14 Temmuz 2020 Salı

2020-07-14 Şəhid Elçin Mustafazadə dəfn edilib

Ermənistan silahlı qüvvələrinin bölmələrinin Tovuz istiqamətində təxribatı nəticəsində gedən döyüşlərdə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, Ağstafa rayonu Həsənsu kənd sakini, 1992-ci il təvəllüdlü Mustafazadə Elçin Arif oğlu şəhid olub. Doğma Həsənsu kəndində dəfn olunan şəhidimizlə öncə yaşadığı ünvanda vida mərasimi keçirilib. Mərasimdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, millət vəkilləri Nizami Cəfərov və Qənirə Paşayeva, Müdafiə Nazirliyinin əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Vida mərasimdən sonra Elçin Mustafazadənin cənazəsi Həsənsu qəbiristanlığa aparılaraq torpağa tapşırılıb, məzarına tər qərənfil və qızıl güllər düzülüb. Seymur Orucov cənazənin üzərindəki müqəddəs bayrağımızı şəhədin Qardaşı İlkin Mustafazadəyə təqdim edib.

Ermənistan silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi məhv edilib – VİDEO

14 İYUL 2020 
Düşmənin aktiv döyüş fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi bölmələrimizin dəqiq atəşi ilə məhv edilib. 
                                                                             















Tovuz rayonu istiqamətində şiddətli döyüşlər gedir

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib.
Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.
Döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmancasına şəhid olub.
Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  aşağıda adları çəkilən hərbi qulluqçuları da şəhid olublar:
- polkovnik Mirzəyev İlqar Anzor oğlu;  
- mayor Əhmədov Namiq Hajan oğlu;  
- mayor Novruzov Anar Gülverdi oğlu;  
- gizir Zeynallı İlqar Ayaz oğlu;
- gizir Babayev Yaşar Vasif oğlu;
- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mustafazadə Elçin Arif oğlu.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçularımızın ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!
Döyüşlərdə yaralılar da var. Onlara dərhal tibbi müdaxilə edilib və həyatları üçün təhlükə yoxdur.
Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və yüzlərlə canlı qüvvəsi məhv edilib.
Hazırda bu istiqamətdə vəziyyət gərgin olaraq qalır, ağır döyüşlər gedir. Qarşı tərəf mülki əhalini və yaşayış məntəqələrimizi də atəşə tutur. Düşmənə qarşı həyata keçirilən cavab tədbirləri davam edir.
Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

mənbə:https://mod.gov.az/az/news/tovuz-rayonu-istiqametinde-siddetli-doyusler-gedir-31469.html

13 Temmuz 2020 Pazartesi

Baş leytenant Mahmudov Rəşad Rəşid oğlu

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi  məhv edilib.
Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.
Rəşad Mahmudov 2 iyul 1992-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. 2007-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə, 2010-cu ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2014-cü ildə təhsilini bitirdikdən sonra leytenant hərbi rütbəsi alıb və Milli Orduda xidmətə başlayıb. İlk illərində Ağstafa, sonra isə Tovuz rayonları istiqamətindəki təmas xəttində xidmət edib. Evin tək oğlu idi, qardaşı yeniyetmə yaşlarında dünyasını dəyişib. Anasının himayəsində böyümüşdü. Subay idi.
Şəhid olan baş leytenant Rəşad Rəşid oğlu Mahmudovun nəşi doğulduğu Biləsuvar rayonu Aşağı Cürəli kənd qəbiristanlığında dəfn edilib.
Dəfn mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Rəşad Məmmədov Şəhidin tabutuna bükülmüş Azərbaycan Bayrağı dayısı Bayram Hüseynova təhvil verilib.
 Allah rəhmət eləsin!



Baş əsgər 1996-cı il təvəllüdlü Elşad Dönməz oğlu Məmmədov dəfn olunub.


iyulun 12-də Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu, baş əsgər 1996-cı il təvəllüdlü Elşad Dönməz oğlu Məmmədov dəfn olunub.
 E.Məmmədovun cənazəsi doğulduğu Tovuzun Ağdam kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yerli sakinlər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon icra hakimiyyətinin nüməyəndələri iştirak edib.
Şəhid ailəli olub, 6 aylıq oğlu var.


Sadıqov Vüqar Lətif oğlu dəfn edilib

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Mənfur erməni silahlı qüvvələrinin növbəti təxribatının qarşısını alarkən Ağstafanın Yuxarı Göycəli kənd sakini, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Sadıqov Vüqar Lətif oğlu şəhid olub.
Vüqar Lətif oğlu Sadıqov 1987-ci ildə dünyaya gəlib. O, orta məktəbi bitirdikdən sonra əsgər kimi Azərbaycan Ordusunda xidmət edib, 2014-cü ildən etibarən Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyətə başlayıb. Şəhidin yadigar 3 azyaşlı övladı – 2 qızı, bir oğlu qalıb.
İyulun 13-də şəhid çavuşumuzun izdihamlı dəfn mərasimi keçirilib.
Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, kənd sakinləri, rayon ictimaiyyətinin nümayəndələri, Milli Məclisin deputatları mərasimdə iştirak ediblər.
Mərasimdə çıxış edənlər qüdrətli Azərbaycan ordusunun düşmənə hər an tutarlı cavab verməyə hazır olduğunu, şəhidlərimizin qanının yerdə qalmayacağını, Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrini gözlədiklərini bildiriblər.
Şəhidin atası Lətif Sadıqov oğul itkisinin ağır olmasına baxmayaraq, onun şəhidliyindən qürur duyduğunu bildirib.
Şəhid çavuş Yuxarı Göycəli qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycanın üçrəngli bayrağı şəhidin oğluna təqdim edilib.



Allah rəhmət eləsin!

Xəyyam Məhəmməd oğlu Daşdəmirov doğulduğu İsmayıllı rayonunun Balik kəndində torpağa tapşırılıb.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri Xəyyam Məhəmməd oğlu Daşdəmirov doğulduğu İsmayıllı rayonunun Balik kəndində torpağa tapşırılıb.
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, dəfn mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.
Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir.
Allah rəhmət eləsin!