3 Şubat 2022 Perşembe

Məkan Mübariz oğlu Qəhrəmanov


 Şəhid Məkan Mübariz oğlu Qəhrəmanov

Məkan Qəhrəmanov 3 fevral 1999-cu ildə Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olmuşdur.

2005-2016-cı illərdə Ağcabədi rayon Minaxorlu kənd orta məktəbində təhsil almışdır.

Məkan Qəhrəmanov 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun tərkibində etmişdir. Hərbi xidmət müddətində 2018-cı il mayın 20-dən 27-nə qədər davam edən Günnüt əməliyyatında iştirak etmiş və fərqlənmişdir. Hərbi xidmətini 2020-ci ilin iyul ayında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etdirmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Məkan Qəhrəmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Məkan Qəhrəmanov 10 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Ağcabədi rayonunun Minaxorlu kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məkan Qəhrəmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Məkan Qəhrəmanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məkan Qəhrəmanov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məkan Qəhrəmanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Məkan Qəhrəmanov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

Hiç yorum yok:

Yorum Gönder