17 Ekim 2018 Çarşamba

5 iyun

RƏHİMOV CAVANŞİR İZZƏT oğlu

DOĞUM TARİXİ: 05/06/1973
VƏFAT TARİXİ: 06/08/1992
5 iyun 1973-cü ildə Qax rayonunun Qaşqaçay kəndində doğulmuşdur. Bir yaşında olanda ailələri Bakının Qaraçuxur qəsəbəsinə köçmüşdür. O, Suraxanı rayonundakı 104 saylı orta məktəbə getmiş, həmin məktəbin səkkizinci sinfini bitirdikdən sonra təhsilini texniki-peşə məktəbində davam etdirmişdir. O, idmanın karate növü ilə də ciddi məşğul olurdu. Qısa müddətdə idman ustası normasını ödəmişdi.
C.Rəhimov 1992-ci ilin aprel ayında hərbi xidmətə çağırılmışdır. Onun taleyinə yenicə yaranmağa başlayan Azərbaycan Hərbi Hava Qüvvələrində xidmət etmək düşmüşdü. Çox keçmədi ki, Cavanşir hərbi vertolyotun bort atıcısı kimi hərbi peşənin sirlərinə yiyələndi. O zaman Zabratda yerləşən hərbi hissənin əsgər və zabitləri tez-tez cəbhə xəttinə uçuşlar edirdi. C.Rəhimov da özünü mahir atıcı kimi göstərmiş, sərrast atəşlə düşmənin xeyli canlı qüvvəsini məhv etmişdi. Onun sonuncu uçuşu isə əsl qəhrəmanlıq nümunəsi kimi döyüş tariximizə daxil oldu. 6 avqust 1992-ci ildə vertolyotun komandiri, baş leytenant Ruslan Polovinko və pulemyotçu Cavanşir Rəhimov səmaya qalxdılar. İki uçuşu müvəffəqiyyətlə başa vurdular. Cavanşir yaralanmasına baxmayaraq, növbəti uçuşa hazır olduğunu bildirdi. Komandir nə qədər təkid etsə də, onu inadından döndərə bilmədi. Mİ-24 vertolyotu yenidən səmaya qalxdı. Bu dəfə onlar raket atəşinə məruz qalırlar. Vertolyot müvazinətini itirsə də, döyüşçülər özlərini itirmirlər. Yerə enəndə artıq gec idi; vertolyot alova bürünmüşdü...
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Rəhimov Cavanşir İzzət oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Bakının Suraxanı rayonundakı 146 saylı orta məktəb onun adını daşıyır. Qaraçuxur qəsəbə parkında büstü qoyulmuşdur.


Şəhid Elçin Heybət oğlu Cavadov


İgid Ölər Adı Qalar !!!

Biz Hamımız Vətəni sevməliyik , qorumağı bacarmalıyıq. Şəhid Elçin Heybət oğlu Cavadov kimi ... Elçin 05.06.1957 ci ildə Lənkəran Şəhərində anadan olmuşdur . Lənkəran Şəhər 4 saylı orta məktəbi bitirdikdən sonra aşbazlıq təhsili alır .Bitirdikdən sonra hərbi xidmətə yollanır . 1982 ci-ildən Lənkəranda ictimai - iaşə obyektində aşbaz olaraq çalışır. Torpaqlarımızda müharibə getdiyi vaxtda 1992 ci - ildə Ailəsinə xəbər vermədən iki körpə övladlarını qoyaraq cəbhə xəttinə yollanır . Ailə düz 2 ay axtarır və xəbər tutur ki, Ağdərədə cəbhə xəttində döyüşlərə qatılıb . Cavadov Elçın Lənkəran alayının cəbhə xəttində döyüşən hissəsinin aşbazi kimi köməyini əsirgəmirdi . Ailə və Körpə ovladlarını ataraq torpaq uğrunda , Vətən uğrunda Şəhid olmuşdur . Qələbə ilə dönən əsgərlərimizi təbəssümlə qarşılayırdı . Günlərin bir günü əlinə silah alıb döyüşün ən qızğın nöqtəsinə yollandı . 01.09.1992 ci - ildə Ağdərə rayonu , Mehmana kəndinin azad olunması uğrunda növbəti hücumda namərd düşmən gülləsi Elçini döyüşçü dostlarından ayırır .
Ailəsinin xahişi ilə anasının uyuduğu Lənkəran Şəhər Kiçik Bazar qəbirstanlığında dəfn olunur .
Dərin hüzn və ehtiramla yad edirik !!! Allah rəhmət eləsin !!!

