19 Eylül 2021 Pazar

Şəhid Həsənov Səfər Elmar oğlu



Həsənov Səfər Elmar oğlu


18 sentyabr 2001-ci ildə Neftçala rayonunun Xıllı qəsəbəsində dünyaya gəlib.


Atası tikintidə işlədiyinə görə bir müddət sonra Bakı şəhərinin Buzovna qəsəbəsinə köçməli olublar.  Səfər, Buzovnadakı 26 nömrəli orta məktəbin rus bölməsində təhsil alıb, 9-cu sinifdən sonra iki il rəssamlıq üzrə təhsilini davam etdirib.  Binə qəsəbəsində yerləşən texniki peşə məktəbində dekorativ rəssamlıq sənətinə yiyələnib. 


2019-cu il oktyabr ayının 1-də hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Goranboy, daha sonra isə Tərtər rayonunun yerləşən “N” saylı hərbi keçib. Xidməti dövründə o, xüsusi snayper təlimləri alıb və sərrast nişançı kimi fərqlənib. Yaxınlar deyir ki, Səfər xasiyətcə sakit, mülayim bir uşaq idi. Sənətə olan bağlılığı onun Vətənə olan sevgisini daha dərin, həssas edib. Əsgərlik xidmətindən əvvəl anasının “Hərbi xidmətə getmək istəyirsənmi?” sualına “Əlbəttə, ana, kişilik məktəbidir! Getməliyəm!” -deyərək böyük həvəs və qürur hissi ilə hərbi xidmətə yola düşüb. Xidmət müddətində ailə üzvlərinə zəng edərkən daim yüksək əhval-ruhiyyəsi hiss olunub, hətta döyüşlər müddətində belə ailəsinə hər şeyin yaxşı olduğunu, qələblərlə irəlilədiklərini söyləyib.


Vətən Müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən komandiri və digər əsgər yoldaşlarıyla müharibə bölgəsinə, döyüşə yola düşüb.Komandirinin sözlərinə görə Səfər, Suqovuşan uğrunda gedən döyüşlərdə xüsusi fərqlənib, öz ixtisasının haqqını verib. Rəssamlıq qabiliyyətinə görə hərbi xəritələrin çəkilməsində də iştirak edib, düşməndən azad olunan ərazilərdə hərbi xəritələrin tərtibatı komandiri tərəfindən ona tapşırılıb. 


17 oktyabr gecə saatlarında düşmən Suqovuşan-Ağdərə istiqamətində yenidən hücuma keçib. Səfər və yoldaşları hücumun qarşısını qətiyyətlə alıblar. Komandirin sözlərinə görə, Səfər döyüş tapşırığında düşmənə göz açdırmayıb, hücum zonası üzrə görünən düşmənin canlı qüvvələrini məhv edib, əsgərlər hücuma keçəndən sonra isə komandir daha Səfərin səsini eşitmədiyini fərq edib, həmin döyüşdə uğur qazanıb geri dönərkən görüblər ki, Səfərin olduğu mövqeyə minamyot mərmisi atılıb, silahı əlində Şəhidlik zirvəsinə yüksəlib.


Həsənov Səfər, 21 noyabr tarixində Buzovna qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunub.


Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri,Həsənov Səfər Elmar oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!



Hiç yorum yok:

Yorum Gönder