17 Ekim 2018 Çarşamba

15 iyun

SALAHOV ŞAKİR ŞAMİL oğlu

15 iyun 1966-cı ildə Xocalı rayonunun Cəmilli kəndində anadan olmuşdur. 1981-ci ildə Cəmilli kənd səkkizillik məktəbini bitirdikdən sonra, təhsilini həmin kənddəki qiyabi orta məktəbdə davam etdirmişdir. 1984-cü ildə hərbi xidmətə çağırılmışdır. 1986-cı ildə hərbi xidmətini müvəffəqiyyətlə başa vurub Xankəndi şəhər Daxili İşlər İdarəsinin mühafizə şöbəsinə işə qəbul edilir. 1990-cı ildə Yuxarı Qarabağda yaşayan azərbaycanlıların təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Daxili İşlər Nazirliyi Cəmilli kəndində polis bölməsi yaradır. Ş.Salahov ilk gündən bölmədə fəaliyyətə başlayır. 1991-ci ildə o, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa şəhər fılialında fizika-riyaziyyat fakültəsinin qiyabi şöbəsinə daxil olur.
Cəmilli kəndində yaradılmış bölmə, əsasən Kosalar və Cəmilli kəndlərini mühafizə edirdi. Bu kəndi Xankəndindən cəmi 3 kilometr məsafə ayırırdı.
Ş.Salahov ermənilər tərəfindən olan hücumların qarşısının alınmasında əsl hünər göstərirdi. 1991-ci il fevral ayının 26-da ermənilər üç tərəfdən - Ballıca, Xənəzək və Xankəndi istiqamətlərindən Cəmilli kəndinə güclü hücuma keçdilər. Həmin döyüşdə Ş.Salahov neçə-neçə erməni quldurunu məhv etdi. 1991-ci il avqust ayının 23-də erməni quldurları Kosalar - Cəmilli kəndləri arasındakı “Darlı” adlanan yerdə, içərisində 21 nəfər sərnişin olan “UAZ” markalı maşını atəşə tutdular. Nəticədə üç nəfər şəhid oldu. Şakir şəhidlərin qanını yerdə qoymadı.
Cəmilli kəndi işğal olunduqdan sonra, 1992-ci il yanvarın 28-də o, yenidən Kosalar kəndinin müdafiəsinə yollanır. Ağdam-Şuşa marşrutu ilə uçan vertolyot ermənilər tərəfindən vurulur. Sərnişinlər düşmənə təslim olmamaq üçün özlərini vertolyotdan ataraq, həlak olurlar.Onların arasında Ş.Salahov da vardı.
Subay idi.
Azərbaycan  Respublikası  prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Salahov Şakir Şamil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Bərdə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir

DOĞUM TARİXİ: 15/06/1966
VƏFAT TARİXİ: 28/01/1992

.

11 iyun

ŞAHVERDİYEV İSRAFİL ŞAHVERDİ oğlu


11 iyun 1952-ci ildə Laçın rayonunun Unannovu kəndində doğulmuşdur. 1959-cu ildə Unannovu kənd orta məktəbinə getmiş, 1969-cu ildə həmin məktəbi bitirmişdir. 1971-74-cü illərdə ordu sıralarında olmuşdur. 1975-ci ildə Laçın rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi əmək fəaliyyətinə başlamışdır.
Yağı düşmən torpaqlarımıza basqın edən vaxtdan, bir polis işçisi kimi əhalinin təhlükəsizliyinin təmin edilməsində və quldurların tutulub zərərsizləşdirihnəsində yaxından iştirak etmiş, fədakarlıqlar göstərmişdir. Onun şücaəti nəticəsində Qaladərəsi kəndini keçməyə cəhd edən iki erməni cəsusu yaxalanmışdır. Salatın Əsgərovanın həyatına qəsd edən quldurların ələ keçirilməsində də onun böyük əməyi olmuşdur. 1991-ci ilin yazında Qaladərəsi kəndini erməni quldurlarından təmizləmək məqsədilə plan hazırlanır. Gecədən səhərə kimi davam edən ağır döyüşdə erməni yaraqlıları güclü müqavimətlə rastlaşdılar və geri çəkilməyə məcbur oldular.
İsrafil Şahverdiyev öz rotası ilə 1992-ci il sentyabrın 19-dan noyabrın 17-ə qədər Hocaz qayası və Hocaz kəndi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, dəfələrlə kəşfiyyata getmiş, düşmənin yerinin təyin olunmasında qəhrəmanlıq göstərmişdir. 6 yanvar 1994-cü il... Onun rotası Füzuli rayonunun kəndlərini erməni işğalından azad etmək üçün döyüşə girir. Rota Horadiz qəsəbəsini, eləcə də digər 4 kəndi azad edir.
İgid komandirin son döyüşü 13 yanvar 1994-cü ildə olur. Rota bir neçə istiqamətdən hücuma keçərək, düşmənin əsas qüvvəsini sarsıdır. Düşmənin müqaviməti qırılmaqda idi. Cəsur komandir yaralı döyüşçülərimizə kömək etmək üçün pulemyotun arxasına keçir. Bu an qarşı tərəfdən atılan mərmi onun həyatına son qoyur.
Ailəli idi. Üç övladı yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Şahverdiyev İsrafil Şahverdi oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Laçın  rayon  orta  məktəblərindən  biri  qəhrəmanın  adını daşıyır.
DOĞUM TARİXİ: 11/06/1952
VƏFAT TARİXİ: 13/01/1994

