13 Temmuz 2020 Pazartesi

Baş əsgər 1996-cı il təvəllüdlü Elşad Dönməz oğlu Məmmədov dəfn olunub.


iyulun 12-də Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu, baş əsgər 1996-cı il təvəllüdlü Elşad Dönməz oğlu Məmmədov dəfn olunub.
 E.Məmmədovun cənazəsi doğulduğu Tovuzun Ağdam kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yerli sakinlər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon icra hakimiyyətinin nüməyəndələri iştirak edib.
Şəhid ailəli olub, 6 aylıq oğlu var.


Sadıqov Vüqar Lətif oğlu dəfn edilib

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Mənfur erməni silahlı qüvvələrinin növbəti təxribatının qarşısını alarkən Ağstafanın Yuxarı Göycəli kənd sakini, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Sadıqov Vüqar Lətif oğlu şəhid olub.
Vüqar Lətif oğlu Sadıqov 1987-ci ildə dünyaya gəlib. O, orta məktəbi bitirdikdən sonra əsgər kimi Azərbaycan Ordusunda xidmət edib, 2014-cü ildən etibarən Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyətə başlayıb. Şəhidin yadigar 3 azyaşlı övladı – 2 qızı, bir oğlu qalıb.
İyulun 13-də şəhid çavuşumuzun izdihamlı dəfn mərasimi keçirilib.
Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, kənd sakinləri, rayon ictimaiyyətinin nümayəndələri, Milli Məclisin deputatları mərasimdə iştirak ediblər.
Mərasimdə çıxış edənlər qüdrətli Azərbaycan ordusunun düşmənə hər an tutarlı cavab verməyə hazır olduğunu, şəhidlərimizin qanının yerdə qalmayacağını, Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrini gözlədiklərini bildiriblər.
Şəhidin atası Lətif Sadıqov oğul itkisinin ağır olmasına baxmayaraq, onun şəhidliyindən qürur duyduğunu bildirib.
Şəhid çavuş Yuxarı Göycəli qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycanın üçrəngli bayrağı şəhidin oğluna təqdim edilib.



Allah rəhmət eləsin!

Xəyyam Məhəmməd oğlu Daşdəmirov doğulduğu İsmayıllı rayonunun Balik kəndində torpağa tapşırılıb.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri Xəyyam Məhəmməd oğlu Daşdəmirov doğulduğu İsmayıllı rayonunun Balik kəndində torpağa tapşırılıb.
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, dəfn mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.
Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir.
Allah rəhmət eləsin!



12 Temmuz 2020 Pazar

12 iyul

Raquf Orucov 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində Raya və İbrahim Orucovların ailəsində anadan olub. Ailənin birinci övladı olan Raqufun özündən başqa üç qardaşı və bir bacısı var idi. 1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrıldı və çətin günlərdə Azərbaycan Ordusunun sıralarına qoşuldu. Anası Raya xanım oğlu üçün yaman nigaran idi. Günlərin birində Raquf evə axsayarağ gəldi. Raquf Orucov bu üç-dörd ay ərzində Fərrux dağı və Aranzəmin kəndində aparılan hərbi əməliyyatlar zamanı ayağından ağır qəlpə yarası aldı. Anası onun yaralandığını görməsin deyə, Raquf iradəsini topladı, anası ilə görüşdən yayındı. Elə həmin günlərdə ermənilərin Ağdam rayonunu atəşə tutması nəticəsində Raquf Orucovun dayısı Azər Rəhimov şəhid oldu. Qanlı döyüşlərdə Azərbaycan ordusu nə qədər şücaət göstərsədə, 1993-cü ilin 12 iyun günündə rus-erməni ordusu Ağdam rayonunun Cinli kəndini işğal etdi. İşğal nəticəsində beş övlad anası olan Raya xanım namərd düşmən gülləsindən şəhid oldu. Elə həmin ildəcə Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə verdi, amma məktəbə qəbul ola bilmədi. Buna baxmayaraq o, ruhdan düşmədi və ertəsi il həmin məktəbə qəbul oldu. Anasının qisasını ermənilərdən alacağı ümidilədə onun şərəfli hərbçi həyatı başladı.
R.Orucov 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Belə ki, 2016-cı ilin aprel ayının əvvəlindən polkovnik-leytenant Raquf Orucov sonuncu döyüşünə qatıldı. Aprelin 5-i polkovnik-leytenant Raquf Orucov son mənzilə yola salındı. 
XTQ SEYMUR BAXİŞOV


