5 Şubat 2022 Cumartesi

Bayrı İmanov Mirzə oğlu



Şəhid Bayrı İmanov Mirzə oğlu

Bayrı İmanov Mirzə oğlu 1996-cı il fevralın 5-də Salyan rayonunun Qaraçala kəndində anadan olub. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) ali təhsil alıb.


Azərbaycan Ordusunun əsgəri olan Bayrı İmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Bayrı İmanov noyabrın 10-da şəhid olub. Salyan rayonunda dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bayrı İmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Bayrı İmanov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.



3 Şubat 2022 Perşembe

Məkan Mübariz oğlu Qəhrəmanov


 Şəhid Məkan Mübariz oğlu Qəhrəmanov

Məkan Qəhrəmanov 3 fevral 1999-cu ildə Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olmuşdur.

2005-2016-cı illərdə Ağcabədi rayon Minaxorlu kənd orta məktəbində təhsil almışdır.

Məkan Qəhrəmanov 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun tərkibində etmişdir. Hərbi xidmət müddətində 2018-cı il mayın 20-dən 27-nə qədər davam edən Günnüt əməliyyatında iştirak etmiş və fərqlənmişdir. Hərbi xidmətini 2020-ci ilin iyul ayında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etdirmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Məkan Qəhrəmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Məkan Qəhrəmanov 10 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Ağcabədi rayonunun Minaxorlu kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məkan Qəhrəmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Məkan Qəhrəmanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məkan Qəhrəmanov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məkan Qəhrəmanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Məkan Qəhrəmanov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

Tural Əsədov Sərvan oğlu


 Şəhid Tural Əsədov Sərvan oğlu


  Fevral ayıbnın 2-si 1990-cı ildə Beyləqan şəhərində anadan olub. Azərbaycanın Milli Qəhrəmanı  N.Allahverdiyev adına Beyləqan şəhər 1 nömrəli tam orta məktəbini bitirib.

  2008-ci ildə həqiqi hərbi xidmətdə olub, 2010-cu ildə hərbi xidmətdən tərxis olub.Öz halal zəhməti ilə ailəsini  dolandırardı. Bu halallığı da ona həmişə baş ucalığı gətirərdi.   Atası Əsədov Sərvan Mərdanalı  oğlu  elimizin igid oğlu Tural barədə, onun keçdiyi  döyüş yolundan qürurla danışdı.

Tural 2020-ci ilin sentyabrın 21-də çağırışla  hərbiyə gedib. Əvvəlcə Turalgili Beyləqan rayon  səfərbərlik  idarəsinə çağırdılar. O, tərəddüd etmədən komisarlığa getdi. Burada  çoxlu adam var idi. Onlar hamısı  döyüşmək üçün  komissarlığa müraciət etməyə gəlmişdilər.Onlarla bərabər Tural da  qeydiyatdan keçib hərbi hissələrə göndərildi. Onları Beyləqandan Ağcəbədinin taxta körpüsü deyilən yer var ora aparıblar. Oradan  da Ağdamın Ergi qəsəbəsinə aparıblar. Ergidən isə Füzuli rayonunun Alıxanlı kəndinə gəliblər.    

 Döyüş yolu Füzuli rayonunun  Alıxanlı kəndindən, Cəbrayıl, Zəngilan, Qubadlıya kimi olub.Sonuncu döyüş yeri Şuşa  şəhərində olub. Şuşa şəhərinin erməni işğalçılarından azad olunması uğurunda döyüşüb. Şuşa şəhərini azad  edən zaman zəng eləyib dedi:

 -Papa (Mənə  papa , anasına mama deyə müraciət edərdi)  muştuluğumu ver. Şuşanı erməni işğalçılardan azad etmişik. Bununla da  səsi kəsildi. Şuşa alınan günü o şəhid oldu. Həmin günü Turala nə qədər zəng etdimsə də ondan cavab gəlmədi.   Şuşa alınan günü,noyabr ayının  8-də şəhid olub. 9 noyabr 2020-ci il tarixdə Beyləqan rayonu Cərciz Peyğəmbər  ziyarətgahında  Şəhidlər xiyabanında  dəfn olunub.Allah bütün şəhidlərimizə rəhmət eləsin.

