19 Eylül 2021 Pazar

Şəhid İsgəndərov Əhmədağa Novruz oglu


Şəhid İsgəndərov Əhmədağa Novruz oglu

Əhmədağa İsgəndərov 20 sentyabr 1989-cu ildə Bakı şəhərində anadan olub. 1996-2007-ci illərdə Bakı şəhəri N.Nərimanov rayonu 82 nömrəli məktəbdə orta təhsil alıb. 2007-ci ildə qəbul imtahanında yüksək nəticə göstərərək (614.75 bal) UNEC-in İnformatika və idarəetmə fakültəsinin “Menecment” ixtisasına qəbul olub. Məzun olduqdan sonra, 2011-2012-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən ölkənin aparıcı şirkətlərindən birində İnsan resursları mütəxəssisi olaraq  əmək fəaliyyətinə başlayıb və həmin şirkətdə İnsan resursları əməliyyatları bölmə müdiri vəzifəsinədək qədər yüksəlib.

21 sentyabr 2020-ci ildə  Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi toplanışa çağırılıb, sentyabrın 27-də başlayan Vətən Müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. Cəbrayıl-Füzuli-Hadrut istiqamətindəki döyüş əməliyyatlarında iştirak edib. Oktyabrın 7-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə xidməti vəzifəsini icra edərkən qəhrəmancasına şəhid olub.

Kürdəxanı qəbristanlığında dəfn olunub.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Ailəli idi, bir övladı var.

Allah rəhmət eləsin !

Əmənov Məhəmməd İltizam oğlu



Əmənov Məhəmməd İltizam oğlu

Məhəmməd Əmənov 1996-cı il sentyabrın 18-də Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub.


Azərbaycan Ordusunun giziri olan Məhəmməd Əmənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məhəmməd Əmənov oktyabrın 20-də Ağdərə istiqamətində şəhid olub. Biləsuvar rayonunun Bağbanlar kəndində dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Əmənov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Əmənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Əmənov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.


Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Əmənov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.



Şəhid Hüseynov Xaliq Kamil oğlu


Şəhid Hüseynov Xaliq Kamil oğlu

 20 sentyabr 2001-ci ildə Bakının Nardaran qəsəbəsində dünyaya göz açmışdır.

İbtidai təhsilinə 2008-ci ildə 295 №-li tam orta məktəbdə başlamışdır. 2017-ci ildə orta təhsilini başa vuran Xaliq çilingər ixtisasına yiyələnərək maşın ustası kimi işləməyə başlayıb. Arzusu işləyib pul qazanmaq və internat uşaqlarına kömək etmək olub. İdmana və hərbiyə hədsiz marağı olan Xaliq peşəsi ilə paralel olaraq idmanın cüdo növü ilə məşğul olmuşdur.


Əsgərlik yaşına çatan Xaliq 2020-ci ilin yanvar ayında Vətənə olan borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanmışdır. Elə xidmətinin ilk günlərindən əsgər yoldaşları arasında fiziki gücü və bacarığı ilə fərqlənən Xaliq bir neçə idman yarışlarında fərqlənmişdir. Vəzifəcə baş atıcı olmuşdur.


Karantin qaydalarının sərt dönəmində xidmət edən əsgər Hüseynov valideynləri ilə görüşə bilməmiş və hər telefon zəngində onlara qalıb orduda müddətdən artıq xidmət etməyi və işğal altında olan torpaqlarımızı işğaldan azad etmək istədiyini bildirmişdir.


Hüseynov Xaliq 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılmış və Tərtər-Ağdərə istiqamətində düşmənlə üz-üzə mübarizə aparmağa balşamışdır. Baş atıcı kimi Talış və Suqovuşan kəndlərinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş və ərazilərin düşməndən təmizlənməsində fəal rol oynamışdır.


