2 Temmuz 2020 Perşembe

Şəhid polislər

Şəhid polislər 



 Əsədov Məhəmməd Nəbi oğlu
General-mayor
1941-1991
General Əsədov Məhəmməd Nəbi oğlu 1941-ci il dekabr ayının 5-də Zəngilan rayonunun Baharlı kəndində anadan olub. 1958-ci ildə Mincivan qəsəbə orta məktəbini bitirdikdən sonra 1960-cı ildə Bakı Statistika Texnikumunu, 1970-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.
Əmək fəaliyyətinə Zəngilan rayon Dövlət Statistika Müfəttişliyində inspektor vəzifəsində çalışmaqla başlamışdır. 1961-ci ildə orduya çağırılıb. Əsgəri xidməti başa vurduqdan sonra Sumqayıt şəhərində Sənaye Tikinti Nazirliyinin 21 saylı trestində işləyib. Bir il sonra bu idarədə iqtisadçı, 1967-ci ildən isə həmin trestin 26 saylı tikinti idarəsində plan-iqtisad şöbəsinin rəisi vəzifəsinə təyin edilib. 1968-ci ilin dekabr ayından Sumqayıt şəhər Partiya Komitəsinin sənaye-nəqliyyat şöbəsinin təlimatçısı, 1973-cü ildən həmin şöbənin rəisi, 1975-ci ildən isə təşkilat şöbəsinin rəisi olub. 1978-ci ildə Ağsu rayon Xalq Deputatları Soveti İcraiyyə komitəsinin sədri seçilib.
1983-cü ildə Bakı Ali Partiya məktəbini bitirdikdən sonra Beyləqan rayon Mərkəzi Komitəsinə birinci katib vəzifəsinə təyin edilib. 1988-ci ilə qədər Azərbaycan KP MK-da inzibati orqanlar şöbəsinin müdiri, 1988-1990-cı illərdə Ağdaş və Quba rayon Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində işləyib.
1990-cı ilin mayında Azərbaycan Respublikasının Daxili İşlər Naziri, 1991-ci ilin noyabrında Dövlət Müşaviri vəzifəsinə təyin edilib.
1991-ci il noyabrın 20-də Dağlıq Qarabağda Qarakənd kəndi səmasında ermənilər tərəfindən vurulan MN 8 hərbi vertalyotunda şəhid olmuşdur. Bakı şəhərində Fəxri Xiyabanda dəfn edilib.

Əli Vəliyev Qarabağ münaqişəsi başlayan zaman Xocalı rayon polis şöbəsində Yol Patrol Xidmətində İnspektor vəzifəsini icra edib. 1962-ci ildə Ağdam rayonunda doğulan şəhidimiz münaqişə zamanı Dağlıq Qarabağda erməni vandallarının azərbaycanlılara qarşı törətmək isdədiyi bir çox qətliamın qarşısını alıb.

Qəhrəman Vətən oğlu sonuncu dəfə Şuşadan Ağdama gedən fəhlə avtobusuna olunan erməni hücumun qarşısın alıb. Daha sonra bu hücum planını tərtib edən erməniləri müəyyən edərək xidmət vaxtından sonra tək başına həmin şəxslərin üstünə gedib. Əlbəyaxa qaldığı “yüksək rütbəli” erməniləri bütün ictimaiyyət içində necə deyərlər sındırır. Lakin qəhrəmanımızın bu jesti bəzi dairələri narahat etməyə başlayır. O xeyli hədə-qorxulara məruz qalsa da bu şərəfli yoldan çəkinmir. Nəhayət 1991-ci 26 sentyabr tarixində, Əsgəran istiqamətində o öz xidmətçi yoldaşı Natiq Əhmədovla birgə ermənilərin hazırladığı pusquya düşür. Amansız düşmən yuxarının tapşırdığı hədəfə - yəni Vəliyev Əliyə və yoldaşına 69 güllə vurur. Onun 68-i Əli Vəliyevin vucuduna tuş gəlir.(Məqsəd bəllidir ki, düşmənin niyyəti onu qətlə yetirmək olub)

Hadisənin o vaxtkı şahidlərindən biri olan jurnalist , Allahverdi Əsədov həmin günü belə xatırlayır:

“Xəbər verildi ki, ermənilər Əsgəran yolunda iki polsimizi şəhid edib. Çəkiliş qrupu ilə hadisə yerinə getdim. Çatanda baxdım ki, şəhid olanlardan biri Əli Vəliyevdir. Əliyə 68 güllə vurmuşdular. Onun cansız bədənində tam 68 yara var idi. Bu qətl ermənilər tərəfindən planlaşdırılmış qətl idi. Çünki rəhmətlik Qarabağda şəxsi qəhrəmanlığı sayəsində xeyli basqının qarşısını alaraq yüzlərlə insanın həyatını xilas etmişdi. Əlini uşaqlıq illərindən tanıyırdım. O Ağdamın Xındırstan kənd orta məktəbində mənim şagirdim olmuşdu. O hələ uşaqlıq illərindən öz Vətənpərvərliyi ilə yoldaşlarından seçilirdi…”, - deyir Allahverdi Əsədov.

Xatırladaq ki, qəhrəman polis Əli Vəliyev şəhid olarkən onun biri qız, biri oğlan olmaqla iki azyaşlı övladı olub. Hazırda şəhidin yeganə oğul övladı da polisdir. Atasının şərəfli yolunu davam etdirir.