O, qəhrəman oğulun  anasının  Əsədova  Əntiqə   İbrahim qızının övladı haqqında xatirəsini dinləyirəm. Dərddən sinəsi oyma-oyma olan Əntiqə  ana Turallı günlərdən danışdı:

- Ailədə dörd uşaq idilər. İki qardaş, iki bacı  indi. Əsədova Minavər Sarvan qızı, Əsədova Zeynəb Sarvan qızı, Əsədov Malik Sarvan oğlu, bir də Tural.İndi övladlarımın  hər birinin öz  təsərüfatı var. Ayrı yaşayırlar.

   Tural ailəsi ilə  bizimlə qalırdı. İki qızı qaldı, ondan bizə yadigar Əsədova  Turanə Tural qızı, Əsədova Fatimə Tural qızı. Qızlarını çox istəyirdi. İşdən evə gələn kimi  qızları atasına tərəf qaçaraq soruşardılar ki, “ata bizə nə almısan?”.Atası da onları bağrına basar aldığı hədiyyələrlə onları sevindirərdi.Xoşbəxt anlar idi...

  Fəhlə işləyirdi . Qaz-24 markalı maşını var. İndi qalıb həyətin bir küncündə. O maşınla işə gedib gələrdi...

   Axırıncı günü  noyabrın  7-də saat yeddi radələrində biz ona zəng elədik. Telefonu açmadı.

   Oturmuşdum evdə. Nədənsə Turalı düşünürdüm. Düşünürdüm ki, telefonu nə üçün açmadı?  Bəlkə başına nə isə gəlib? Saat səkkiz idi.O, özü zəng elədi.Telefonu açdım.Dedi:

  -Mama  nə ilə məşğulsan? 

Dedim :

 -Bala, heç nə. Evdəyəm. Dedim ki, nədir. Nə olub?

Sevincək səslə dedi:

  -Mama, gedirəm Şuşaya. Ondan sonra səs-küy olmadı. Bir də səhər tezdən eşitdik ki, şəhid olub.

   Həyat yoldaşı  Ağazadə Mətanət  Eyvaz qızı gözləri dolmuş halda  danışdı: 

- Axırıncı dəfə oktyabrın 10-da evə gəlmişdi. Maşın gətirmişdi. İki nəfər idilər. Döyüşçü yoldaşı buraları yaxşı tanımadığı üçün  onunla gəlmişdi. Həmin  maşını təmir elətdirdi. Oktyabr ayının  15-də  döyüşçü yoldaşlarının yanına qayıtdılar. Getməmişdən qabaq dostlarından kiminsə şəhid olmasını eşidən Tural uşaq kimi ağlamağa başladı.  Bu vaxt böyük qızı onun yanına gəldi. Qızını  qucağına götürüb bağrına basdı və  başını sığallayaraq dedi:

- Mənim gözəl qızım,  indi mən ölsəm, şəhid olsam sən ağlama. Axı, sən böyümüsən.Sən atanın  ağıllı qızısan, bacına, anana arxa-dayaq olacaqsan...

   Bu sözlərini eşidəndə ona yaxınlaşdım, Tural mənim nə demək istədiyini anladı:

 - Sözdür də deyirəm, Mətanət, narahat olmayın. Mətanət, mən  sizi heç vaxt tək qoymaram... 

   Bu sözləri deyib Tural qapıdan çıxdı. 

   Qızı ona tərəf qaçaraq, “ata niyə bizi öpməmiş gedirsən?” soruşanda, “qızım, tələsirəm, qayıdanda sizi öpəcəyəm”cavabını verdi  və  maşınına oturub getdilər...

   Biz Turalın evə qayıdışını  belə gözləmirdik...

  Gözləyirdik ki, mənfur ermənilərə qalib  gələrək evimizə qələbə ilə, zəfərlə qayıdacaq.Buna inanırdım. İnanırdım ki, axırıncı dəfə evdən çıxarkən  qızlarına verdiyi sözü yerinə yetirəcək. Onları bağrına basıb öpəcək... Onları sevindirəcək...

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən "Vətən uğrunda”və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.


 Allah rəhmət eləsin!

Nadirli Kənan Ilqar oğlu


Şəhid Nadirli Kənan Ilqar oğlu

Nadirli Kənan Ilqar oğlu, 2000 ci il Fevralın 2 də Cəlilabad rayon Kövüzbulaq kəndində, ziyalı ailəsində dünyaya göz açmışdır.

Kövüzbulaq kənd orta məktəbində oxudugu müddətdə daimə tələbələr içində ön sıralarda olmuş Vətənpərvəliyi ilə seçilmişdir.

