1974-cü ildə Bərdə rayonunun Xəsili kəndində dünyaya göz açmışdır. Burada məktəbə getmiş, 1991-ci ildə orta təhsilini başa vurmuşdur. Həmin il ali məktəbə sənəd vermişdir. Lakin müsabiqədən keçməmişdir.
O, təhsilini Bərdə rayonundakı 47 saylı texniki-peşə məktəbində davam etdirmişdir. 1992-ci ilin iyun ayında Milli Orduya çağırılmış, 776 saylı hərbi hissədə xidmətə başlamışdır. O, hərbi hissənin tərkibində Ağdam, Ağdərə, Füzuli, Kəlbəcər və Tərtər rayonları uğrunda gedən ağır döyüşlərin iştirakçısı olmuşdur. 1994-cü ilin yanvarında Ağdərənin müdafiəsi zamanı yaralanmışdır. Bir müddət hərbi hospitalda müalicə olunmuşdur. Sonra yenidən cəbhəyə qayıtmışdır. O, 1995-ci il martın 13-də dövlət çevrilişinə cəhdin qarşısının alınmasında qəhrəmanlıq nümunəsi göstərmişdir.
Həmin hadisələr zamanı göstərdiyi igidliyə görə Qəhrəmanov Fariz Çoban oğlu Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Gənc döyüşçü 1995-ci ilin iyunundan 1996-cı ilin dekabrınadək Türkiyə Respublikasında Jandarm və Komanda Məktəbini bitirmişdir. 1997-ci ildə isə təhsilini Azərbaycan Texniki Universitetində davam etdirmiş, maşınqayırma sənayesi üzrə menecment ixtisasına yiyələnmişdir. O, 1999-cu ildə yenidən sənədlərini Ali Birləşmiş Komandanlıq Məktəbinə vermiş və motoatıcı qoşunlar komandiri ixtisası üzrə orada tam kursu başa vurmuşdur.
Subaydır.
İndi kapitan rütbəsindədir, hal-hazırda da Vətənin keşiyindədir.