Əslən Masallı rayonundan olan Seymur Baxışov 1987-ci ilin 12 iyul günündə Sumqayıt şəhərində Qulamhüseyn və Zemfira Baxışovların ailəsində anadan olub. 1994-2005-ci illərdə Sumqayıt şəhərində yerləşən 14 saylı tam orta məktəbdə təhsil alan Seymur Baxışov 2009-cu ildə Aynur xanım ilə ailəli həyatı qurdu; Amin adında bir oğlu yadigar qalıb.
Kiçik gizir Seymur Baxışov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
Aprelin 19-u onun meyiti təmas xəttindən götürüldü, 20-si isə Seymur Baxışov doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanınnda son mənzilə yola salındı.
Seymur Baxışov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.


XTQ SƏRXAN BAYRAMOV


Sərxan Bayramov 1993-cü ilin 12 iyul tarixində Zaqatala şəhərində anadan olub.
Əsgər Sərxan Bayramov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
Aprelin 11-i isə Sərxan Bayramov doğulduğu Zaqatala şəhərində son mənzilə yola salındı.
Sərxan Bayramov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

12.07.2020 Şəhidimiz var


12 iyul 2020 - çi iltarixində ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-ermənistan dövlət sərhədinin Tovuz istiqamətindən ağır silahlarla hücuma keçməsi nəticəsində 3 hərbi qulluqçumuz ŞƏHİD olmuş, 5 nəfər isə yaralanmışdır.
 ŞƏHİDlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyir. Yaralıların isə tez bir zamanda sağalmasını diləyirik!
Vətən sevgisindən güc alan əsgərlərimizin yanındayıq! Allah Şanlı Ordumuzu qorusun!


7 Temmuz 2020 Salı

07.07.1993 Ağdərənin işğal günü

Ağdərə rayonunun erməni seperatçı qüvvələri tərəfindən işğalından 27 il ötür!
İşğal tarixi: 1993-cü il 7 iyul

​​​​​​Ərazi: 1936 kv.km

Əhalisi: 4 600  nəfər (2015-ci ilə dair məlumat)
Çiləbörd (Çələbiyurd), 1991-ci ilə qədər Mardakert, həmin tarixdən ləğv olunana kimi Ağdərə adlanmışdır. İnzibati mərkəzi Ağdərə şəhəri olmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 nömrəli qərarına əsasən Ağdərə rayonu ləğv edilmiş, Azərbaycan hökumətinin qərarı ilə Ağdərə rayonu ləğv edilərək, ərazisi Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölünmüşdür. 
Qarabağ müharibəsinin başlanğıcında Ermənistan silahli qüvvələri Dağlıq Qrabağın digər rayonları ilə bərabər Ağdərəni də işğal etdi. Azərbaycan ordusunun hücumu nəticəsində 1992-ci ildə Ağdərə rayonu ərazisinin bir hissəsi Ermənistanın işğalından azad edildi. Lakin 1993-cü ildə başlanan 4 iyun Gəncə qiyamı zamanı Ermənistan silahlı qüvvələri 7 iyul 1993-cü ildə Ağdərə şəhərini və rayonun bir çox kəndlərini yenidən işğal etdi. Hal-hazırda keçmiş Ağdərə rayonunun bir neçə kəndi Azərbaycan Respublikasının nəzarətində olsa da, Ağdərə şəhəri də daxil olmaqla ərazilərinin çox hissəsi Ermənistan silahlı qüvvələrinin nəzarəti altındadır. Ağdərə rayonu ləğv edildikdən sonra Tərtər rayonu inzibati ərazisinə daxil edilən Talış, Seysulan və Madaqiz kəndləri  Azərbaycan Ordusu tərəfindən 2017-ci il aprel döyüşləri zamanı işğaldan azad olundu.
Memarlıq abidələrindən Vəngli kəndindəki məşhur Gəncəsər alban məbədi, Xanaberd qalası, Herabert qəsəbəsində Hermuk qalası, Kolatağ kəndində müqəddəs İako məbədi (635-ci il) var idi. Son məlumatlara görə Talış kəndi yaxınlığındakı XII əsrə aid Urek məbədi, Qasapet kəndində Hatəm Məlik qalası, Madagiz kəndində Yegiş Arakel məbədi (XII əsr) və qədim körpülər dağıdılmışdır. Əsası 1240-cı ildə Həsən Cəlal tərəfındən qoyulmuş məşhur Gəncəsar alban məbədi də Ağdərə (indi Kəlbəcər) ərazisində idi.

