3 Şubat 2022 Perşembe

Tural Əsədov Sərvan oğlu


 Şəhid Tural Əsədov Sərvan oğlu


  Fevral ayıbnın 2-si 1990-cı ildə Beyləqan şəhərində anadan olub. Azərbaycanın Milli Qəhrəmanı  N.Allahverdiyev adına Beyləqan şəhər 1 nömrəli tam orta məktəbini bitirib.

  2008-ci ildə həqiqi hərbi xidmətdə olub, 2010-cu ildə hərbi xidmətdən tərxis olub.Öz halal zəhməti ilə ailəsini  dolandırardı. Bu halallığı da ona həmişə baş ucalığı gətirərdi.   Atası Əsədov Sərvan Mərdanalı  oğlu  elimizin igid oğlu Tural barədə, onun keçdiyi  döyüş yolundan qürurla danışdı.

Tural 2020-ci ilin sentyabrın 21-də çağırışla  hərbiyə gedib. Əvvəlcə Turalgili Beyləqan rayon  səfərbərlik  idarəsinə çağırdılar. O, tərəddüd etmədən komisarlığa getdi. Burada  çoxlu adam var idi. Onlar hamısı  döyüşmək üçün  komissarlığa müraciət etməyə gəlmişdilər.Onlarla bərabər Tural da  qeydiyatdan keçib hərbi hissələrə göndərildi. Onları Beyləqandan Ağcəbədinin taxta körpüsü deyilən yer var ora aparıblar. Oradan  da Ağdamın Ergi qəsəbəsinə aparıblar. Ergidən isə Füzuli rayonunun Alıxanlı kəndinə gəliblər.    

 Döyüş yolu Füzuli rayonunun  Alıxanlı kəndindən, Cəbrayıl, Zəngilan, Qubadlıya kimi olub.Sonuncu döyüş yeri Şuşa  şəhərində olub. Şuşa şəhərinin erməni işğalçılarından azad olunması uğurunda döyüşüb. Şuşa şəhərini azad  edən zaman zəng eləyib dedi:

 -Papa (Mənə  papa , anasına mama deyə müraciət edərdi)  muştuluğumu ver. Şuşanı erməni işğalçılardan azad etmişik. Bununla da  səsi kəsildi. Şuşa alınan günü o şəhid oldu. Həmin günü Turala nə qədər zəng etdimsə də ondan cavab gəlmədi.   Şuşa alınan günü,noyabr ayının  8-də şəhid olub. 9 noyabr 2020-ci il tarixdə Beyləqan rayonu Cərciz Peyğəmbər  ziyarətgahında  Şəhidlər xiyabanında  dəfn olunub.Allah bütün şəhidlərimizə rəhmət eləsin.

O, qəhrəman oğulun  anasının  Əsədova  Əntiqə   İbrahim qızının övladı haqqında xatirəsini dinləyirəm. Dərddən sinəsi oyma-oyma olan Əntiqə  ana Turallı günlərdən danışdı:

- Ailədə dörd uşaq idilər. İki qardaş, iki bacı  indi. Əsədova Minavər Sarvan qızı, Əsədova Zeynəb Sarvan qızı, Əsədov Malik Sarvan oğlu, bir də Tural.İndi övladlarımın  hər birinin öz  təsərüfatı var. Ayrı yaşayırlar.

   Tural ailəsi ilə  bizimlə qalırdı. İki qızı qaldı, ondan bizə yadigar Əsədova  Turanə Tural qızı, Əsədova Fatimə Tural qızı. Qızlarını çox istəyirdi. İşdən evə gələn kimi  qızları atasına tərəf qaçaraq soruşardılar ki, “ata bizə nə almısan?”.Atası da onları bağrına basar aldığı hədiyyələrlə onları sevindirərdi.Xoşbəxt anlar idi...

  Fəhlə işləyirdi . Qaz-24 markalı maşını var. İndi qalıb həyətin bir küncündə. O maşınla işə gedib gələrdi...

   Axırıncı günü  noyabrın  7-də saat yeddi radələrində biz ona zəng elədik. Telefonu açmadı.

   Oturmuşdum evdə. Nədənsə Turalı düşünürdüm. Düşünürdüm ki, telefonu nə üçün açmadı?  Bəlkə başına nə isə gəlib? Saat səkkiz idi.O, özü zəng elədi.Telefonu açdım.Dedi:

  -Mama  nə ilə məşğulsan? 

Dedim :

 -Bala, heç nə. Evdəyəm. Dedim ki, nədir. Nə olub?

Sevincək səslə dedi:

  -Mama, gedirəm Şuşaya. Ondan sonra səs-küy olmadı. Bir də səhər tezdən eşitdik ki, şəhid olub.

   Həyat yoldaşı  Ağazadə Mətanət  Eyvaz qızı gözləri dolmuş halda  danışdı: 

- Axırıncı dəfə oktyabrın 10-da evə gəlmişdi. Maşın gətirmişdi. İki nəfər idilər. Döyüşçü yoldaşı buraları yaxşı tanımadığı üçün  onunla gəlmişdi. Həmin  maşını təmir elətdirdi. Oktyabr ayının  15-də  döyüşçü yoldaşlarının yanına qayıtdılar. Getməmişdən qabaq dostlarından kiminsə şəhid olmasını eşidən Tural uşaq kimi ağlamağa başladı.  Bu vaxt böyük qızı onun yanına gəldi. Qızını  qucağına götürüb bağrına basdı və  başını sığallayaraq dedi:

- Mənim gözəl qızım,  indi mən ölsəm, şəhid olsam sən ağlama. Axı, sən böyümüsən.Sən atanın  ağıllı qızısan, bacına, anana arxa-dayaq olacaqsan...

   Bu sözlərini eşidəndə ona yaxınlaşdım, Tural mənim nə demək istədiyini anladı:

 - Sözdür də deyirəm, Mətanət, narahat olmayın. Mətanət, mən  sizi heç vaxt tək qoymaram... 

   Bu sözləri deyib Tural qapıdan çıxdı. 

   Qızı ona tərəf qaçaraq, “ata niyə bizi öpməmiş gedirsən?” soruşanda, “qızım, tələsirəm, qayıdanda sizi öpəcəyəm”cavabını verdi  və  maşınına oturub getdilər...

   Biz Turalın evə qayıdışını  belə gözləmirdik...

  Gözləyirdik ki, mənfur ermənilərə qalib  gələrək evimizə qələbə ilə, zəfərlə qayıdacaq.Buna inanırdım. İnanırdım ki, axırıncı dəfə evdən çıxarkən  qızlarına verdiyi sözü yerinə yetirəcək. Onları bağrına basıb öpəcək... Onları sevindirəcək...

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən "Vətən uğrunda”və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.


 Allah rəhmət eləsin!

Hiç yorum yok:

Yorum Gönder