15 Temmuz 2020 Çarşamba

14.07.2020 Şəhid mayor Anar Novruzov Masallıda dəfn edilib

İyulun 13-dən 14-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində gedən şiddətli döyüşlər zamanı  ordumuzun şəhid olan mayoru Novruzov Anar Gülverdi oğlu doğulduğu Masallı rayonu Ərkivan qəsəbəsinin qəbiristanlığında dəfn edilib. 
 APA-nın cənub bürosunun verdiyi məlumata görə, şəhidin tabutuna bükülmüş Azərbaycan Bayrağı övladına təhvil verilib . Şəhid mayorun vida mərasiminə rayon icra aparatının əməkdaşları, millət vəkilləri, hərbçilər və ictimaiyyət nümayəndələri qatılıb.
Şəhid mayor Anar Novruzov dəfn edildi -<b style="color:red"> Yenilənib</b>

14.07.2020 Şəhid mayor Namiq Əhmədov dəfn olunub

Ermənistanın təxribatı nəticəsində şəhid olan mayor Əhmədov Namiq Hajan oğlu dəfn edilib.
Şəhidin cənazəsi vidalaşmaq üçün əvvəlcə Qazaxın Yuxarı Salahlı kəndinə, doğulduğu evə gətirilib. 
Vida mərasimdən sonra N.Əhmədovun cənazəsi kənd qəbiristanlığına aparılaraq dəfn edilib. 

General Polad Həşimov və polkovnik İlqar Mirzəyev II Fəxri Xiyabanda dəfn olunub

Azərbaycan ordusunun iyulun 14-də Tovuzda şəhid olan general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev dəfn olunublar.
APA-nın xəbərinə görə, generalın və polkovnikin cənazələri bu gün səhər saatlarında II Fəxri Xiyabana gətirilib.
Xiyabanda hərbi orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yaylım atəşi açılıb.
Qeyd edək ki, iyulun 13-dən 14-ə keçən gecə düşmən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Həmin ərazidə baş verən şiddətli döyüşlər zamanı şəhid olan Azərbaycan Ordusunun general-mayoru, 1975-ci il təvəllüdlü Polad Həşimovun nəşi dünən doğulduğu Qəbələ rayonuna aparılıb, oradan isə Sumqayıta gətirilib, İlqar Mirzəyevin cənazəsi isə Bakıya gətirilib.

General-mayoru Polad Həşimov Azərbaycan tarixində ilk səngərdə əsgərlə bir şəhid olan generaldır.

14 Temmuz 2020 Salı

2020-07-14 Şəhid Elçin Mustafazadə dəfn edilib

Ermənistan silahlı qüvvələrinin bölmələrinin Tovuz istiqamətində təxribatı nəticəsində gedən döyüşlərdə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, Ağstafa rayonu Həsənsu kənd sakini, 1992-ci il təvəllüdlü Mustafazadə Elçin Arif oğlu şəhid olub. Doğma Həsənsu kəndində dəfn olunan şəhidimizlə öncə yaşadığı ünvanda vida mərasimi keçirilib. Mərasimdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, millət vəkilləri Nizami Cəfərov və Qənirə Paşayeva, Müdafiə Nazirliyinin əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Vida mərasimdən sonra Elçin Mustafazadənin cənazəsi Həsənsu qəbiristanlığa aparılaraq torpağa tapşırılıb, məzarına tər qərənfil və qızıl güllər düzülüb. Seymur Orucov cənazənin üzərindəki müqəddəs bayrağımızı şəhədin Qardaşı İlkin Mustafazadəyə təqdim edib.

Ermənistan silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi məhv edilib – VİDEO

14 İYUL 2020 
Düşmənin aktiv döyüş fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi bölmələrimizin dəqiq atəşi ilə məhv edilib. 
                                                                             















Tovuz rayonu istiqamətində şiddətli döyüşlər gedir

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib.
Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.
Döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmancasına şəhid olub.
Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  aşağıda adları çəkilən hərbi qulluqçuları da şəhid olublar:
- polkovnik Mirzəyev İlqar Anzor oğlu;  
- mayor Əhmədov Namiq Hajan oğlu;  
- mayor Novruzov Anar Gülverdi oğlu;  
- gizir Zeynallı İlqar Ayaz oğlu;
- gizir Babayev Yaşar Vasif oğlu;
- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mustafazadə Elçin Arif oğlu.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçularımızın ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!
Döyüşlərdə yaralılar da var. Onlara dərhal tibbi müdaxilə edilib və həyatları üçün təhlükə yoxdur.
Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və yüzlərlə canlı qüvvəsi məhv edilib.
Hazırda bu istiqamətdə vəziyyət gərgin olaraq qalır, ağır döyüşlər gedir. Qarşı tərəf mülki əhalini və yaşayış məntəqələrimizi də atəşə tutur. Düşmənə qarşı həyata keçirilən cavab tədbirləri davam edir.
Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

mənbə:https://mod.gov.az/az/news/tovuz-rayonu-istiqametinde-siddetli-doyusler-gedir-31469.html

13 Temmuz 2020 Pazartesi

Baş leytenant Mahmudov Rəşad Rəşid oğlu

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi  məhv edilib.
Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.
Rəşad Mahmudov 2 iyul 1992-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. 2007-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə, 2010-cu ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2014-cü ildə təhsilini bitirdikdən sonra leytenant hərbi rütbəsi alıb və Milli Orduda xidmətə başlayıb. İlk illərində Ağstafa, sonra isə Tovuz rayonları istiqamətindəki təmas xəttində xidmət edib. Evin tək oğlu idi, qardaşı yeniyetmə yaşlarında dünyasını dəyişib. Anasının himayəsində böyümüşdü. Subay idi.
Şəhid olan baş leytenant Rəşad Rəşid oğlu Mahmudovun nəşi doğulduğu Biləsuvar rayonu Aşağı Cürəli kənd qəbiristanlığında dəfn edilib.
Dəfn mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Rəşad Məmmədov Şəhidin tabutuna bükülmüş Azərbaycan Bayrağı dayısı Bayram Hüseynova təhvil verilib.
 Allah rəhmət eləsin!