2 Temmuz 2020 Perşembe

Şəhid polislər

Şəhid polislər 



 Əsədov Məhəmməd Nəbi oğlu
General-mayor
1941-1991
General Əsədov Məhəmməd Nəbi oğlu 1941-ci il dekabr ayının 5-də Zəngilan rayonunun Baharlı kəndində anadan olub. 1958-ci ildə Mincivan qəsəbə orta məktəbini bitirdikdən sonra 1960-cı ildə Bakı Statistika Texnikumunu, 1970-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.
Əmək fəaliyyətinə Zəngilan rayon Dövlət Statistika Müfəttişliyində inspektor vəzifəsində çalışmaqla başlamışdır. 1961-ci ildə orduya çağırılıb. Əsgəri xidməti başa vurduqdan sonra Sumqayıt şəhərində Sənaye Tikinti Nazirliyinin 21 saylı trestində işləyib. Bir il sonra bu idarədə iqtisadçı, 1967-ci ildən isə həmin trestin 26 saylı tikinti idarəsində plan-iqtisad şöbəsinin rəisi vəzifəsinə təyin edilib. 1968-ci ilin dekabr ayından Sumqayıt şəhər Partiya Komitəsinin sənaye-nəqliyyat şöbəsinin təlimatçısı, 1973-cü ildən həmin şöbənin rəisi, 1975-ci ildən isə təşkilat şöbəsinin rəisi olub. 1978-ci ildə Ağsu rayon Xalq Deputatları Soveti İcraiyyə komitəsinin sədri seçilib.
1983-cü ildə Bakı Ali Partiya məktəbini bitirdikdən sonra Beyləqan rayon Mərkəzi Komitəsinə birinci katib vəzifəsinə təyin edilib. 1988-ci ilə qədər Azərbaycan KP MK-da inzibati orqanlar şöbəsinin müdiri, 1988-1990-cı illərdə Ağdaş və Quba rayon Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində işləyib.
1990-cı ilin mayında Azərbaycan Respublikasının Daxili İşlər Naziri, 1991-ci ilin noyabrında Dövlət Müşaviri vəzifəsinə təyin edilib.
1991-ci il noyabrın 20-də Dağlıq Qarabağda Qarakənd kəndi səmasında ermənilər tərəfindən vurulan MN 8 hərbi vertalyotunda şəhid olmuşdur. Bakı şəhərində Fəxri Xiyabanda dəfn edilib.

Əli Vəliyev Qarabağ münaqişəsi başlayan zaman Xocalı rayon polis şöbəsində Yol Patrol Xidmətində İnspektor vəzifəsini icra edib. 1962-ci ildə Ağdam rayonunda doğulan şəhidimiz münaqişə zamanı Dağlıq Qarabağda erməni vandallarının azərbaycanlılara qarşı törətmək isdədiyi bir çox qətliamın qarşısını alıb.

