23 Ekim 2021 Cumartesi

Sübhan Cəbrayılov Rahim oğlu



Başgizir Sübhan Cəbrayılov Rahimoğlu

23 Oktyabr 1983-cü ildə Salyan rayonunun Marışlı kəndində doğulub. 1989-cu ildə Salyan rayonunda R. Qafarov adına Marışlı kənd tam orta məktəbinin adına birinci sinfinə qəbul olmuşdur. 2000-ci ildə oradan məzun olmuşdur və hərbi xidmətə yollanmışdır. Azərbaycan, rus və erməni dillərində sərbəst danışırdı.

 2001-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. O, Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət eləmişdir. 2002-ci ildən isə xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə davam eləmişdir.

2004-cü ildən Xüsusi Təyinatlı Qüvvələrin Xızı rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.


2016-cı ilin Aprel döyüşləri

 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Sübhan Cəbrayılov, cəbhənin Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir.


2020-ci ilin Vətən müharibəsi

 2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatnalar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur. Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri olan Sübhan Cəbrayılov əvvəlcə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır. Sentyabrın 27-də səhər döyüşlərində Azərbaycan və Ermənistan bölmələri arasında mövcud olan təmas xətti yarılmışdır və döyüşlərin birinci saatları ərzində Füzuli rayonunun beş yaşayış məntəqəsi — Aşağı Əbdürrəhmanlı, Yuxarı Əbdürrəhmanlı, Kənd Horadiz, Qaraxanbəyli və Qərvənd işğaldan azad edilmişdir. Sübhan Cəbrayılovun mənsub olduğu tabor üç gün ərzində Füzuli rayonu istiqamətində bir sıra əlverişli mövqeləri işğaldan azad eləmişdir. Sentyabrın 29-da Tabor Komandiri Kamil Şirinov şəhid olmuşdur.

Azərbaycan və Ermənistan bölmələri arasında mövcud olan təmas xətti yarıldığdan sonra Sübhan Cəbrayılov və silahdaşları Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır. Xüsusi Təyinatlı Qüvvələr tərəfindən dörd gün ərzində Cəbrayıl şəhəri istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Cəbrayıl şəhəri və rayonun 14 yaşayış məntəqəsi — Aşağı Maralyan, Çaxırlı, Mehdili, Quycaq, Şəybəy, Cəfərabad, Çərən, Daşəsən, Dəjəl, Horovlu, Karxulu, Mahmudlu, Şürbəyli və Yuxarı Maralyan işğaldan azad edilmişdir.

Cəbrayıl şəhəri və rayonun şərq hissəsi işğaldan azad olunduğdan sonra Xüsusi Təyinatlı Qüvvələr Füzuli istiqamətində döyüşlərə daxil olmuşdur. Müharibənin birinci saatlarında işğaldan azad olunan və strateji əhəmiyyətə sahib olan Yuxarı Əbdürrəhmanlının Azərbaycan Ordusunun nəzarəti altında olması, Füzuli şəhərinə hücumu şərtləndirən amillərdən biri idi. Amma Ermənistan Ordusunun Füzuli şəhərində qurduğu müdafiə xəttindən dolayı Azərbaycan Ordusu Füzuli şəhərinə Xocavənd rayonu ərazisindən daxil olmağı qərara almışdır. 10 gündən çox Xocavənd rayonu ərazisində davam edən döyüşlərin nəticəsi olaraq strateji əhəmiyyətə sahib olan Hadrut qəsəbəsi işğaldan azad edilmişdir. Xüsusi Təyinatlı Qüvvələrin baş giziri Sübhan Cəbrayılov və döyüş yoldaşları Hadrut uğrunda gedən döyüşlər zamanı bir sıra qəhrəmanlıq nümunələri göstərmişdilər. Bunlar sırasında baş gizir Sübhan Cəbrayılov, baş gizir Camal İsmayılov, gizir Şəhriyar Quliyev və gizir Elyar Vəliyevdən ibarət olan qrupu Hadrut istiqamətində Ermənistan Ordusunun diversiya qrupunun pusquya salınması da daxildir.

Hadrut qəsəbəsinin işğaldan azad olunmasından sonra bölmələr Füzuli şəhəri istiqamətinə irəlləməzdən əvvəl strateji önəmə sahib olan, Hadrut qəsəbəsinin və Füzuli şəhərinin arasında olan Ərgünəş dağı nəzarətə alınmalı idi. Xüsusi Təyinatlı Qüvvələr və digər bölmələr tərəfindən Ərgünəş dağı uğrunda bir neçə gün davam edən döyüşlərin nəticəsində əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Ərgünəş dağı işğaldan azad olunmuşdur. Bundan sonra ayın 14-dən 16-na qədər üç gün ərzində Bulutan, Edilli və Xırmancıq işğaldan azad olunmuşdur. Füzuli rayonu istiqamətində də ciddi irəlləyiş əldə olunmuşdur. Əvvəlcə Füzuli rayonunun qərb hissəsində yerləşən Qaradağlı, Qaraqollu və Xatınbulaq, bir gün sonra (15.10.2020) isə Arış işğaldan azad edilmişdir.

