11 Eylül 2021 Cumartesi

Şəhid Kənan Quliyev


 

Kənan Quliyev 11 sentyabr 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan olmuşdur.

 Vətən müharibəsi zamanı Qubadlı istiqamətində gedən döyüşlərdə xüsusi cəsurluq nümayiş etdirərək iştirak etmişdir. 26 oktyabr 2020-ci ildə Qubadlı şəhəri uğrunda gedən döyüşlərdə düşmənin qəfil gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olmuşdur. Culfa şəhərində dəfn olunmuşdur.

Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. 


#AzərbaycanQəhrəmanları

#QəhrəmanlarımızıTanıyaq

#QəhrəmanlarımızıUnutmayaq

10 Eylül 2021 Cuma

Cəbrayıl Dövlətzadə Dövlət oğlu




 11 Sentyabr 2001-ci ildə Sumqayıt şəhərində doğulub. Əslən Zəngilan rayonundandır. Bir bacısı və bir qardaşı var. Rəsm çəkib, musiqi bəstələyib, eyni zamanda 9 il cüdo ilə məşğul olub. Hətta idman sahəsində mükafatlara layiq görülüb.

Cəbrayılın 8 yaşı olanda valideynləri ayrılıb. Anasının sözlərinə görə əri övladları ilə maraqlanmayıb. Lakin Cəbrayıl elə o yaşdan etibarən özünü ailə başçısı kimi aparıb.

12 yaşından ofisiant işləməyə başlayıb. Cəbrayıl Dövlətzadəni bir çox istiqamətlərdə istedadı olub. O hətta yeniyetmə yaşlarında həvəskar rep də oxuyub:

Əksər şəhidlər kimi onun da qısa ömrü süd işığında aydınlanıb. Tanışları, yaxınları, hər kəs onun haqqında danışanda, fövqəladə birindən söz açırmış kimi ürəklə danışır. Təkcə anasının dediyi bu 3 cümləyə diqqət etsək, Cəbrayılın alın yazısını və pasportunu aydın görə bilərik:

Cəbrayıl Dövlətzadə 2019-cu ilin oktyabr ayından Cəlilabadda sərhəd qoşunlarında xidmət edirdi.

Tovuz döyüşlərində general Polad Həşimovun şəhid olması 19 yaşlı əsgəri olduqca məyus edir. Həmin gün verdiyi söz yerdə qalan iki aylıq həyatının mayakına çevrilir: Polad Həşimovun qisasını alacam.

Ərizə yazaraq, xüsusi təyinatlı tabora qatılır. 44 günlük müharibə başlanan an könüllü olaraq döyüşə atılır.

Murovdağda düşmən mövqelərinin və xüsusi postlarının ələ keçirilməsi planı həyata keçirilir. Əməliyyatda 11 zabitlə yanaşı 19 yaşlı Cəbrayıl da iştirak edir. Anası müsahibələrindən birində qeyd edir ki, ona verilən məlumata görə Cəbrayıl ən təhlükəli anda zabitlərə səslənərək, onların ailəli olduğunu deyib və geri qayıtmaqlarını xahiş edib.

Əslində Cəbrayıl missiyasının astanasında idi.

Həmyaşıdlarının hələ də həqiqi hərbi xidməti başa çatmayan Cəbrayıl yalın əllə düşmən generalının, polkovnikin üstünə gedəndə yəqin ki, hədəfinə çatdığını yaxşı bilirdi. Onun qarşısındakı düşmən generalı, polkovniki kimliyindən asılı olmayaraq, bu an Polad Həşimovun qatili idi.

Dövlətzadə düşmən postunda 10 müxtəlif rütbəli erməni zabiti ilə üz-üzə qalır. O, bu hücum zamanı öncə erməni generalını öldürür. Əlbəyaxa döyüşdə isə düşmən polkovnikini yalın əllə boğur.

Anası Məleykə Məmmədzadənin Cəbrayılın döyüş yoldaşılarından aldığı məlumata görə Dövlətzadə həmin əməliyyata tək girib və 11-ə yaxın düşmən hərbçisi öldürüb.

Cəbrayıl əməliyyat zamanı yaralanıb. Lakin yoldaşları onu hadisə yerindən çıxaranda o özündə əli ilə “əla” işarəsi də göstərməyə güc tapıb. Yəqin ki, bu işarə onun istədiyini həyata keçirdiyindən irəli gəlirdi.

Cəmi bir gün döyüşən, son aylar ərzində qurduğu bütün planları bir günə, hətta bir neçə saata həyata keçirən Cəbrayıl Dövlətzadə 2020-ci ilin sentyabrın 28—də çoxlu qan itirdiyi üçün şəhid olur...

O, ailəsini, gənc ömrünü qurban verdiyi idealı, mərhum general Polad Həşimovun yanında, ikinci fəxri xiyabanda dəfn olunur.


 TƏLTİFLƏRİ

​​​​​​​15.12.2020— "Vətən uğrunda" medalı 

15.12.2020 — "Azərbaycan Bayrağı" ordeni 

24.06.2021 — "Kəlbəcərin azad olunmasına görə" medalı 


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

 

9 Eylül 2021 Perşembe

Şəhid Çavuş Vüsal Dəmirov Aydın oğlu


Çavuş Vüsal Dəmirov Aydın oğlu

10 Sentyabr 1993-cü ildə İsmayıllı rayonunda doğulub. Evin tək oğul övladı idi. Aprel döyüşlərinin və Tovuz döyüşlərinin iştirakçısı olub.


Azərbaycan Ordusunun çavuşu olan Vüsal Dəmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Dəmirov oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub.


TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı 


 25.12.2020 — "Füzulinin azad olunmasına görə" medalı 


 24.06.2021 — "Xocavəndin azad olunmasına görə" medalı 


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq

Şəhid Emil Kərimov


Emil Kərimov 1993-cü il sentyabrın 7-də Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olub. Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunun İkinci Şıxlı kəndində torpağa tapşırılıb.

Prezident İlham Əliyevin  Sərəncamlarına əsasən  ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə", “Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib. 


#AzərbaycanQəhrəmanları

#QəhrəmanlarımızıTanıyaq

#QəhrəmanlarımızıUnutmayaq

Şəhid İqbal Babayev Zəki oğlu


 

10 Sentyabr 1995-ci ildə Xətai rayonunda dünyaya göz açıb və 257 saylı orta məktəbə yollanıb. Orta məktəbi bitirdikdən sonra Xəzər Universitetinə qəbul olunur, ikinci kursdan isə öz istəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Akademiyasına keçir.

2018-ci ildə sözügedən Universitetin iqtisad fakültəsini bitirir. Elə həmin ilin iyun ayında hərbi xidmətə, Vətənin müdafiəsinə yollanır. Bir illik vətənə borcunu Naxçıvanda başa vurduqdan sonra 2019-cu ilin iyun ayında hərbidən təxris olunur. İqbalın arzusu bilik və bacarığını daha da artırmaq idi. Məhz bu səbəbdən təhsilini artırmaq üçün gecə-gündüz dövlət qulluğuna hazırlaşır…

Fəqət, hamının səbirsizliklə gözlədiyi Qarabağ savaşı başlayır. Hər bir Vətənsevər gənclərimiz kimi, İqbalın da qəlbi Vətən sevgisiylə atırdı. O, Xətai rayon Hərbi Komissarlığına üz tutur və Vətən uğrunda döyüşmək, Vətənin müdafiəsinə yazılmağı özünə şərəf bilir. Çox keçmədən ona çağırış vərəqəsi gəlir və qəhrəmanımız ön cəbhəyə yollanır. Cəbrayıl, Füzuli, Zəngilan istiqamətində gedən döyüşlərdə aslanlar kimi düşmənə qan uddurur. Kim bilərdi ki, İqbal Azərbaycan xalqının xatirəsində əbədi dastan yazanlardan olacaq.

Cənub istiqamətində gedən döyüşlərdə mətinliklə vuruşan İqbalın rəşadətini Vətəni heç vaxt unutmayıb, onun cəsurluğuna şəhadət gətirəcək. Döyüşçü yoldaşlarının dediyinə görə, düşməndən azad olunmuş yaşayış məntəqəmizin birinə üçrəngli bayrağımızı asmaq üçün dörd nəfər könüllüyə ehtiyac olur. İqballa birlikdə dörd nəfər irəli atılır. Bayrağımızı yüksəkliyə asmaq İqbalın nəsibindəymiş. Vətənin igid oğlu üçrəngli bayrağımızı sancdıqdan sonra mənfur erməninin namərd gülləsinə tuş gəlir. Bu hadisə oktyabr ayının 25-nə təsadüf edirdi.

Yenidən ərazi uğrunda düşmənlə döyüş gərginləşir. Təbii ki, çətin relyefdə hər qarış torpaq üçün usanmadan mücadilə etmək gərəkdir.

Beləliklə, İqbalın nəşini döyüş bölgəsindən çıxarmaq çətinləşir. Nəhayət, iki gündən sonra, yəni oktyabrın 27-si döyüşçü yoldaşları onun nəşini döyüş bölgəsindən çıxarmağa müvəffəq olurlar. Həyata əbədi gözünü yuman qəhrəmanımızı Beyləqan rayonuna gətirirlər.

Atası Şirvan Apellyasiya Məhkəməsinin hakimi (Mülki Kollegiyanın sədri) Zəki Babayev öz qəhrəman övladının nəşini Beyləqan rayonunda təhvil alır. Söz yox ki, hər bir valideynin çiyninə çökən ağır yük övlad itkisi yüküdür. Lakin şəhidlikdən doğan yük bilavasitə, həm də qürurlu yükdür. Ölməz qəhrəmanımız İqbal ata-baba yurdu Qəbələdə torpağa babasının yanında tapşırılır.


TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı 


25.12.2020 —“Füzulinin azad olunmasına görə” medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Şəhid Ağaəli Yusifov


Ağaəli Yusifov 1997-ci il sentyabrın 8-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində anadan olub. Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ağaəli Yusifov oktyabrın 20-də Xocavənd döyüşləri zamanı şəhid olub. Xəzər rayonunun Mərdəkan qəsəbəsində dəfn olunub.

Prezident İlham Əliyevin  Sərəncamlarına əsasən  ölümündən sonra "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. 


#AzərbaycanQəhrəmanları

#QəhrəmanlarımızıTanıyaq

#QəhrəmanlarımızıUnutmayaq

Şəhid Adil İbrahimli


Adil İbrahimli 1992-ci il sentyabrın 9-da Sumqayıt şəhərində anadan olub. Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Adil İbrahimli noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. 

Prezident İlham Əliyevin  Sərəncamlarına əsasən  ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı"adı ,

 "Vətən uğrunda",  "Şuşanın azad olunmasına görə", “Kəlbəcərin azad olunmasına görə"

medalları ilə təltif edilib. 


#AzərbaycanQəhrəmanları

#QəhrəmanlarımızıTanıyaq

#QəhrəmanlarımızıUnutmayaq