Qəhrəman Vətən oğlu sonuncu dəfə Şuşadan Ağdama gedən fəhlə avtobusuna olunan erməni hücumun qarşısın alıb. Daha sonra bu hücum planını tərtib edən erməniləri müəyyən edərək xidmət vaxtından sonra tək başına həmin şəxslərin üstünə gedib. Əlbəyaxa qaldığı “yüksək rütbəli” erməniləri bütün ictimaiyyət içində necə deyərlər sındırır. Lakin qəhrəmanımızın bu jesti bəzi dairələri narahat etməyə başlayır. O xeyli hədə-qorxulara məruz qalsa da bu şərəfli yoldan çəkinmir. Nəhayət 1991-ci 26 sentyabr tarixində, Əsgəran istiqamətində o öz xidmətçi yoldaşı Natiq Əhmədovla birgə ermənilərin hazırladığı pusquya düşür. Amansız düşmən yuxarının tapşırdığı hədəfə - yəni Vəliyev Əliyə və yoldaşına 69 güllə vurur. Onun 68-i Əli Vəliyevin vucuduna tuş gəlir.(Məqsəd bəllidir ki, düşmənin niyyəti onu qətlə yetirmək olub)

Hadisənin o vaxtkı şahidlərindən biri olan jurnalist , Allahverdi Əsədov həmin günü belə xatırlayır:

“Xəbər verildi ki, ermənilər Əsgəran yolunda iki polsimizi şəhid edib. Çəkiliş qrupu ilə hadisə yerinə getdim. Çatanda baxdım ki, şəhid olanlardan biri Əli Vəliyevdir. Əliyə 68 güllə vurmuşdular. Onun cansız bədənində tam 68 yara var idi. Bu qətl ermənilər tərəfindən planlaşdırılmış qətl idi. Çünki rəhmətlik Qarabağda şəxsi qəhrəmanlığı sayəsində xeyli basqının qarşısını alaraq yüzlərlə insanın həyatını xilas etmişdi. Əlini uşaqlıq illərindən tanıyırdım. O Ağdamın Xındırstan kənd orta məktəbində mənim şagirdim olmuşdu. O hələ uşaqlıq illərindən öz Vətənpərvərliyi ilə yoldaşlarından seçilirdi…”, - deyir Allahverdi Əsədov.

Xatırladaq ki, qəhrəman polis Əli Vəliyev şəhid olarkən onun biri qız, biri oğlan olmaqla iki azyaşlı övladı olub. Hazırda şəhidin yeganə oğul övladı da polisdir. Atasının şərəfli yolunu davam etdirir.


ƏHMƏDOV NATİQ İLYAS oğlu
Azərbaycanın Milli Qəhrəmanı Əhmədov Natiq İlyas oğlu 1 sentyabr 1969-cu ildə Xocalı rayonunun Kosalar kəndində anadan olub. Ailələri Kosalar kəndindən Ağdamın Novruzlu kəndinə köçəndə Natiqin 6 yaşı var idi. O, elə burada böyüyüb boya-başa çatdı. Orta məktəbi bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Artilleriya hissəsində hərbi xidmətdə olur.
Natiq Əhmədov 1988-ci ildə ordudan tərxis olunur. Bir müddət Kalininqradda qalıb işləyir. Vətən çağırır onu. Novruzluya qayıdıb üzümçülük kolxozunda çalışır.
Natiq Əhmədov boy-buxunda, fiziki möhkəmlikdə yoldaşlarından seçilirdi. Rayonda keçirilən müxtəlıf idman yarışlarında oxuduğu məktəbin şərəfini həmişə ləyaqətlə qoruyurdu. Hələ orta məktəbi bitirərkən onu Ağdamın futbol komandasına dəvət etmişdilər. Sonralar isə o, Riqada Şərq əlbəyaxa döyüşü sənətini-karateni öyrənmişdi.
O, ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklərin saya gəlmədiyi bir vaxtda Xocalı Rayon Daxili İşlər Şöbəsində yol-patrul xidməti müfəttişi vəzifəsinə qəbul edilir. Həmin dövrdə Qarabağın dağlıq hissəsində yerləşən kəndlərə, eləcə də Şuşaya gediş-gəlış son dərəcə çətinləşmişdi. Ermənilər yol boyunca pusqular qurur, ardı-arası kəsilməyən terror əməlləri törədirdilər.
Natiq Əhmədov Ağdam-Şuşa marşrutu ilə hərəkət edən sərnişin avtobuslarının təhlükəsizliyini təmin etmək üçün dəfələrlə ölümlə üzbəüz gəlmişdi.
26 sentyabr 1991-ci il... O, xidməti yoldaşı Əlı ilə Əsgərandan keçib Xocalıya öz iş yerinə getməli idi. Ancaq iki dost, iki silahdaş iş yerinə gedib çıxa bilmədi. Əsgəran qalasına yaxınlaşanda Əlinin idarə etdiyi maşın pusqu qurmuş ermənilər tərəfindən atəşə tutuldu. Vətəni canlarından artıq sevən bu iki gənc qəhrəmancasına həlak oldu.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əhmədov Natiq İlyas oğluna ölümündən sonra “ Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Ağdam rayonunun Novruzlu kəndində dəfn edilmişdir.