İnformasiya şəhidin övladı Cavad Elçin oğlu Cavadov tərəfindən göndərilib.

22 fevral

RƏFİYEV FAİQ QƏZƏNFƏR oğlu

DOĞUM TARİXİ: 22/02/1955
VƏFAT TARİXİ: 10/01/1992
22 fevral 1955-ci ildə Füzuli rayonunun Sarıcıq kəndində dünyaya göz açmışdır. 1972-ci ildə Qarakollu kənd orta məktəbini bitirmişdir. 1973-75-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra vilayətin Plisetsk rayonunda milis sistemində çalışmışdır. O, işləyə-işləyə Sankt-Peterburq şəhərindəki Ali Hərbi Milis Məktəbinin qiyabi şöbəsində oxumuşdur. 1984-cü ildə təhsilini başa vurmuş və leytenant rütbəsi ilə həmin rayonda sahə müvəkkili kimi məsuliyyətli vəzifə tutmuşdur.
1990-cı ildə, 20 Yanvar faciəsindən sonra Azərbaycana qayıdaraq DİN-ə müraciət etmişdir. Milis sistemində təcrübəsini nəzərə alaraq, onu Xocavənd rayonuna sahə müvəkkili göndərirlər. O, bir zabit kimi Qarabağda gedən döyüşlərdə iştirak edir, postların qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində əlindən gələni əsirgəmirdi. Axullu, Tuğ, Qaradağlı kəndlərində göstərdiyi şücaətlər onun qəhrəmanlığından xəbər verirdi.
Koçbəy kəndi əsl quldur yuvasına çevrilmişdi. O, kəndi azad etmək üçün öz dəstəsi ilə hücum planı hazırlayır. Düşmən sayca çoxluq təşkil edirdi. Qanlı döyüşlərdən sonra erməni yaraqlıları dəstənin qarşısında tab gətirməyərək geri çəkilməyə başladı. O, qolundan yaralanmasına baxmayaraq, “İrəli, yalnız irəli!" - deyə, döyüş dostlarını ruhlandırırdı. Evlərdə gizlənən erməni yaraqlılarını axtarıb məhv edərkən, qəfil güllə cəsur komandirin sinəsini parçaladı. 10 yanvar 1992-ci ildə aldığı yaradan gözlərini əbədi yumdu.
Ailəli idi. İki qızı həyatda yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 2 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rəfiyev Faiq Qəzənfər oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Doğulduğu Sarıcıq kəndində dəfn edilmişdir.
Lökbatan qəsəbəsindəki  166 saylı orta məktəb onun adını daşıyır.