1 noyabr

ŞAHBAZOV YAVƏR ƏLİBALA oğlu

1 noyabr 1973-cü ildə Xaçmaz rayonunun Qıraqlı kəndində doğulmuşdur. 1981-ci ildə Alekseyevka kənd orta məktəbinin birinci sinfinə getmişdir. Hazırcavablığı ilə müəllimlərinin, şagird dostlarının hörmətini qazanmışdı. O, dərslərinə xüsusi diqqət yetirirdi. 1991-ci ildə orta məktəbi bitirdikdən sonra Şamaxı Mədəni-Maarif Texnikumuna daxil olur. Yavər ermənilərin torpaqlarımızı zəbt etməsindən çox narahat idi. Soydaşlarımızın öz doğma yurdlarından didərgin salınması onun qəlbini göynədirdi. Torpaqlarımızı qorumaq üçün əsgərlik vaxtının çatmasını səbirsizliklə gözləyirdi. Nəhayət 8 iyun 1994-cü ildə o, öz arzusuna çatdı, Milli Ordu sıralarında xidmətə başladı. Heç ağlına da gətirməzdi ki, düşmənlə deyil,özümüzünkülərlə üz-üzə duracaq. 1995-ci il martın 13-ü... Dövlət çevrilişinə cəhd... Qurbanlar bahasına qazanılmış müstəqilliyimizə, suverenliyimizə yönəldilmiş bu mənfur niyyətin qarşısının alınmasında Yavər də iştirak edirdi. Yavər Şahbazov qiyamçıların atəşi altında qalan döyüş yoldaşlarını xilas etmək üçün irəli atılaraq bir neçə yaralını xilas etdi. Özü isə bu qarşıdurmada həlak oldu.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Şahbazov Yavər Əlibala oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Alekseyevka kəndində dəfn edilmişdir.
Alekseyevka kənd orta məktəbi hazırda qəhrəmanın adını daşıyır. Məktəbin önündə və Xaçmaz şəhərində büstü qoyulmuşdur. 2003-cü ildə isə Alekseyevka kəndində onun xatirəsinə Şəhidlər abidəsi ucaldılmışdır


DOĞUM TARİXİ: 01/11/1973
VƏFAT TARİXİ: 13/03/1995

.