 Sentyabrın 27 də başlayan Vətən müharibəsinə könüllü olaraq qoşulmuşdur. Cəbrayıl və Fizuli uğrunda döyüşlərdə böyük qəhramanlıq və sücaət göstərərək Şəhid olmuşdur. Kənd məktəbində müəllim işləyən Şəhidimizin atası Ilqar müəllimin 4 oğlundan 2-si hərbiçi, 2 si isə Vətən müharibəsində iştirak etmişdir. Bu da bu ailənin Vətənə olan Vətənpərvərlik hissinin yüksək olmasından xəbər verir. 

Nadirli Kənan Ilqar oğlu Fizuli ve Cəbrayıl rayonların azad olunması uğrunda və Vətən uğrunda medalı ilə təltif olunmuşdur. 

Allah rəhmət eləsin!


Nadirli Kənan Ilqar oğlunun xatirəsinə: 


Ötsə uzun illər, dəyişsə zaman

Adın yaşayacaq qəlblərdə hər an.

Canınla, qanınla, Vətən uğrunda

Şəhidlik zirvəsin qazandın Kənan!🥀

 

1 Şubat 2022 Salı

Zaur Əsədzadə Teyyub oğlu


Şəhid Zaur Əsədzadə Teyyub oğlu

2002-ci il 1 fevral tarixində Beyləqan rayonunda anadan olub. 2008-2019-cu illərdə Beyləqan şəhər Təbiət və Humanitar fənlər təmayüllü liseydə orta təhsil alıb.


2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılıb.


Azərbaycan Ordusunun əsgəri olan Zaur Əsədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində gedən döyüşlərdə olub. Zaur Əsədzadə oktyabrın 9-da Suqovuşan istiqamətində gedən döyüşlər zamanı şəhid olub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Əsədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

Şəhid Mayor Asif Məmmədağa oğlu Azayev


Şəhid Mayor Asif Məmmədağa oğlu Azayev

1985-ci il fevralın 1-də Şamaxı rayonunun Həmyəli кəndində anadan olub.

1991-1997-ci illərdə Həmyəli кənd tam orta məкtəbində, 1997-2003-cü illərdə isə Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə təhsil alıb. Ali təhsilini 2003-2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) hərbi təhsil alıb. Ailəli idi. Üç oğlu yadigar qaldı.


2007-ci ildən "leytenant" hərbi rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmətə başladı. Növbəti illərdə Murovdağ istiqamətində xidmət edən Asif Azayev, 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb.


Asif Azayev 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda 2-ci Ordu Korpusunda Taborun Qərargah rəisi vəzifəsində çalışmağa başladı.


Azərbaycan Ordusunun mayoru olan Asif Azayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tabor Komandiri olaraq Cəbrayılın, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlər zamanı dəfələrlə Ermənistan Ordusunun canlı qüvvəsinin məhv edilməsində, döyüş tapşırığlarının icrasında, həmçinin tabeçiliyində olan əsgərlərin mühasirədən çıxarılmasında fərqlənib. Asif Azayev oktyabrın 20-də Füzuli rayonu istiqamətində snayper gülləsi nəticəsində şəhid olub. Şamaxı rayonunda dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Azayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texniкasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Azayev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.


Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Azayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin

 

Mətləb Cəfərov


Mətləb Cəfərov 19 noyabr 1977-ci ildə Sabirabad rayonunun Nərimankənd kəndində anadan olmuşdur. 9-cu sinfə qədər Sabirabad rayon Nərimankənd kənd tam orta məktəbində təhsil almış, 2 il sonra təhsilini davam etdirdiyi Bakı şəhərindəki liseylərdən birində təhsilini bitirmişdir. Kənd Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) ali təhsil almışdır.


Mətləb Cəfərov ali məktəbdən məzun olduqdan sonra "leytenant" rütbəsi ilə hərbi xidmət qulluqçusu olmuşdur. Xidmətini ehtiyatda olan zabit kimi və "baş leytenant" rütbəsi ilə başa vurmuşdur.


Azərbaycan Ordusunun baş leytenantı olan Mətləb Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq həmin ilin 16 oktyabrından iştirak etmişdir. Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Mətləb Cəfərov 2 noyabr 2020-ci ildə Qubadlı istiqamətində ağır yaralanmışdır. 18 günlük koma vəziyyətindən sonra 20 noyabr 2020-ci ildə müalicə aldığı xəstəxanada şəhid olmuşdur.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mətləb Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mətləb Cəfərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.


Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mətləb Cəfərov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.


Allah Şəhidimizə rəhmət eləsin!