16 Ekim 2018 Salı

15 oktyabr

RZAYEV RÖVŞƏN ABDULLA oğlu

DOĞUM TARİXİ: 15/10/1969
VƏFAT TARİXİ: 08/01/1999
15 oktyabr 1969-cu ildə Bakı şəhərinin Sahil qəsəbəsində doğulmuşdur. 1986-cı ildə E.İsmayılov adına 253 saylı orta məktəbi bitirdikdən sonra Vladiqafqaz Ali Hərbi Komandirlər Məktəbinə daxil olmuşdur. 1991-ci ildə təhsilini başa vurub, təyinatla Orta Asiya və Qazaxıstan üzrə daxili qoşunların tərkibində taqım komandiri kimi fəaliyyətlə başlamışdır.
Respublikamızın başı üstünü qara buludlar alanda o, Vətənin çağırışına səs verərək Azərbaycana dönür. 1992-ci ilin fevralında 6500 saylı mühafizə alayının 6-cı bölüyünə komandir təyin edilir. Rövşən mart ayının ortalarından başlayaraq tez-tez cəbhə bölgələrinə ezam olunur, erməni yaraqlılarına qarşı aparılan əməliyyatlarda yaxından iştirak edir. O, Ağdam rayonunun Papravənd, Pircamal, Aranzəmin, Şelli, Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini məhv etməyə müvəffəq olur. Cəsur komandir 1992-ci ilin iyun ayında Naxçıvanik kəndində gedən döyüşlərin birində ağır yaralanır. Lakin o, döyüş meydanını tərk etmir, mühasirəyə düşmüş neçə-neçə yaralı əsgəri xilas edir. O, bir müddət müalicə olunur. Komandanlıq Rövşənin cəsurluğunu, qorxmazlığını nəzərə alaraq, onu 1993-cü ilin mart ayında Ədliyyə Nazirliyinin 7535 saylı hərbi hissəsinin qərargah rəisi vəzifəsinə təyin edir. 1994-cü ilin iyun ayında isə o, vaxtilə xidmət etdiyi alayın 4-cü taborunda qərargah rəisi olur.
R.Rzayevin atdığı hər bir addım uğurla nəticələnir, adı dildən-dilə, eldən-elə gəzirdi. Təbii ki, onun bu uğurları komandanlığın da nəzərindən yayınmırdı. 19 yanvar 1996-cı il... O, 6500 saylı mühafizə alayının 15-ci bölüyünə komandir təyin olunur. Bir müddət sonra o, Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının Baş İdarəsinin mühafizə alayında qərargah rəisi vəzifəsinə irəli çəkilir. Kapitan rütbəsinəcən yüksəlmişdi. Son vaxtlarda isə o, Qobustan həbsxanasını mühafizə edən bölüyün komandiri idi.
8 yanvar 1999-cu ildə burada bir qrup məhbus qiyama qalxmışdı. Qiyamçılar öz əməllərini həyata keçirmək üçün bir neçə yaralı əsgəri girov götürmüşdü. Bu hadisəni eşidən bölük komandiri dərhal həbsxanaya yollanır və əsgərləri xilas etmək üçün qiyamçılarla danışığa girir. Yaralı əsgərlərin əvəzinə komandir girov qalmalı olur. Bu təhlükəli şərti qəbul edən R.Rzayev ölümlə üz-üzə dayanaraq, əsgərlərin həyatını xilas edir. Polis kapitanı R.Rzayev xidməti vəzifəsini yerinə yetirərkən həlak olur.
Ailəli idi. İki övladı - bir qızı, bir oğlu yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 12 yanvar 1999-cu il tarixli 73 saylı fərmanı ilə kapitan Rzayev Rövşən Abdulla oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Sahil qəsəbəsində dəfn edilmişdir.
Sahil qəsəbəsində adına park var. Həmin parkda büstü qoyulmuşdur.