ƏHMƏDOV NATİQ İLYAS oğlu
Azərbaycanın Milli Qəhrəmanı Əhmədov Natiq İlyas oğlu 1 sentyabr 1969-cu ildə Xocalı rayonunun Kosalar kəndində anadan olub. Ailələri Kosalar kəndindən Ağdamın Novruzlu kəndinə köçəndə Natiqin 6 yaşı var idi. O, elə burada böyüyüb boya-başa çatdı. Orta məktəbi bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Artilleriya hissəsində hərbi xidmətdə olur.
Natiq Əhmədov 1988-ci ildə ordudan tərxis olunur. Bir müddət Kalininqradda qalıb işləyir. Vətən çağırır onu. Novruzluya qayıdıb üzümçülük kolxozunda çalışır.
Natiq Əhmədov boy-buxunda, fiziki möhkəmlikdə yoldaşlarından seçilirdi. Rayonda keçirilən müxtəlıf idman yarışlarında oxuduğu məktəbin şərəfini həmişə ləyaqətlə qoruyurdu. Hələ orta məktəbi bitirərkən onu Ağdamın futbol komandasına dəvət etmişdilər. Sonralar isə o, Riqada Şərq əlbəyaxa döyüşü sənətini-karateni öyrənmişdi.
O, ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklərin saya gəlmədiyi bir vaxtda Xocalı Rayon Daxili İşlər Şöbəsində yol-patrul xidməti müfəttişi vəzifəsinə qəbul edilir. Həmin dövrdə Qarabağın dağlıq hissəsində yerləşən kəndlərə, eləcə də Şuşaya gediş-gəlış son dərəcə çətinləşmişdi. Ermənilər yol boyunca pusqular qurur, ardı-arası kəsilməyən terror əməlləri törədirdilər.
Natiq Əhmədov Ağdam-Şuşa marşrutu ilə hərəkət edən sərnişin avtobuslarının təhlükəsizliyini təmin etmək üçün dəfələrlə ölümlə üzbəüz gəlmişdi.
26 sentyabr 1991-ci il... O, xidməti yoldaşı Əlı ilə Əsgərandan keçib Xocalıya öz iş yerinə getməli idi. Ancaq iki dost, iki silahdaş iş yerinə gedib çıxa bilmədi. Əsgəran qalasına yaxınlaşanda Əlinin idarə etdiyi maşın pusqu qurmuş ermənilər tərəfindən atəşə tutuldu. Vətəni canlarından artıq sevən bu iki gənc qəhrəmancasına həlak oldu.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əhmədov Natiq İlyas oğluna ölümündən sonra “ Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Ağdam rayonunun Novruzlu kəndində dəfn edilmişdir.


Cirinqov Ramazan
ÇİRİNQOV RAMAZAN HEYBULLAH oğlu
15 fevral 1969-cu ildə Balakən rayonunun Meşəşambul kəndində anadan olmuşdur. 1986-cı ildə Meşəşambul kənd orta məktəbini bitirmişdir. 1987-ci ildə Balakən rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Ramazan əsgəri xidmətini Əfqanıstanda keçirmişdir. Beynəlmiləl ordunun tərkibində Əfqanıstanda aparılan hərbi əməliyyatlarda fəal iştirak etmiş, göstərdiyi şücaətə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və “Beynəlmiləl döyüşçüyə” döş nişanı ilə təltif edilmişdir. Ramazan Çirinqov 1989-cu ildə ordudan tərxis olunaraq, Balakən rayon Daxili İşlər Şöbəsində polis nəfəri kimi əmək fəaliyyətinə başlayır.

O vaxtlar Qarabağda erməni separatçıları günbəgün quduzlaşırdılar. O, bir polis əməkdaşı kimi dəfələrlə Qarabağa ezam olunur, torpaqlarımızın müdafiəsi uğrunda aparılan əməliyyatlarda yaxından iştirak edirdi.

1995-ci il... Balakən rayonunda cinayətkar dəstənin tutulub zərərsizləşdirilməsində o, əsl rəşadət göstərir. Dövlət sərhədini keçməyə cəhd edən qaçaqmalçıların vaxtında qarşısını alan polis starşinası 3 sentyabr 1995-ci ildə öz xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmanlıqla həlak olur.
Subay idi.

Azərbaycan Respublikası prezidentinin 26 dekabr 1995-ci il tarixli 424 saylı fərmanı ilə Çirinqov Ramazan Heybullah oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Meşəşambul kəndində dəfn edilmişdir.

Balakən şəhərindəki küçələrdən biri onun adını daşıyır.


Kazımov Nəsimi Kazım oğlu 1968-ci ildə Qaradağlı kəndində anadan olmuşdur. 

Qaradağlı kənd orta məktəbini bitirmişdir. Qısa, ancaq şərəfli bir ömür yaşayan, Vətən yolunda Şəhid olan oğullardan biri də Qaradağlı Milis (Polis) bölməsinin əməkdaşı olan Nəsimi Kazımov idi. Xarakterli, qorxmaz və dərin hörmətə malik olan Nəsimi Kazımov Qaradağlı kəndinin ermənilərdən müdafiəsində yaxından iştirak etmişdir. Qaradağlı kəndi 17.02.1992-ci il tarixdə erməni quldur birləşmələri tərəfindən işğal olunduğu zaman kənd sakinləri ilə yanaşı Nəsimi Kazımov da ermənilər tərəfindən əsir götürülmüş və "Bəylik Bağı"nda qətlə yetirilmiş, Şəhid olmuşdur. 

Nəsimi Kazımov subay idi.

#ŞəhidPolislərimiz #AzərbaycanPolisi102Yaşında

#AzərbaycanPolisi102Yaşında

Hiç yorum yok:

Yorum Gönder