22 yanvar

ŞAHBAZOV FƏXRƏDDİN İBRAHİM oğlu

DOĞUM TARİXİ: 22/01/1950
VƏFAT TARİXİ: 20/11/1991
22 yanvar 1950-ci ildə Bakı şəhərində doğulmuşdur. 1957-ci ildə 20 saylı Bakı şəhər orta məktəbinə getmiş, 1967-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Sonra Bakı Neft Texnikumuna daxil olmuşdur. 1969-cu ildə hərbi xidmətə çağırılmışdır. 1971-ci ildə ordudan tərxis olunaraq, texnikumda təhsilini davam etdirmişdir. O, 1972-ci ildə Azərbaycan Teleradio Şirkətində əmək fəaliyyətinə başlamış və 20 il burada fasiləsiz olaraq operator vəzifəsində çalışmışdır.
1988-ci ildə - ermənilərin Qarabağda açıq silahlı basqınlar başladığı vaxtda cəbhə bölgələrinə gedib telereportajlar hazırlamaq o qədər də asan iş deyildi. Hər an ölüm təhlükəsi ilə üz-üzə dayanmaq lazım gəlirdi. Bəziləri bu təhlükəli səfərlərdən yayınırdı. Fəxrəddin isə təklif, əmr gözləmədən telejurnalistlərlə tez-tez sərhəd rayonlarına gedir, qaynar nöqtələrdən müxtəlif səpkili verilişlərin hazırlanmasında böyük səy göstərirdi.
1991-ci il... Noyabr ayı... Azərbaycan Teleradio Şirkətinin bir qrup əməkdaşı cəbhə bölgələrinə ezam olunmuşdu. Fəxrəddin də bu qrupun tərkibində idi. Onlar Ağdam rayon ictimaiyyəti ilə respublikanın rəhbər işçilərinin görüşündən reportaj hazırlamalı idilər. Bu ərəfədə ermənilər Xocavənddə yeni təxribatlar törətmişdilər. Ölən və yaralananlar var idi. Qərara alındı ki, rəhbər işçilər hadisə yerinə getsinlər və məsələni yerindəcə aydınlaşdırsınlar.
20 noyabr 1991-ci il... Mİ-8 vertolyotu Ağdam istiqamətindən havaya qalxdı. Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında iriçaplı pulemyotlardan atəşə tutulan vertolyot yerə enərkən parçalandı. Respublikanın tanınmış şəxsləri ilə birlikdə teleoperator Fəxrəddin Şahbazov da qəhrəmancasına həlak oldu.
Ailəli idi. İki qızı var.
Azərbaycan Respublikası prezidentinin 4 dekabr 1992-ci il tarixli 344 saylı fərmanı ilə Şahbazov Fəxrəddin İbrahim oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir, Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

31 oktyabr

RƏHİMOV KOROĞLU İSMAYIL oğlu

DOĞUM TARİXİ: 31/10/1953
VƏFAT TARİXİ: 03/07/1992
31 oktyabr 1953-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində dünyaya göz açmışdır. 1960-cı ildə Yaqublu kənd orta məktəbinin birinci sinfinə getmişdir. 1961-ci ildə ailəsi ilə birlikdə öz dədə-baba yurdu olan Qərbi Azərbaycanın Zəngibasar mahalının Sarıcalar kəndinə köçmüşdür. Koroğlu orta təhsilini Həbil kənd orta məktəbində almışdır. 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Neft  Akademiyası - red.) avtomexanika fakültəsinə daxil olmuşdur. 1972-ci ildə ordu sıralarına çağırılmışdır. O, 1974-cü ildə hərbi xidmətini Almaniya Demokratik Respublikasında başa vurduqdan sonra, yarımçıq qalmış təhsilini tamamlamışdır.
Əmək fəaliyyətinə Bakı Məişət Kondisionerləri Zavodunda başlamışdır. 1988-ci ildə soydaşlarımızın Qərbi Azərbaycandan qovulması, 1990-cı ilin Qanlı Yanvar hadisələri və 1992-ci il fevralın 25-26-da əsrin ən böyük faciəsi olan Xocalı soyqırımı onun düşməndən qisas almaq hissini daha da ovxarlamışdı. O, 1992-ci il martın 17-də könüllü olaraq Milli Ordu sıralarına yazıldı. 1992-ci il aprelin 30-da 2-ci motoatıcı bölüyün komandiri təyin olundu. Həmin gündən Koroğlunun vo onun rəhbərlik etdiyi bölüyün qəhrəmanlıqlarla dolu şərəfli döyüş yolu başladı.
Koroğlunun bölüyü iyunun 13-də Goranboy ərazisində Buzluq, Çartaz və Erkəc kəndlərinin azad edilməsində xüsusilə fərqləndi. Həmin ölüm-dirim savaşında onlar 15 erməni quldurunu məhv etdilər, 4 nəfəri əsir aldılar və xeyli döyüş sursatını ələ keçirdilər. Öldürülənlərdən 5 nəfəri Koroğlunun “şəxsi hesabına” idi. Bu uğurdan ruhlanan döyüşçülər ertəsi gün, yəni iyun ayının 14-də başqa bir kəndi - Mənəşlini də yaraqlılardan təmizlədilər. Sayca üstünlüyə baxmayaraq, ermənilər xeyli tələfat verməli oldular - 8 quldur öldürüldü. İyunun 15-də onlar daha mühüm bir obyekti- düşmənin yuva saldığı Başkənd kəndini ələ keçirdilər. Bölüyün zəfər yürüşü davam edirdi... Madagiz və Gülüstan kəndləri də bir-birinin ardınca düşmən işğalından azad edildi.
21 iyun 1992-ci il... Madagiz kəndi uğrunda yenidən qanlı döyüş gedirdi. Koroğlu sanki bunları qabaqcadan duyurmuş kimi, ratsiyanın önündən çəkilmirdi. Elə bu an tabor komandiri Y.Qarayevin bir neçə döyüşçü ilə birlikdə düşmən mühasirəsində qalması barədə xəbər gəlir. Koroğlu öz dəstəsi ilə döyüşçü dostlarının köməyinə çatır. Əməliyyat uğurla nəticələnir. Madagiz kəndi ikinci dəfə düşməndən azad olunur.
1992-ci il... İyulun 3-ü... Ağdərə istiqamətində Koroğlunun son döyüşü... O, Ağdərə yaxınlığındakı 3-cü sovxozun ərazisinin düşməndən təmizlənməsi uğrunda gedən qanlı döyüşdə qəhrəmanlıqla həlak oldu.
Ailəli idi. Üç övladı yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Rəhimov Koroğlu İsmayıl oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Bakının küçələrindən biri və Oğuz rayonunun Xaçmaz kəndindəki uşaq bağçası onun adını daşıyır.