Cirinqov Ramazan
ÇİRİNQOV RAMAZAN HEYBULLAH oğlu
15 fevral 1969-cu ildə Balakən rayonunun Meşəşambul kəndində anadan olmuşdur. 1986-cı ildə Meşəşambul kənd orta məktəbini bitirmişdir. 1987-ci ildə Balakən rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Ramazan əsgəri xidmətini Əfqanıstanda keçirmişdir. Beynəlmiləl ordunun tərkibində Əfqanıstanda aparılan hərbi əməliyyatlarda fəal iştirak etmiş, göstərdiyi şücaətə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və “Beynəlmiləl döyüşçüyə” döş nişanı ilə təltif edilmişdir. Ramazan Çirinqov 1989-cu ildə ordudan tərxis olunaraq, Balakən rayon Daxili İşlər Şöbəsində polis nəfəri kimi əmək fəaliyyətinə başlayır.

O vaxtlar Qarabağda erməni separatçıları günbəgün quduzlaşırdılar. O, bir polis əməkdaşı kimi dəfələrlə Qarabağa ezam olunur, torpaqlarımızın müdafiəsi uğrunda aparılan əməliyyatlarda yaxından iştirak edirdi.

1995-ci il... Balakən rayonunda cinayətkar dəstənin tutulub zərərsizləşdirilməsində o, əsl rəşadət göstərir. Dövlət sərhədini keçməyə cəhd edən qaçaqmalçıların vaxtında qarşısını alan polis starşinası 3 sentyabr 1995-ci ildə öz xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmanlıqla həlak olur.
Subay idi.

Azərbaycan Respublikası prezidentinin 26 dekabr 1995-ci il tarixli 424 saylı fərmanı ilə Çirinqov Ramazan Heybullah oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Meşəşambul kəndində dəfn edilmişdir.

Balakən şəhərindəki küçələrdən biri onun adını daşıyır.


Kazımov Nəsimi Kazım oğlu 1968-ci ildə Qaradağlı kəndində anadan olmuşdur. 

Qaradağlı kənd orta məktəbini bitirmişdir. Qısa, ancaq şərəfli bir ömür yaşayan, Vətən yolunda Şəhid olan oğullardan biri də Qaradağlı Milis (Polis) bölməsinin əməkdaşı olan Nəsimi Kazımov idi. Xarakterli, qorxmaz və dərin hörmətə malik olan Nəsimi Kazımov Qaradağlı kəndinin ermənilərdən müdafiəsində yaxından iştirak etmişdir. Qaradağlı kəndi 17.02.1992-ci il tarixdə erməni quldur birləşmələri tərəfindən işğal olunduğu zaman kənd sakinləri ilə yanaşı Nəsimi Kazımov da ermənilər tərəfindən əsir götürülmüş və "Bəylik Bağı"nda qətlə yetirilmiş, Şəhid olmuşdur. 

Nəsimi Kazımov subay idi.

#ŞəhidPolislərimiz #AzərbaycanPolisi102Yaşında

#AzərbaycanPolisi102Yaşında