13 Ekim 2018 Cumartesi

ORUCOV VƏZİR SURXAY oğlu


26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində doğulmuşdur. Orta təhsilini buradakı orta məktəbdə almışdır. 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olmuş və bir ildən sonra hərbi xidmətə çağırılmışdır. 1977-ci ildə ordudan tərxis olunaraq, yarımçıq qalmış təhsilini davam etdirmişdir. V.Orucov ilk əmək fəaliyyətinə Tərtər Çörək Zavodunda  başlamışdır. 1984-cü ildə Rusiyanın Arxangelsk vilayətinə köçmüşdür. 1992-ci  ildə doğma torpağında  gedən döyüşlərdə iştirak etmək üçün Vətənə dönmüşdür. 1992-ci il may ayının 4-də Tərtər özünümüdafiə batalyonuna daxil olmuşdur. Sıravi  döyüşçü  kimi  mübarizəyə  başlayan Vəzir, batalyon komandirinin müavini vəzifəsinədək yüksəlmişdir. O, batalyonun kəşfiyyat bölməsinin rəhbərliyini öz üzərinə götürmüşdü. Batalyonun başlayacağı bütün döyüş əməliyyatlarından azı bir gün əvvəl özünün seçdiyi bir qrup döyüşçü ilə düşmən arxasına keçir, onların canlı qüvvəsi, texnikası barədə dəqiq məlumatlar gətirirdi. Onun həmişə uğurla keçən əməliyyatları döyüş yoldaşlarını ruhlandırır, onları qələbəyə səsləyirdi.
V.Orucov Marquşevan, Levonarx, Madagiz, Akop Komari, Sərsəng su anbarı, Drombon, Çıldıran, Vaqauz kəndləri uğrunda gedən döyüşlərdə şəxsi şücaət göstərərək, düşmənin neçə-neçə planını puça çıxarmışdı. O, 1 sentyabr 1992-ci ildə Çıldıran kəndi uğrunda gedən döyüşdə ağır yaralandı. Bir müddət müalicə aldıqdan sonra yenidən cəbhəyə qayıtdı. O, cəsur bir döyüşçü kimi həmişə doyüş əməliyyatlarının önündə gedirdi. Yoldaşları onu əfsanəvi qəhrəman kimi tanıyırdılar. 22 mart 1993-cü il... Son döyüş... O, Ağdərənin Qlobus yüksəkliyi uğrunda gedən ağır döyüşdə qəhrəmancasına həlak oldu.
Evli idi. Bir oğlu yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 27 mart  1993-cü il tarixli 495 saylı fərmanı ilə Orucov Vəzir Surxay oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
DOĞUM TARİXİ: 26/12/1956
VƏFAT TARİXİ: 22/03/1993

OCAQVERDİYEV SƏRXAN SURXAY oğlu

16 iyul 1967-ci ildə Goranboy rayonunun Səfikürd kəndində dünyaya göz açmışdır. 1985-ci ildə Tatarlı kənd orta məktəbini bitirdikdən sonra Xabarovsk şəhərində hərbi xidmətdə olmuşdur. 1988-ci ildə hərbi xidmət borcunu yerinə yetirib Vətənə dönmüş və Gəncə Maşınqayırma Texnikumuna daxil olmuşdur. 1991-ci ildə təhsilini uğurla başa vurub, Gəncə Maşınqayırma Zavodunda əmək fəaliyyətinə başlamışdır.
10 yanvar 1992-ci ildə Goranboy özünümüdafiə batalyonuna üzv yazılır, Şəfəq, Zeyvə, Tap-Qaraqoyunlu kəndlərinin müdafiəsi zamanı qanlı döyüşlərdə iştirak edir. Sərxan Ocaqverdiyev az müddətdə düşmənin xeyli canlı qüvvəsini məhv edərək, əsl Azərbaycan əsgəri kimi yüksək döyüş nümunəsi göstərir.
Goranboyun Talış kəndi ermənilərə ərazicə ən yaxın kənd hesab olunurdu. Onlar bu kəndə aramsız hücumlar edirdilər. Lakin Goranboyun mərd oğulları sinələrini düşmənin qarşısında sipərə çevirmişdilər.
5 may 1992-ci il... Erməni faşistləri növbəti dəfə Talış kəndinə hücuma keçdilər. Qeyri-bərabər döyüş gedirdi. Vətənin qeyrətli oğlu Sərxan Ocaqverdiyev bu qanlı döyüşdə qəhrəmancasına həlak oldu.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci tarixli 833 saylı fərmanı ilə Ocaqverdiyev Sərxan Surxay oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Səfikürd kəndində dəfn edilmişdir.
Təhsil aldığı Tatarlı kənd orta məktəbi onun adını daşıyır. Goranboy rayonunda büstü qoyulmuşdur.
DOĞUM TARİXİ: 16/07/1967
VƏFAT TARİXİ: 05/05/1992

