Kazımağa
Möhsün oğlu Kərimov — Azərbaycanın Milli Qəhrəmanı ,
Qarabağ müharibəsi şəhidi.
Azərbaycanın İlk Milli
Qəhrəmanlarından olan Kərimov Kazımağa Möhsün oğlu 1951-ci
ilin sentyabrın 1-də Qubadlı rayonunun Sarıyataqkəndində, ziyalı ailəsində anadan
olmuşdur. Kazımağa ailənin səkkiz oğul övladından biri idi. Atası Möhsün
müəllimin və anası Səmər xanımın ən ümdə arzusu övladlarını düzgün
tərbiyələndirmək, onları xalqına-milllətinə layiqli övladlar olaraq böyütmək
olmuşdur. Çətin də olsa Möhsün müəllim və Səmər xanım övladlarının təhsili ilə
bağlı arzularına çatmış, onların hər birinin istədikləri peşənin arxasınca
getməsi üçün lazımi şərait yaratmışdılar.
Ailənin yeddinci övladı
olan Kazımağa digər qardaşları kimi orta məktəbi doğulub boya-başa çatdığı Qubadlıda bitrirdikdən
sonra ali təhsil almaq qərarına gəlir və bu arzu onu Bakı Dövlət
Universitetinin jurnalistika
fakultəsinə gətirir. Kazımağa beş il müddətində təhsil aldığı universitetin
bütün ictimai işlərində fəal iştirak edir və dövri mətbuatda öz qələmini
tez-tez sınayırdı. Sevərək arxasınca getdiyi peşəsində püxtələşsin, yazılarında
oxşarlıq olmasın, quru sözçülükdən uzaq olsun deyə çalışan Kazımağanın həmin
zamanlar ağlına belə gəlməzdi ki, nə vaxtsa qələmini silahla əvəz edəcək. Çünki
Kazımağa son dərəcə peşəsinə bağlı bir insan idi. Görünür bu da Kazımağa
taleyinə yazılmış bir qismət, bir alın yazısı imiş.
Kazımağa xarakter
etibarı ilə də fərqli bir insan idi. İlk baxışdan nə qədər zəhmli görünsə də,
daxilən çox səmimi, mehriban və hec zaman heç kimsədən köməyini əsirgəməyən bir
insan idi. İkiüzlülükdən, riyakarlıqdan çox-çox uzaq olan bu insan ən xırda
haqzılığa, ədalətsizliyə belə dözə bilmir və həmin an öz haqq səsini ucaldırdı.
Onu həmyaşıdlarından fərqləndirən əsas xüsusiyyət isə onun son dərəcə uzaqgörən
olması, ətrafda cərəyan edən hadisələri özünəməxsus şəkildə anailiz edərək
düzgün qərarlar çıxarması idi. Kazımağanın bu xarakteri, tələbəlik illərində
onun müəllimi olmuş Bakı Dövlət Universitetinin professoru, əməkdar elm xadimi,
yazıçı-publisist Qulu Xəlilovun onunla bağlı söylədiyi və qələmə
alıdığı xatirələrində də öz əksini tapmışdır. Yazıçı Kazımağada olan bu
xarakteri onun adında olan "ağa" sözü ilə uyğunlaşdırmış və bu sözün
sanki onun xarakterinə yansıdığını dəfələrlə öz fikirlərində vurğulamışdır.
Universiteti bitirdikdən
sonra Kazımağa peşəsinin arxasınca gedərək bir müddət "Azərbaycan
məktəbi" jurnalında, sonra isə "Azərbaycan müəllimi" qəzetində
çalışmışdır.
1988-ci ildə doğma vətəninin üzərini qara buludlar
aldığı bir zamanda, heç vaxt haqsızlıqla, ədalətsizliklə barışmayan Kazımağa da
özünün bir Azərbaycan övladı olaraq bu torpaqların müdafiəsinə
qalxmağa borclu olduğunu hiss etdi. Evini, ailəsini və hər bir şeydən uca
tutduğu peşəsini arxada qoyaraq çəbhə bölgəsinə yollandı. Yalnız Kazımağanın
döyüş yolu doğulub boya-başa çatdığı doğma Qubadlıdan deyil, Goranboydan keçdi. Goranboy rayonunda yaradılan könüllü özünümüdafiə
batalyonlarından birinə komandir müavini təyin olunan Kazımağa baş leytenant
rütbəsi altında doğma torpaqlarımızın müdafiəsinə qalxdı.
Hərbi geyim onun boy-buxununa nə qədər yaraşsa
da o, xasiyyətcə hərbiçilikdən çox uzaq bir insan idi. Nəinki onu tanıyanların,
hec onun özünün də təsəvürünə gəlməzdi ki, ömründə qarışqa tapdalamayan bir
insan nə vaxtsa qələmini silahla əvəz edəcək, nişan alıb adam öldürəcək. Əgər
erməni quldurlarını adam adlandırmaq mümkünsə!.