Sağ qalan döyüş yoldaşlarının verdiyi məlumata görə Xaliq də daxil olmaqla 6 əsgərimiz erməni postuna girib və 50 erməni hərbçisini məhv edərək döyüş postunu düşməndən azad etmişdir.


Əsgər Hüseynov Xaliq 16 oktyabr tarixində şiddətli döyüşlərin getdiyi Suqovuşan qəsəbəsində düşmənin minaatandan açdığı atəş nəticəsində döyüş meydanında qəlpə yarası alaraq şəhid olmuşdur. Onun nəşi ertəsi gün - 17 oktyabr tarixində doğulub böyüdüyü Nardaran qəsəbəsinə gətirilmiş,ailəsi ilə vida mərasimindən sonra qəsəbə sakinlərinin müşayiəti ilə Rəhimə xanım ziyarətgahına gətirilib və ziyarətin girişində dəfn olunub.


Vida mərasimində Sabunçu rayonu icra hakimiyyətinin, Müdafiə nazirliyinin və qəsəbə dini icmasının nümayəndələri iştirak etmişdir.


 "Vətən uğrunda" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!


Əhmədov İslam İlqar oğlu



Əhmədov İslam İlqar oğlu

İslam Əhmədov 1994-cü il sentyabrın 19-da Mingəçevir şəhərində anadan olub. Subay idi. Qardaşı Əli Əhmədovda Vətən müharibəsində şəhid olub.


Azərbaycan Ordusunun əsgəri olan İslam Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İslam Əhmədov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub.


İslam Əhmədov sentyabrın 28-də Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İslam Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.



Şəhid Həsənov Səfər Elmar oğlu



Həsənov Səfər Elmar oğlu


18 sentyabr 2001-ci ildə Neftçala rayonunun Xıllı qəsəbəsində dünyaya gəlib.


Atası tikintidə işlədiyinə görə bir müddət sonra Bakı şəhərinin Buzovna qəsəbəsinə köçməli olublar.  Səfər, Buzovnadakı 26 nömrəli orta məktəbin rus bölməsində təhsil alıb, 9-cu sinifdən sonra iki il rəssamlıq üzrə təhsilini davam etdirib.  Binə qəsəbəsində yerləşən texniki peşə məktəbində dekorativ rəssamlıq sənətinə yiyələnib. 


2019-cu il oktyabr ayının 1-də hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Goranboy, daha sonra isə Tərtər rayonunun yerləşən “N” saylı hərbi keçib. Xidməti dövründə o, xüsusi snayper təlimləri alıb və sərrast nişançı kimi fərqlənib. Yaxınlar deyir ki, Səfər xasiyətcə sakit, mülayim bir uşaq idi. Sənətə olan bağlılığı onun Vətənə olan sevgisini daha dərin, həssas edib. Əsgərlik xidmətindən əvvəl anasının “Hərbi xidmətə getmək istəyirsənmi?” sualına “Əlbəttə, ana, kişilik məktəbidir! Getməliyəm!” -deyərək böyük həvəs və qürur hissi ilə hərbi xidmətə yola düşüb. Xidmət müddətində ailə üzvlərinə zəng edərkən daim yüksək əhval-ruhiyyəsi hiss olunub, hətta döyüşlər müddətində belə ailəsinə hər şeyin yaxşı olduğunu, qələblərlə irəlilədiklərini söyləyib.


Vətən Müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən komandiri və digər əsgər yoldaşlarıyla müharibə bölgəsinə, döyüşə yola düşüb.Komandirinin sözlərinə görə Səfər, Suqovuşan uğrunda gedən döyüşlərdə xüsusi fərqlənib, öz ixtisasının haqqını verib. Rəssamlıq qabiliyyətinə görə hərbi xəritələrin çəkilməsində də iştirak edib, düşməndən azad olunan ərazilərdə hərbi xəritələrin tərtibatı komandiri tərəfindən ona tapşırılıb. 