NƏZƏRLİ HİKMƏT BABA oğlu


7 mart 1966-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. 1973-cü ildə Bakının Xətai rayonundakı 27 saylı orta məktəbə getmiş, beşinci sinfə qədər burada təhsil almışdır. Atasının iş yerinin dəyişməsi ilə əlaqədar Hikmət də ailələri ilə Daşkəndə getmiş və orta təhsilini orada tamamlamışdır. O, 1982-ci ildə anası və bacıları ilə birlikdə yenidən Bakıya qayıtmışdır. 1984-cü ildə hərbi xidmətə çağırılmış və Gürcüstan Respublikasının Duşefi şəhərindəki kəşfiyyat məktəbinə göndərilmişdir. 1986-cı ildə ordudan tərxis olunmuşdur. O, respublika DİN-nin Yanğından Mühafizə İdarəsində işə düzəlmiş və eyni zamanda Azərbaycan Politexnik İnstitutuna qəbul olunmuşdur. Bir vətənpərvər oğul kimi erməni təcavüzünə, soydaşlarımızın öz doğma yurdlarından qovulmasına o, biganə qala bilməzdi.
H.Nəzərli Şıx qəsəbəsində könüllülərdən təşkil olunmuş müdafiə batalyonuna üzv yazılır. 1991-ci ilin dekabrında xidmət etdiyi batalyonun tərkibində Ağdam istiqamətindəki cəbhəyə yola düşür. Həmin gündən Vətənin müdafiəsi uğrunda xidmətlərə başlayır. Umudlu, Xocalı yolu isə onun döyüş meydanına çevrilir. Umudlu kəndinin sakinlərini təhlükəsiz yerə apararkən xəstələnir. Bir müddət müalicə olunduqdan sonra yenidən döyüş yoldaşlarının yanına qayıdır.
Həmin günlər Xocalıda tarixdə misli görünməmiş faciə törədilir. Hikmət idarə etdiyi maşınla düşmən qarşısında maneə yaradaraq uşaqların, qadınların təhlükəsiz yerə aparılmasında böyük şücaət göstərir. Son məqamda bir neçə döyüş yoldaşı ilə meşəyə çəkilir. Sonrakı taleyi barədə heç bir məlumat yoxdur.
Ailəli idi. Bir övladı yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 9 sentyabr 1992-ci il tarixli 178 saylı fərmanı ilə Nəzərli Hikmət Baba oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
DOĞUM TARİXİ: 07/03/1966
VƏFAT TARİXİ: 01/12/1991

NƏSRƏDDİNOV RAFİQ HÜSEYN oğlu




18 mart 1961-ci ildə Bakı şəhərində dənizçi ailəsində dünyaya göz açmışdır. 1968-ci ildə Bakının Nərimanov rayonundakı 39 saylı orta məktəbə getmiş, 1978-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1979-cu ildə Nərimanov rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. 1981-ci ildə tank qoşunlarında xidmətini başa vurub, Bakı Dövlət Universitetinə daxil olmuşdur. O, 1987-ci ildə universiteti müvəffəqiyyətlə bitirərək, Su Təsərrüfatı İnstitutunda mühəndis vəzifəsinə təyin edilmişdir. O, 1992-ci ildə bir zabit kimi Səbail rayon Hərbi Komissarlığı tərəfindən  Milli Ordu sıralarına çağırılmışdır. Cəbhəyə gəldiyi ilk gündən özünü təcrübəli zabit kimi göstərmişdir. Rafiq döyüş dostları arasında böyük hörmət qazanmışdı. Bunu nəzərə alan komandanlıq onu tank hərbi hissəsinin qərargah rəisi təyin etmişdir. O, Ağdərə rayonunun bir sıra kəndlərinin erməni işğalından təmizlənməsində yaxından iştirak edərək dəfələrlə qəhrəmanlıq nümunəsi göstərmişdir. Baş leytenant R.Nəsrəddinovun son döyüşü 6 sentyabr 1992-ci ildə Ağdərə rayonunun Qızılqaya kəndində olmuşdur. O, qeyri-bərabər döyüşdə son nəfəsinədək vuruşaraq, qəhrəmanlıqla həlak olmuşdur.
Ailəi idi. İki qızı yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə baş leytenant Nəsrəddinov Rafiq Hüseyn oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Oxuduğu 39 saylı orta məktəb onun adını daşıyır. Məktəbdə büstü qoyulmuşdur. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

VƏFAT TARİXİ: 06/09/1992

10 Ekim 2018 Çarşamba

10 oktyabr 1997

Aprel döyüşlərində şəhid olan Sərxan Bağırovun bu gün doğum günüdü.
Yaşasaydı şəhid qardaşımızın 21 yaşı tamam olacaqdı

10 Oktyabr

Doğum günün mübarək əziz şəhidim.
Bu gün xüsusi təyinatlıların "gecələr" ləqəbli şəhidi Toğrul Fərəczadə doğum günüdür.

Allah şəhidlərimizə rəhmət etsin.
Amin

3 Ekim 2018 Çarşamba

03.10.1992

03.10.1992 - ci il Milli Qəhrəman Əliyar Yusif oğlu Əliyevin ŞƏHİD olduğu günüdür....