5 iyun

RƏHİMOV CAVANŞİR İZZƏT oğlu

DOĞUM TARİXİ: 05/06/1973
VƏFAT TARİXİ: 06/08/1992
5 iyun 1973-cü ildə Qax rayonunun Qaşqaçay kəndində doğulmuşdur. Bir yaşında olanda ailələri Bakının Qaraçuxur qəsəbəsinə köçmüşdür. O, Suraxanı rayonundakı 104 saylı orta məktəbə getmiş, həmin məktəbin səkkizinci sinfini bitirdikdən sonra təhsilini texniki-peşə məktəbində davam etdirmişdir. O, idmanın karate növü ilə də ciddi məşğul olurdu. Qısa müddətdə idman ustası normasını ödəmişdi.
C.Rəhimov 1992-ci ilin aprel ayında hərbi xidmətə çağırılmışdır. Onun taleyinə yenicə yaranmağa başlayan Azərbaycan Hərbi Hava Qüvvələrində xidmət etmək düşmüşdü. Çox keçmədi ki, Cavanşir hərbi vertolyotun bort atıcısı kimi hərbi peşənin sirlərinə yiyələndi. O zaman Zabratda yerləşən hərbi hissənin əsgər və zabitləri tez-tez cəbhə xəttinə uçuşlar edirdi. C.Rəhimov da özünü mahir atıcı kimi göstərmiş, sərrast atəşlə düşmənin xeyli canlı qüvvəsini məhv etmişdi. Onun sonuncu uçuşu isə əsl qəhrəmanlıq nümunəsi kimi döyüş tariximizə daxil oldu. 6 avqust 1992-ci ildə vertolyotun komandiri, baş leytenant Ruslan Polovinko və pulemyotçu Cavanşir Rəhimov səmaya qalxdılar. İki uçuşu müvəffəqiyyətlə başa vurdular. Cavanşir yaralanmasına baxmayaraq, növbəti uçuşa hazır olduğunu bildirdi. Komandir nə qədər təkid etsə də, onu inadından döndərə bilmədi. Mİ-24 vertolyotu yenidən səmaya qalxdı. Bu dəfə onlar raket atəşinə məruz qalırlar. Vertolyot müvazinətini itirsə də, döyüşçülər özlərini itirmirlər. Yerə enəndə artıq gec idi; vertolyot alova bürünmüşdü...
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Rəhimov Cavanşir İzzət oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Bakının Suraxanı rayonundakı 146 saylı orta məktəb onun adını daşıyır. Qaraçuxur qəsəbə parkında büstü qoyulmuşdur.


Şəhid Elçin Heybət oğlu Cavadov


İgid Ölər Adı Qalar !!!

