8 Ocak 2022 Cumartesi

Murad Mahmud oğlu Hüseynzadə



Şəhid Murad Mahmud oğlu Hüseynzadə

8 yanvar 1998-ci ildə Lənkəran rayonunun Şağlaser kəndində anadan olub. 2 qardaş və 1 bacı olmaqla ailədə 5 nəfər olublar. Uşaqlıq illərini doğulduğu kənddə keçirib. Orta təhsilini Lənkəran rayon A.Əsədullayev adına Şağlaser kənd ümumi orta məktəbində alıb. Təhsilini başa vurduqdan sonra, 2016-cı ildə Murad Lənkəran şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Naxçıvanda yerləşən "N" saylı hərbi hissəyə yola salınıb. Vətənə olan borcunu şərəflə yerinə yetirdikdən sonra, 2017-ci ildə yola ehtiyata buraxılıb. Ailəsinə kömək etmək məqsədilə Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasında işləməyə başlayıb.


27 sentyabr 2020-ci il tarixindən başlayan 44 günlük II Qarabağ müharibəsi zamanı Murad həmin ayın 28-də könüllü olaraq Lənkəran şəhər Hərbi komissarlığında qeydiyyatda keçir və müharibəyə yola düşür. 2016-cı ilin "Aprel döyüşləri"nin iştirakçısı olan Murad həmçinin bu döyüşdə də böyük şücaətlər göstərir. Bir çox yaşayış məntəqələrin və yüksəkliklərin düşmən tapdağı altından azad olunması uğrunda vuruşur, düşmənə sarsıdıcı zərbələr endirir və xeyli sayda canlı qüvvəsini məhv edir. Düşmənə sinə gərən Murad oktyabr ayının 21-də Qubadlının Muradxanlı kəndi istiqamətində gedən şiddətli döyüşlərdə ayağından yaralanır, buna baxmayaraq hospitala getməkdən imtina edir və döyüşə davam edir. Həmin ayın 31-də Laçın Koridoru istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olur. Nəşi neytral zonada qaldığından bir müddət çıxarmaq mümkün olmayır. Nəhayət nəşi həmin ayın 11-də döyüş zonasından çıxarılaraq doğulub, boya-başa çatdığı Şağlaser kəndinə gətirilir və kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılır. Muradın ən böyük arzusu Kərbəlayə getmək və orada şəhidlərimizi ziyarət etmək olur. Lakin o bu arzusuna nail ola bilmir. Amma onun şəkilləri arzuladığı ziyarətgahda divarlara vurulur. Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lənkəran rayonunun Şağlaser kəndində anadan olan Murad Mahmud oğlu Hüseynzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Vətən uğrunda"  medalları ilə təltif edilib. 

Allah rəhmət eləsin. Vətən sağ olsun!

                      

Hiç yorum yok:

Yorum Gönder