29 Eylül 2018 Cumartesi

1 May

CƏFƏROV FAİQ ƏLİQULU oğlu

DOĞUM TARİXİ: 01/05/1974
VƏFAT TARİXİ: 19/08/1999
 1 may 1974-cü ildə Cəlilabad rayonunun Şiləvəngə kəndində doğulmuşdur. 1982-ci ildə Şiləvəngə kənd orta məktəbinin birinci sinfinə getmiş, 1991-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Elə həmin ildə də Bakı Maşınqayırma Texnikumuna daxil olmuşdur. 1992-ci  il  oktyabrın 18-də Vətənə sədaqət andı içərək Milli Ordu sıralarında hərbi xidmətə başlamışdır. Naxçıvan sərhəd dəstəsinin ilk sərhədçilərindən biri də Faiq Cəfərov olmuşdur.
Şərur rayonundakı 3-cü zastavada 3 il Vətənə xidmət... Bu illər ərzində erməni qəsbkarlarının Naxçıvan Muxtar Respublikası üzərinə hücumlarının dəf edilməsində Faiq də mərdlik göstərir.
1995-ci il 13-17 mart hadisələri... O günlərin həyəcanı heç vaxt yaddan çıxmaz. Bir qrup silahlı dəstə düşmən dəyirmanına su  tökərək qurbanlar bahasına qazanılmış müstəqilliyimizə, suverenliyimizə zərbə vurmaq istəyirdi. Həyəcan siqnalı ilə ayağa qaldırılan bir neçə hərbi hissənin əsgərləri qanunsuz silahlı dəstələrin tərksilah edilməsi üçün təhlükəli zonaya göndərildi. Həmin gün  Naxçıvan sərhəd dəstəsinin könüllülərdən ibarət bölməsi də paytaxta göndərilmişdi. Dövlət çevrilişinə cəhd etmək istəyən qüvvələrin zərərsizləşdirilməsində iştirak edənlər sırasında Faiq də var idi. Martın 16-dan 17-nə keçən gecə Faiq Cəfərov yaralanaraq Sabunçu rayonundakı 3 saylı xəstəxanaya çatdırılır. O, həkimlərin səyi nəticəsində yenidən həyata qaytarılır. 1995-ci il iyunun 22-də sərhəd qoşunlarından ehtiyata buraxılır.
Azərbaycan Respublikası prezidentinin 27 dekabr 1995-ci il tarixli 427 saylı fərmanı ilə Cəfərov Faiq Əliqulu oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Həyatını xalqının, dövlətinin təhlükəsizliyinə həsr edən gənc qəhrəman bir ildən sonra yenidən sərhəd qoşunlarına qayıdır. O, Bakı Əlahiddə Nəzarət Buraxılış Məntəqəsində xidmət edir. 1997-ci ildən Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsində təhsil almağa  başlayır.
O, böyük arzularla yaşayırdı. Lakin 19 avqust 1999-cu ildə avtomobil qəzası nəticəsində onun arzularla dolu ürəyi vaxtsız dayandı.
Evli idi. İki övladı vardı.
Cəlilabad rayonunun Şiləvəngə kəndində dəfn edilmişdir.

PAŞAYEV BAXŞEYİŞ XANƏHMƏD oğlu

DOĞUM TARİXİ: 01/05/1936
VƏFAT TARİXİ: 12/07/1992
1 may 1936-cı ildə Ağdam rayonunun Əhmədavar kəndində dünyaya göz açmışdır. O, yeddinci sinfi bitirdikdən sonra Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. 1954-cü ildə texnikumu bitirmiş və Ağdam Atçılıq Sovxozunda mexanizator işləməyə başlamışdır.   1965-ci ildən isə o, öz fəaliyyətini sürücü kimi davam etdirmişdir. 1988-ci ildə  müharibənin ilk qığılcımları görünürdü.
O, Qarabağ müharibəsinin ilk qurbanları olan Əli və Bəxtiyarın ölümündən sonra Xalq Hərəkatına qoşuldu. Erməni basqınının qarşısının alınmasında  böyük  rolu olan  Baxşeyiş,  ayrı-ayrı kəndlərə  ərzaq  çatdırılmasında,  yollar  bağlanan  zaman isə əhalinin  bir yerdən  başqa  yerə köçürülməsində fəal iştirak etmişdir. O, “Qarabağ müdafiə şahinləri”  dəstəsinin ən fəal döyüşçüsü sayılırdı. Xramort kəndinin ermənilərdən təmizlənməsində əsl igidlik göslərmişdir.  Döyüşçülər arasında “ağsaqqal”  ləqəbi  ilə  tanınan  Baxşeyiş Paşayev mahir atıcı olmaqla, həm də gözəl kəşfiyyatçı idi. Dəfələrlə Fərrux, Aranzəmin, Naxçıvanik, Xanabad kəndlərinə kəşfiyyata getmiş, onun məlumatları əsasında aparılan hücum əməliyyatları uğurla nəticələnmişdir. O, 10 aprel 1992-ci ildə Şuşakənddə ermənilərin çox mühüm döyüş nöqtələrini məhv     etmək üçün vertolyotçularımıza bələdçilik etmişdir. Baxşeyiş Xocalı faciəsi zamanı əhalinin çıxarılmasında böyük fədakarlıq göstərmişdir.
1992-ci il iyulun 12-də düşmən Xanabad kəndinə hücuma keçmişdi. Baxşeyişin dəstəsi cavab olaraq, düşmənin 7 postunu ələ keçirdi. Yaraqlılar gözlənilməz hücumun qarşısında aciz qalmışdı. Lakin qəfil düşmən gülləsi xalqımızın igid oğlu Bəxşeyiş Paşayevin ömrünü qırdı.
Ailəli idi. Doqquz övladı var.
Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Paşayev Baxşeyiş Xanəhməd oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn edilmişdir.

Hiç yorum yok:

Yorum Gönder