26 fevral

RZAYEV CANBULAQ YAQUB oğlu

DOĞUM TARİXİ: 26/02/1968
VƏFAT TARİXİ: 26/02/1992
1968-ci il fevral ayının 26-da Ağdam rayonunun Çuxurməhlə kəndində dünyaya göz açmışdır. Əhmədavar kənd orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra, bir müddət kolxozda işləmişdir. 1988-ci ildə ordu sıralarına çağırılmışdır. Hərbi xidmətini raket qoşunlan hissəsində keçmişdir. Burada hərbi texnikanın sirlərinə mükəmməl yiyələnmişdir.
Hərbi xidməti elə bir vaxta təsadüf edirdi ki, erməni quldurları tez-tez kəndlərimizə soxulur, görünməmiş vəhşiliklər törədirdilər. Sovet Ordusunda xidməti başa çatdıqdan sonra o, hərbi hissədə qalıb təhsilini davam etdirdi. Leytenant rütbəsi aldı.
O, komandanlığa raport yazıb Azərbaycana qayıtdı. Ölkəmiz həyəcanlı günlər yaşayırdı. O, döyüş paltarı geyindi. Canbulaq bir komandir kimi Xramort, Xanabad, Əsgəran, Qarakənd, Gülablı kəndləri uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşdu. 1992-ci il fevralın 26-ı... Qəfil xəbər Canbulağı sarsıtdı. Ermənilər Xocalıya soxularaq rus silahlı birləşmələrinin köməyilə qanlı qırğın törətmişdilər. Od tutub yanan şəhərin yüzlərlə sakini qətlə yetirilmiş, canını götürüb qaçanlar isə Qarabağ boyunca hara gəldi səpələnmişdilər.
Canbulaq tankına oturub Qaraqaya kəndi tərəfə üz tutdu. Kənd hər tərəfdən güclü atəş altındaydı. Xocalıdan çıxan əhalinin xeyli hissəsi bu kəndə sığınmışdı.
Dalbadal iki sərrast atəş... Düşmən mövqeyi bir göz qırpımında darmadağın edildi. Bunu görən döyüşçülərimiz kənddə sığınacaq tapmış qız-gəlinləri oradan çıxardılar. Az keçmədi ki, düşmən yenidən Qaraqayanı hədəfə aldı. Cəsur komandir düşməni yenə cavab atəşilə qarşıladı. Bu, onun son döyüşü oldu. Canbulaq bu döyüşdə əsl qəhrəman kimi həlak oldu.
Evli idi. Ailəsində iki oğlu böyüyür.
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Rzayev Canbulaq Yaqub oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Məzarı düşmən tapdağında olan Ağdamın Şəhidlər xiyabanındadır.