Biz Hamımız Vətəni sevməliyik , qorumağı bacarmalıyıq. Şəhid Elçin Heybət oğlu Cavadov kimi ... Elçin 05.06.1957 ci ildə Lənkəran Şəhərində anadan olmuşdur . Lənkəran Şəhər 4 saylı orta məktəbi bitirdikdən sonra aşbazlıq təhsili alır .Bitirdikdən sonra hərbi xidmətə yollanır . 1982 ci-ildən Lənkəranda ictimai - iaşə obyektində aşbaz olaraq çalışır. Torpaqlarımızda müharibə getdiyi vaxtda 1992 ci - ildə Ailəsinə xəbər vermədən iki körpə övladlarını qoyaraq cəbhə xəttinə yollanır . Ailə düz 2 ay axtarır və xəbər tutur ki, Ağdərədə cəbhə xəttində döyüşlərə qatılıb . Cavadov Elçın Lənkəran alayının cəbhə xəttində döyüşən hissəsinin aşbazi kimi köməyini əsirgəmirdi . Ailə və Körpə ovladlarını ataraq torpaq uğrunda , Vətən uğrunda Şəhid olmuşdur . Qələbə ilə dönən əsgərlərimizi təbəssümlə qarşılayırdı . Günlərin bir günü əlinə silah alıb döyüşün ən qızğın nöqtəsinə yollandı . 01.09.1992 ci - ildə Ağdərə rayonu , Mehmana kəndinin azad olunması uğrunda növbəti hücumda namərd düşmən gülləsi Elçini döyüşçü dostlarından ayırır .
Ailəsinin xahişi ilə anasının uyuduğu Lənkəran Şəhər Kiçik Bazar qəbirstanlığında dəfn olunur .
Dərin hüzn və ehtiramla yad edirik !!! Allah rəhmət eləsin !!!

İnformasiya şəhidin övladı Cavad Elçin oğlu Cavadov tərəfindən göndərilib.

22 fevral

RƏFİYEV FAİQ QƏZƏNFƏR oğlu

DOĞUM TARİXİ: 22/02/1955
VƏFAT TARİXİ: 10/01/1992
22 fevral 1955-ci ildə Füzuli rayonunun Sarıcıq kəndində dünyaya göz açmışdır. 1972-ci ildə Qarakollu kənd orta məktəbini bitirmişdir. 1973-75-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra vilayətin Plisetsk rayonunda milis sistemində çalışmışdır. O, işləyə-işləyə Sankt-Peterburq şəhərindəki Ali Hərbi Milis Məktəbinin qiyabi şöbəsində oxumuşdur. 1984-cü ildə təhsilini başa vurmuş və leytenant rütbəsi ilə həmin rayonda sahə müvəkkili kimi məsuliyyətli vəzifə tutmuşdur.
1990-cı ildə, 20 Yanvar faciəsindən sonra Azərbaycana qayıdaraq DİN-ə müraciət etmişdir. Milis sistemində təcrübəsini nəzərə alaraq, onu Xocavənd rayonuna sahə müvəkkili göndərirlər. O, bir zabit kimi Qarabağda gedən döyüşlərdə iştirak edir, postların qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində əlindən gələni əsirgəmirdi. Axullu, Tuğ, Qaradağlı kəndlərində göstərdiyi şücaətlər onun qəhrəmanlığından xəbər verirdi.
Koçbəy kəndi əsl quldur yuvasına çevrilmişdi. O, kəndi azad etmək üçün öz dəstəsi ilə hücum planı hazırlayır. Düşmən sayca çoxluq təşkil edirdi. Qanlı döyüşlərdən sonra erməni yaraqlıları dəstənin qarşısında tab gətirməyərək geri çəkilməyə başladı. O, qolundan yaralanmasına baxmayaraq, “İrəli, yalnız irəli!" - deyə, döyüş dostlarını ruhlandırırdı. Evlərdə gizlənən erməni yaraqlılarını axtarıb məhv edərkən, qəfil güllə cəsur komandirin sinəsini parçaladı. 10 yanvar 1992-ci ildə aldığı yaradan gözlərini əbədi yumdu.
Ailəli idi. İki qızı həyatda yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 2 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rəfiyev Faiq Qəzənfər oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Doğulduğu Sarıcıq kəndində dəfn edilmişdir.
Lökbatan qəsəbəsindəki  166 saylı orta məktəb onun adını daşıyır.