9 Eylül 2021 Perşembe

Şəhid İqbal Babayev Zəki oğlu


 

10 Sentyabr 1995-ci ildə Xətai rayonunda dünyaya göz açıb və 257 saylı orta məktəbə yollanıb. Orta məktəbi bitirdikdən sonra Xəzər Universitetinə qəbul olunur, ikinci kursdan isə öz istəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Akademiyasına keçir.

2018-ci ildə sözügedən Universitetin iqtisad fakültəsini bitirir. Elə həmin ilin iyun ayında hərbi xidmətə, Vətənin müdafiəsinə yollanır. Bir illik vətənə borcunu Naxçıvanda başa vurduqdan sonra 2019-cu ilin iyun ayında hərbidən təxris olunur. İqbalın arzusu bilik və bacarığını daha da artırmaq idi. Məhz bu səbəbdən təhsilini artırmaq üçün gecə-gündüz dövlət qulluğuna hazırlaşır…

Fəqət, hamının səbirsizliklə gözlədiyi Qarabağ savaşı başlayır. Hər bir Vətənsevər gənclərimiz kimi, İqbalın da qəlbi Vətən sevgisiylə atırdı. O, Xətai rayon Hərbi Komissarlığına üz tutur və Vətən uğrunda döyüşmək, Vətənin müdafiəsinə yazılmağı özünə şərəf bilir. Çox keçmədən ona çağırış vərəqəsi gəlir və qəhrəmanımız ön cəbhəyə yollanır. Cəbrayıl, Füzuli, Zəngilan istiqamətində gedən döyüşlərdə aslanlar kimi düşmənə qan uddurur. Kim bilərdi ki, İqbal Azərbaycan xalqının xatirəsində əbədi dastan yazanlardan olacaq.

Cənub istiqamətində gedən döyüşlərdə mətinliklə vuruşan İqbalın rəşadətini Vətəni heç vaxt unutmayıb, onun cəsurluğuna şəhadət gətirəcək. Döyüşçü yoldaşlarının dediyinə görə, düşməndən azad olunmuş yaşayış məntəqəmizin birinə üçrəngli bayrağımızı asmaq üçün dörd nəfər könüllüyə ehtiyac olur. İqballa birlikdə dörd nəfər irəli atılır. Bayrağımızı yüksəkliyə asmaq İqbalın nəsibindəymiş. Vətənin igid oğlu üçrəngli bayrağımızı sancdıqdan sonra mənfur erməninin namərd gülləsinə tuş gəlir. Bu hadisə oktyabr ayının 25-nə təsadüf edirdi.

Yenidən ərazi uğrunda düşmənlə döyüş gərginləşir. Təbii ki, çətin relyefdə hər qarış torpaq üçün usanmadan mücadilə etmək gərəkdir.

Beləliklə, İqbalın nəşini döyüş bölgəsindən çıxarmaq çətinləşir. Nəhayət, iki gündən sonra, yəni oktyabrın 27-si döyüşçü yoldaşları onun nəşini döyüş bölgəsindən çıxarmağa müvəffəq olurlar. Həyata əbədi gözünü yuman qəhrəmanımızı Beyləqan rayonuna gətirirlər.

Atası Şirvan Apellyasiya Məhkəməsinin hakimi (Mülki Kollegiyanın sədri) Zəki Babayev öz qəhrəman övladının nəşini Beyləqan rayonunda təhvil alır. Söz yox ki, hər bir valideynin çiyninə çökən ağır yük övlad itkisi yüküdür. Lakin şəhidlikdən doğan yük bilavasitə, həm də qürurlu yükdür. Ölməz qəhrəmanımız İqbal ata-baba yurdu Qəbələdə torpağa babasının yanında tapşırılır.


TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı 


25.12.2020 —“Füzulinin azad olunmasına görə” medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Hiç yorum yok:

Yorum Gönder