2 mart

RÜSTƏMOV MƏZAHİR İZZƏT oğlu

DOĞUM TARİXİ: 02/03/1960
VƏFAT TARİXİ: 08/08/1992
2 mart 1960-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. 1977-ci ildə Nizami rayonundakı 32 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir. Bir müddət Bakı Lapma Zavodunda fəhlə işləmişdir. 1978-ci ildə o, BDU-nun tarix fakültəsinin rus bölməsinə qəbul olunur. 1983-cü ildə təhsilini fərqlənmə diplomu ilə başa vurur. Həmin il Xətai rayonundakı 171 saylı orta məktəbə pioner baş dəstə rəhbəri göndərilir. Bir az işlədikdən sonra öz ərizəsi ilə işdən çıxır. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun fəlsəfə kafedrasında baş laborant vəzifəsində çalışmağa başlayır.
Məzahir 1991-ci il martın 5-dən Dövlət Mətbuat Komitəsində (sonralar Mətbuat və İnformasiya Nazirliyi - red.)  kitab ticarəti və  xarici  iqtisadi  əlaqələr  şöbəsində aparıcı mütəxəssis kimi fəaliyyətə başlayır. Bu zamanlar erməni işğalçılarının törətdikləri qanlı toqquşma və qarşıdurma Dağlıq Qarabağın hüdudlarını aşaraq, Azərbaycanın Ermənistanla həmsərhəd olan bölgələrinə də yayılmışdı. Gədəbəyin 28 kəndini əhatə edən döyüşlər, Ermənistanın Krasnoselsk və Berd rayonları ilə həmsərhəd olan Şınıx mahalı üçün də təhlükə yaradırdı. Hər zaman Ermənistan tərəfindən Şınıx kəndlərinə qarşı təxribatlar törədilirdi. Vətənpərvər ruha malik olan Məzahir 1992-ci il martın 23-də könüllü olaraq Milli Orduya yazılıb, Şınıxa gəlir. Şınıx bölgəsinin o zamankı mərkəzi olan doğma kəndi Düzrəsullu kəndində qərar tutur, vzvod komandiri vəzifəsinə təyin olunur. Sonra isə rota komandirinin müavini işləyir. Məzahir sakit şəhər mühitindən odun-alovun içinə gəlmişdi. Lakin çətinliklər onu qorxutmurdu, hər zaman öz döyüşçüləri ilə düşmən üzərinə atılmaq əzmində idi. Axı, Mutudərə kəndi Krasnoselskdən gələn yolun kənarında yerləşirdi və strateji əhəmiyyətə malik idi. Bunu yaxşı bilən erməni quldurları tez-tez bu kəndə hücumlar edirdilər. Məzahir briqada komandiri, polkovnik  Cahangir  Rüstəmovun Mutudərənin müdafiəsini gücləndirmək barədə tapşırıqlarını dəqiq hərbi intizamla yerinə yetirirdi. Gədəbəyin ərazisində yerləşən, sonralar Zori Balayanın Artvaşen (Qartal yuvası) kimi təqdim etdiyi Başkənd nəinki Gədəbəy, eyni zamanda digər həmsərhəd rayonlar üçün də təhlükə yaradırdı. Burada erməni quldurlarının böyük silahlı birləşmələri yerləşirdi. Strateji məqsəd bu idi: düşmən yuvası məhv edilməlidir! Bunun üçün Məzahirin rəhbərliyi ilə ciddi hazırlıq işləri görülürdü. Lakin hiyləgər düşmən hər şeyə göz qoyur, hər şeyi izləyirdi...
1992-ci il avqustun 6-da erməni quldurları xeyli canlı qüvvə və hərbi texnika ilə qəfildən Mutudərə kəndinə hücuma keçir. Qanlı döyüş başlanır.
Məzahir öz cəsur döyüşçüləri ilə kəndin müdafiəsinə qalxır. Onlar dinc əhalinin kənddən çıxmasına şərait yaradırlar. Məzahir son nəfəsinə qədər döyüşür, ümid etdiyi əlavə kömək isə gəlib çatmır. Bu döyüşdə Məzahir qəhrəmancasına həlak olur; düşmən əlinə diri-diri düşməsin deyə, axırıncı qumbarası ilə özünü partladır. Məzahirin faciəli ölümü, necə deyərlər, “qığılcımdan alov törətdi”. Briqada komandiri, polkovnik Cahangir Rüstəmovun komandanlığı altında avqustun 8-də qoşunlarımız hücuma keçərək Mutudərəni və Başkəndi erməni quldurlarından təmizlədilər. Təəssüf ki, amansız ölüm Məzahirə qələbə sevincini dadmağa imkan vermədi.
Ailəli idi. Həyatda Təhminə adlı bir qızı yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Rüstəmov Məzahir İzzət oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Oxuduğu 32 saylı məktəb, Əhmədli qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur. Gədəbəy rayonunda tuncdan abidəsi ucaldılmışdır.