Bununla da Azərbaycan Ordusu strateji nöqteyi nəzərdən ciddi üstünlüyə sahib olmuşdur, həm Xocavənd rayonunun şərq hissəsindən, həm də Füzuli rayonunun qərb hissəsindən Füzuli şəhəri nəzarət altına alınmışdır və Füzuli əməliyyatının əsas hissəsi başlanmışdır. 2 gün ərzində Füzuli istiqamətində ağır döyüşlər olmuşdur. 2-ci Ordu Korpusunun, Xüsusi Təyinatlı Qüvvələrin və Daxili Qoşunların da qatıldığı döyüşlərin nəticəsində Azərbaycan Ordusu tərəfindən qısa müddət ərzində Cuvarlı, Çimən, Dədəli, İşıqlı, Musabəyli, Pirəhmədli və Qoçəhmədli işğaldan azad edilmişdir. Nəticədə bütün istiqamətlərdən nəzarəti tam ələ alan Azərbaycan Ordusu Füzuli şəhərinə daxil olmağa nail olmuşdur. Ayın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Füzuli şəhərinin 27 il davam edən işğaldan azad olunduğunu bildirmişdir. O, həmçinin Füzuli uğrunda döyüşlərin ağır olduğunu vurğulamış və şəhərin şücaət hesabına azad olunduğunu bildirmişdir.

Cəbrayıl şəhərinin və rayonun geniş bir hissəsinin, Hadrut qəsəbəsinin və ətraf yaşayış məntəqələrinin, həmçinin Füzuli şəhərinin və rayonun geniş bir hissəsinin azad edilməsindən sonra əsasən Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlılarından ibarət olan dəstələrlə Azərbaycan Ordusu bölmələri Zəngilan rayonu istiqamətində döyüşlərə qatılmışdır və Zəngilan şəhəri qısa müddət ərzində işğaldan azad olunmuşdur.

Qısa müddət ərzində Zəngilanın azad edilməsindən sonra Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonu ərazisinə istiqamətlənmişdir. Ayın 18-də Qubadlı rayonu istiqamətində döyüşlər başlamışdır. Döyüşlər ərzində Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonunun 10-dan çox yaşayış məntəqəsinə daxil olmağa nail olmuşdur. Ayın 19-da Sübhan Cəbrayılov Qubadlı rayonu istiqamətində döyüşə daxil olmuşdur. Bu onun son döyüşü olmuşdur.


Şəhadəti

Sübhan Cəbrayılov və 40 nəfərdən ibarət olan qrup oktyabrın 19-da Laçın dəhlizinə nəzarəti ələ almaq üçün ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olmuşdular. Döyüşlər əvvəlcə Qubadlı rayonu istiqamətində olan əlverişli mövqelər uğrunda aparılmışdır. Qeyri-bərabər şəraitdə olan döyüşlərdə Ermənistan tərəfdən ~150-200 hərbi qulluqçusu döyüşmüşdür. 7 saatdan çox davam edən ağır döyüşlər nəticəsində Xüsusi Təyinatlı Qüvvələrdə Qrupun şəxsi heyətindən dörd nəfər — baş gizir Sübhan Cəbrayılov, baş gizir Camal İsmayılov, gizir Şəhriyar Quliyev və gizir Elyar Vəliyev şəhid olmuşdur. Ümumi olaraq Sübhan Cəbrayılovun mənsub olduğu tabor müharibə zamanı Xüsusi Təyinatlı Qüvvələrin ən çox şəhid verən taborudur. Sübhan Cəbrayılovun ayın 23-də, doğum günündə Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunmuşdur.


Sübhan Cəbrayılov Sevda Cəbrayılova ilə ailəli həyatı qurmuşdur. 2008-ci il təvəllüdlü Rahim adında oğlu və 2010-cu il təvəllüdlü Fidan adında qızı yadigar qalmışdır.


 TƏLTİFLƏRİ


26.06.2008— "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı


26.06.2012 — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı


26.06.2013 — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı


26.06.2017 — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı


26.06.2018 — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı


09.12.2020 — "Vətən Müharibəsi Qəhrəmanı" medalı 


15.12.2020 — "Vətən uğrunda" medalı


24.12.2020 — "Cəbrayılın azad olunmasına görə" medalı 


24.06.2021 — "Füzulinin azad olunmasına görə" medalı 


24.06.2021 — "Xocavəndin azad olunmasına görə" medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Hiç yorum yok:

Yorum Gönder