17 oktyabr gecə saatlarında düşmən Suqovuşan-Ağdərə istiqamətində yenidən hücuma keçib. Səfər və yoldaşları hücumun qarşısını qətiyyətlə alıblar. Komandirin sözlərinə görə, Səfər döyüş tapşırığında düşmənə göz açdırmayıb, hücum zonası üzrə görünən düşmənin canlı qüvvələrini məhv edib, əsgərlər hücuma keçəndən sonra isə komandir daha Səfərin səsini eşitmədiyini fərq edib, həmin döyüşdə uğur qazanıb geri dönərkən görüblər ki, Səfərin olduğu mövqeyə minamyot mərmisi atılıb, silahı əlində Şəhidlik zirvəsinə yüksəlib.


Həsənov Səfər, 21 noyabr tarixində Buzovna qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunub.


Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri,Həsənov Səfər Elmar oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!



Şəhid Baxşəliyev Araz Yavər oğlu


Şəhid Baxşəliyev Araz Yavər oğlu

18.09.1993-cü ildə Füzuli rayonu Horadiz qəsəbəsində anadan olub. 2000-ci ildə Horadizdə yerləşən Mahir Səfərov adına 1 N-li tam orta məktəbin 1-ci sinifinə qəbul olub. 2011-ci ildə həmən məktəbin 11-ci sinifini bitirib. 2011-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanır. Hərbi xidmətini Daxili qoşunlarda keçir. 2013-cü ildə həqiqi hərbi xidmətini bitirərək Horadizə dönür. 2014- cü ildə könüllü olaraq müddətdən artıq hərbi xidmətə yollanır. Əvvəlcə çavuş, manqa komandiri sonra isə minaatıcı komandiri vəzifəsinə təyin olunub. Xidməti dövründə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi medalı və Silahlı Qüvvələr günü münasibətilə, hərbi intizamın yüksəldilməsində fəal iştirakına görə, Fəxri fərmanla təltif olunub. 27 sentyabr 2020-ci il tarixinden, 2-ci Vətən müharibəsində əks hücumda düşmənin bir neçə mövqeyini, postunu dəqiq və düzgün atışları ilə məhv edirdi.  Döyüş əməliyyatlarında böyük şücaətlə iştirak edirdi. Bir neçə döyüş yoldaşlarını düşmən mühasirəsindən xilas edir. 28 sentyabr 2020-ci ildə Füzuli rayonu Aşağı Seyidəhmədli kəndi uğurunda gedən döyüş əməliyyatlarında qəhrəmancasına şəhid olmuşdur. Füzuli rayonu Horadiz şəhər qəbiristanlığında dəfn olunmuşdur. Alı Baş Komandan Cənab Prezident İlham Əliyevin sərəncamına əsasən Ölümündən sonra Vətən uğrunda və Füzulinin işğaldan azad olunması medalları ilə təltif olunub.


Allah rəhmət eləsin!

Şəhid Məlikov Nurlan Dünyamalı oğlu


Şəhid Məlikov Nurlan Dünyamalı oğlu


19 sentyabr 1995 ci ildə Masallı rayonu Öncəqala kəndində doğulub.

 25 yaşlı Məlikov Nurlan Dünyamalı oğlu Vətən müharibəsində 70 gün itkin kimi axtarılıb.

Ailəsi 70 gündür ki, ondan xəbər ala bilmirdi, lakin sonradan məlum olub ki, Nurlan Məlikov oktyabrın 21-də Vətən müharibəsinin Qubadlı cəbhəsində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Şəhidimizin atası Dünyamalı Məlikov, oğlu ilə sonuncu dəfə oktyabrın 20-də danışıb:

“Dedi ki, “ata Füzulidən Cəbrayıl istiqamətinə gedirik”. Ondan sonra əlaqə saxlamaq mümkün olmadı”.

Şəhidimiz yaşadığı Masallı rayonu Öncəqala kəndində torpağa tapşırılıb.

Allah rəhmət eləsin!