RÜSTƏMOV HİDAYƏT ELDAR oğlu



19 avqust 1970-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində dünyaya göz açmışdır. Burada səkkizillik məktəbi bitirdikdən sonra təhsilini Ağdam şəhərindəki 50 saylı texniki-peşə məktəbində davam etdirmişdir. 1988-90-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur.
H.Rüstəmov hələ məktəbdə oxuyarkən polis sistemində işləmək arzusu ilə yaşayırdı. 1991-ci ildə Ağdam rayon Daxili İşlər Şöbəsinin post-patrul alayına qəbul edildi. Eldar ilk günlərdən bir polis çavuşu kimi torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edərək, döyüş rəşadətləri göstərdi. Ancaq Hidayətin ömür yolu o qədər də uzun olmadı.
23 dekabr 1991-ci il... Erməni yaraqlılarının Meşəli kəndinə növbəti hücumu... Düşmən tez bir zamanda kəndi mühasirəyə aldı. Dinc əhalini xilas etmək üçün Ağdam rayon DİŞ-nin əməkdaşları döyüşə girdilər. Cəsur polis çavuşu H. Rüstəmov boş evlərin birində özünə mövqe seçdi. Qüvvələr qeyri-bərabər idi. Hidayət qorxu bilmədən, yaxınlaşan düşmənə gözlənilməz zərbələr endirirdi. Lakin erməni yaraqlılan onun qurduğu istehkamı yardılar. Quldurlar cəsur döyüşçünün təslim olmadığını görüb, evə od vurdular. O, son damla qanınadək vuruşdu və qəhrəmancasına həlak oldu.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rüstəmov Hidayət Eldar oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn edilmişdir.

DOĞUM TARİXİ: 19/08/1970
VƏFAT TARİXİ: 23/12/1991

25 dekabr

RÜSTƏMOV FÜZULİ SALAH oğlu

DOĞUM TARİXİ: 25/12/1965
VƏFAT TARİXİ: 26/02/1992
25 dekabr 1965-cı ildə Tərtər rayonunun Hüsənli kəndində dünyaya göz açmışdır. Ata-anasını erkən itirmişdir. 1978-ci ildən Xocalıda, babası Kərim kişinin himayəsində yaşamışdır. O, burada səkkizillik məktəbi bitirmişdir.  Ailəsinin ağır şəraitdə yaşaması onu erkən vaxtlarından işləməyə vadar etmişdir. O, əvvəlcə 2 saylı Xocalı Üzümçülük Sovxozunda, 1990-cı ildən isə toxuculuq fabrikində işləmişdir.
Dağlıq Qarabağ hadisələri başlayan ilk günlərdən qəlbində ermənilərə qarşı nifrət hissi közərirdi. Elə həmin vaxtlardan da silah götürüb torpaqlarımızın müdafiəsinə qalxdı. Füzuli 1989-cu ilin iyun ayında öz yoldaşları ilə birlikdə kəndlərinə yaxın olan erməni postuna hücum edərək, oranı dağıtdı. Bunun üçün ona 4 ay həbs cəzası verdilər. 1990-cı ildə ermənilərin Xankəndinə gedişinin qarşısını almaq üçün Xocalı Aeroportunu partlatmaq lazım gəlirdi. Əməliyyatı həyata keçirmək üçün 4 nəfərdən ibarət qrup ayrıldı. Qrupun  tərkibində  F.Rüstəmov  da  var  idi. Əməliyyat uğurla başa çatdırıldı.
Füzuli, Xocalı özünümüdafiə dəstəsi yaradılanda, əvvəlcə həmin dəstədə, sonra isə hərbi batalyonda xidmətini davam etdirmişdir. O, Xocalı faciəsi zamanı əhalinin   təhlükəsizliyinin təmin edilməsində çox fədakarlıqlar göstərmişdir. Azərbaycanın Milli Qəhrəmanı A.Quliyevin yaralı vəziyyətdə döyüş meydanından çıxarılması da, onun hünəri sayəsində mümkün olmuşdur. Faciə zamanı o, üç dəfə Xocalıya girərək qadın, uşaq və yaralıları təhlükəsiz zonaya çıxarmışdır. Ölümün pəncəsindən neçə-neçə insanı xilas edən Füzuli son anda özü düşmən gülləsinə tuş gəldi. Boynundan ağır yara almışdı. Onu Ağdam Mərkəzi Xəstəxanasına çatdırsalar da, artıq gec idi.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 25 fevral 1997-ci il tarixli 553 saylı fərmanı ilə Rüstəmov Füzuli Salah oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
 Tərtər rayonunun Hüsənli kəndində dəfn edilmişdir.