Ancaq onu da qeyd etmək lazımdır ki,
Kazımağada Vətənə, torpağa qarşı olan məhəbbət təsadüfi deyildi. Çünki o, hələ
XIX əsrin ikinci yarısında indiki Sankt-Peterburq şəhərində Ali Hərbi məktəb
bitirmiş və 1918-1920-ci illərdə Ermənistan-Azərbaycan müharibəsi zamanı doğma
torpaqlarının müdafiəsinə qalxmış Zəngəzur Mahalının
tanınmış bəylərindən olan İsmayıl bəyin nəvəsidir.
Kazımağa döyüşə atıldığı ilk gündən etibarən
bir çox hərbi əməliyyatlarda iştirak etmişdir. Goranboy rayonunun Gülüstan, Qaraçinar, Manas, Şəfəq, Tap Qaraqoyunlu kəndləri uğrunda gedən döyüşlərə komandanlıq
edən komandir üçün bu döyüşlər sanki bir sınaq olsa da, bu sınaqdan alnı açıq
çıxılmışdır. Bu uğurlarla kifayətlənməyən Kazımağa komandanlıq etdiyi batalyonu
yeni bir əməliyyata hazırlayır. Bu əməliyyat planı düşmən tapdağı altında olan
keçmiş Şamuyankənd rayonunun azad olunması olur. Yalnız bu əməliyyat
Kazımağanın iştirak etdiyi sonuncu əməliyyat olur. 1992-ci ilin 12-13 iyun tarixlərində Şamuyankənd rayonunun azad
olunması uğrunda həyata keçirilən əməliyyatda komandir Kazımağa Kərimov ağır
yaralanır. Komandirin ağır yaralanmasını görən əsgər və zabitlərdə ruh
düşgünlüyünün yarandığını hiss edən Kazımağa yenidən, döyüşü davam etdirmək
əmri verir. Elə həmin tarix Şamuyankənd rayonunun azad olunduğu gün kimi
Azərbaycan tarixinə həkk olur.
Aldığı yaranın ağır olmasına baxmayaraq
əməliyyatın sonunadək iştirak edən Kazımağa əməliyyat bitdikdən sonra Bakı
şəhərində yerləşən Hərbi Hospitala çatdırılır. Ayağından yaralanan
Kazımağa doğmalarının onun ayağını itirəcəyindən qorxduqlarını hiss edərək,
həmin an belə özünü itirmədən əllərini havaya qaldıraraq yaxşı ki, yazan əlim
var deyir. Lakin Kazımağanın bir ayağını itirəcəyi qorxusu ilə yaşayan
insanların heç ağlına belə gəlməzd ki, onu bütünlüklə itirəcəklər. Çünki o
insanların heç biri bu fikri bir anlıq da olsa belə qəbul edə bilmir, "dağ
boyda" bir insanın ayağından aldığı yara ilə dünyasını dəyişəcəyini güman
belə etmirdilər. Ancaq amansız ölüm Kazımağanı sevənlərə onsuz neçə
yaşayacaqlarını da öyrətdi. Kazımağa 15 iyun 1992-ci ildə, ömrünün 41-ci baharında gözlərini
əbədi yumaraq şəhidlik zirvəsinə ucaldı.
Son dəfə Bakı şəhərində tələbə yoldaşları və
eyni zamanda qələm dostları ilə görüşən Kazımağa onlara yaxın zamanlarda Qarabağ
müharibəsində dönüşün təməlinin məhz Goranboy cəbhəsində qoyulacağını
söyləyir və inşallah düşmən tapdağı altında olan bütün torpaqlarımız azad
olduqdan sonra qələmi yenə əlinə alaraq onlarla çiyin-çiyinə çalışacağına dair
söz verir. Yoldaşları ilə sağollaşan Kazımağa növbəti dəfə Bakıya iyun ayının
16-da gələcəyini söyləyir və görüş yerini "Şəhidlər Xiyabanı" deyə
verir. Həmin tarixdə Kazımağa ilə görüşmək üçün "Şəhidlər Xiyabanı"na
gələn yoldaşları gözləmədikləri bir mənzərə ilə rastlaşırlar. Çünki kələn
Kazımağanın özü deyil, cansız bədəni idi. Kazımağa bu dəfə onu sevənlərin
çiynində son mənzilə yola salınırdı.
Evli idi, bir oğlu qalıb.
Milli Qəhrəman
Kazımağa Kərimova ölümündən bir həftə
sonra,Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli, 6 saylı
fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verildi
Bu ada layiq körülən Kazımağa ilk jurnalist
idi ki, belə bir fəxri ada layiq görülmüşdür.
Kazımağa Kərimovun adının əbədiləşdirilməsi
məqsədilə dövlətimiz tərəfindən onun adına Bakı şəhərində küçə verilmişdir.
Eyni zamanda doğulub boya-başa çatdığı doğma Qubadlının Balasoltanlı kənd tam
orta məktəbi və döyüş yolunun keçdiyi Goranboy rayonunun Qızılhacılı kənd
mədəniyyət evi onun adını daşıyır.
Goranboy rayonunda şəhid Milli Qəhrəmanın
büstü qoyulub.