1 Nisan 2022 Cuma

Musayev Sədi Süleyman oğlu


 Şəhid Polkovnik-leytenant Musayev Sədi Süleyman oğlu

1978-ci il aprelin 1-də Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. Təhsilinə 1985-ci il Kəngərli rayonu, Qıvraq qəsəbəsi, Sirac Əsədov adına 2 nömrəli məktəbdə başlamış, 1993-cü ildə həmin məktəbi müvəffəqiyyətlə bitirərək Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. 1996-2000-ci illərdə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində motoatıcı ixtisası üzrə təhsilini davam etdirmişdir.

Sədi Musayevə 2000-ci ildə leytenant hərbi rütbəsi verilmiş və xidmətini davam etdirmək üçün Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissəyə motoatıcı tağım komandiri vəzifəsinə təyin edilmişdir. 2002-ci ildə həmin hərbi hissədə Ordu Korpusu komandirinin müvafiq əmri ilə motoatıcı bölük komandiri vəzifəsinə təyin olunması ilə bərabər Müdafiə Nazirinin əmri ilə baş leytenant hərbi rütbəsinə layiq görülmüşdür. Bundan əlavə, müxtəlif illərdə motoatıcı taborun qərargah rəisinin şəxsi heyət üzrə köməkçisi, əməliyyat bölməsinin döyüş hazırlığı üzrə baş köməkçisi, döyüş hazırlığı bölmə rəisi, əməliyyat bölmə rəisi-qərargah rəisinin müavini, əməliyyat şöbə rəisinin təlimlər üzrə baş köməkçisi vəzifələrinə təyin olunmuşdur. Sədi Musayev göstərdiyi xidmətlərə görə ardıcıl olaraq 2005-ci ildə kapitan hərbi rütbəsinə, 2014-cü ildə mayor hərbi rütbəsinə, 2019-cu ildə isə polkovnik-leytenant rütbəsinə yüksəlmişdir.

2016-cı il aprel 1-dən 2-nə keçən gecədən başlayaraq 5 aprelə qədər davam edən tariximizdə "Dördgünlük müharibə", "Aprel müharibəsi" kimi yaddaşlarda qalan Aprel döyüşlərinin fəal iştirakçısı mayor Sədi Musayevin Lələ təpə yüksəkliyinin işğaldan azad olunmasında əhəmiyyətli rolu olmuşdur. Belə ki, döyüş zamanı o, mərmisi qurtarmasına baxmayaraq düşmənlə əlbəyaxa döyüşmüş, bu zaman əsgərlərinin olduğu tankın yandığını görərkən bir an belə düşünmədən əsgərlərini yanan tankdan xilas etmişdir.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Sədi Musayev İkinci Qarabağ müharibəsində də gələcək nəsillərə nümunə olacaq böyük qəhrəmanlıq və şücaət göstərmiş, 28 sentyabr 2020-ci il Füzuli rayonu, Yuxarı Əbdürrəhmanlı kəndi, Kürdlər yaşayış məntəqəsi istiqamətində gedən döyüşlərdə əməliyyat qrupu zabiti kimi yaşayış məntəqələrinin düşməndən azad olunması uğrunda qəhrəmancasına şəhid olmuşdur.

Polkovnik-leytenant Sədi Süleyman oğlu Musayev II Fəxri Xiyabanda dəfn olunmuşdur.

Xidməti dövründə III dərəcəli "Qüsursuz xidmətə görə" medalı və II dərəcəli "Qüsursuz xidmətə görə, "Vətən uğrunda" medalı, və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Allah rəhmət eləsin!

Hiç yorum yok:

Yorum Gönder