15 Eylül 2018 Cumartesi

15 sentyabr 1918-ci il Bakı işğaldan necə azad edildi

 Bakıya hücum əmri
Hücum hazırlıqlarının başa çatdığını görən Qafqaz İslam Ordusu komandanı Nuru paşa, 13 sentyabr 1918-ci il tarixində diviziya komandanlıqlarına göndərdiyi əmrdə, 14 sentyabrgecə saat 02.00-da hücumun başlayacağını bildirdi.
Qərargahdan "irəli" əmri verilincə, birliklər, gecənin qaranlığında Heybət-Biləcəri dəmir yolu xəttinə doğru irəliləməyə başladılar. Hədəfdə düşmənin birinci müdafiə xətti idi. 56-cı piyada alayı saat 01-də Şabanı-Bakı yolunun şimalından, 9-cu Qafqaz alayı isə bu yolun cənubundan hücuma başladı. Bu alaylar 03.00-da verilən tapşırığı uğurla yerinə yetirdi və erməni, rus və ingilislərin birinci müdafiə xəttini səssizcə işğal etdi.
5-ci Qafqaz piyada diviziyasının rəhbəri podpolkovnik (yarbay) Rüştü bəy, hücumun başlanmasını bu cümlələrlə ifadə edirdi:
"Bu gün 5 avqust tarixinin üzərindən 39 gün keçir. 5-ci Qafqaz firqəsi heç ana vətəndəki döyüşlərdə belə, Azərbaycanda olduğu qədər çətin, qanlı itkilərə uğramamışdı. Həm din, həm də irqini qurtarmaq üçün, mənsub olduğu ordunun qəhrəmanlıq dastanını yerə salmamaq üçün əsgər və zabit heyəti səylə çalışmış, qan axıtmış və canlarını fəda etmişdilər. İstiqlalına vurğun Anadolu türkü, nəhayət, qonşu və qardaş millətin istiqlalını da çətin mübarizələr ilə təmin və azərbaycanlılara təhvil verirdi. Sentyabrın 13-dən 14-nə keçən gecə bütün firqə heç yatmamışdı. 5 avqustdakı məğlubiyyətin acısını çıxarmaq və intiqam almaq üçün hər kəs hücum vaxtının gəlməsini səbirsizliklə gözləyirdi. Axır ki, gözlənilən o saat gəlmiş və kontingent gecənin dərin qaranlıqları içində gündüzdən bələdlənmiş Heybət-Bakı dəmir yoluna doğru axmağa başlamışdı. Bu dəfə Bakının ələ keçiriləcəyinə hamıda inam var idi. Ruh yüksəkliyi hökm sürürdü. İlk qumbara səsləri düşmənin ilk mövqelərinə çatıldığından xəbər verirdi".
— Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 202-203
9-cu alayın sağ cinahını qorumaq üçün 13-cü alay, 56-cı alayın sol cinahını düşmən hücumundan qorumaq üçün isə ehtiyatdakı 106-cı alay irəli hərəkətə başlamışdı. Ağır toplardan başqa bütün toplar sürətlə ələ keçirilən düşmən səngərlərinə daşındı. Düşmənin birinci müdafiə xəttində yerləşmənin başa çatdığını görən komandirlər, yenidən irəli hərəkətə keçdilər. 56-cı alay səhər saat 06.00-da ikinci müdafiə xəttini də işğal etdi.
Qurd qapısı dağında olan düşmən birləşmələri hərəkətə keçməyə hazırlaşarkən, ora güclü top atəşinə tutuldu və bu hərəkətləri nəticəsiz qaldı. Sallaqxana və Salyan kazarmalarındakı topçu batareyaları da türk topçusunun atəşləri ilə susduruldu. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 204 İrəli hərəkəti uğurla davam etdirən 56-cı alay, düşməni geri oturtdu. 13 və 19-cu alaylar da düşmən səngərlərini dağıdaraq, sərt maneələri aşıb qəbiristanlığın qərbindəki düzənliyə çıxmağa müvəffəq oldular.
İkinci Bakı hücumunda qeyri-adi bir şövqlə döyüĢən 56-cı alayın əsgərləri, komandirləri başda olmaqla Qurd qapısı cəbhəsindən qaçan düşmənə, Bayıl həndəvərində daha bir ağır zərbə vurdu. Bundan sonra birləşmiş düşmən qüvvələri tamamilə pozuldu və Məhmətçiyin təqibi altında Bakıya tərəf qaçmağa başladı. Xristian qəbiristanlığının yaxınlığındakı Qırmızı kazarma ətrafında cəm olmağa çalışan düşmən birlikləri, top atəşi və 56-cı alayın inadlı təqibi nəticəsində buradan da qovuldular və tamamilə dağılaraq, şəhərin içindəki ara küçələrlə sahilə doğru qaçdılar. Qərb Cəbhəsində nizamı pozulmuş rus, erməni və ingilislərdən ibarət birləşmiş qüvvələr, sahilə yığılaraq, limandakı gəmilərə minməyə çalışırdılar. Lakin sahilə tuşlanan top atəşləri altında buna müvəffəq olmadılar.
Xəlil paşa Bakıya edilən hücumun ilk günü döyüş meydanında gördüklərini və yaşadıqlarını bu cümlələrlə ifadə edir: "Hava təzə işıqlanmağa başlamışdı ki, piyadanın özünə məxsus qışqırıqları (Allah, Allah) ilə qumbara və süngü hücumuna başlanıldı. Hücum qoluna sağdan və soldan həmlə edən düşmən ehtiyat qoşunları, "qəmə" şəklində irəliləyən türk birliklərinin sağa-sola açdığı yaylım atəşləri ilə geri oturdulurdu.
İkinci Bakı hücumunun birinci günündə türk əsgərinin düşmənin müdafiə xətlərini surətlə ələ keçirməsi, general Deustervili heyrətə gətirmişdi. Xatirələrində bunları belə qeyd edir:
"İnanmaq mümkün deyil. Cəbhəmizin ən güclü xətti türklər tərəfindən ələ keçirilmişdi. Həm də türklərin hücuma keçəcəyinin bütün birliklərə xəbər verilməsinə baxmayaraq, işğal edildi. İnanmaq çətin olsa da, mövcud vəziyyət belə idi. Cəbhədəki bütün üstünlüklərin bizim tərəfimizdə olmasına baxmayaraq, hücumun ilk anlarında darmadağın olan hərbi qüvvələrimizin artıq nəsə edə biləcəyinə ümid qalmamışdı. Bu vəziyyətdə üzərimizə düşən əsl vəzifə, geri çəkilmək və düşmənin hərəkət sürətini azaldaraq, hərbi birləşmələri yenidən nizamlamaq idi".
— General Denstervil, Britaniya İmperatorluğu, Bakı və İran, s. 263
5-ci Qafqaz piyada diviziyasının əldə etdiyi uğurun davamı kimi, Bakının şimal cəbhəsindən hücuma keçən 15-ci piyada diviziyası da verilən tapşırığı layiqincə yerinə yetirirdi. Birləşmiş düşmən qüvvələri, şəhərin şimal bölgəsində olan 5-ci Qafqaz piyada diviziyasının cəbhəsindəki hərbi qüvvələri möhkəmləndirməmişdi. Qafqaz İslam Ordusunun döyüş planı və taktikası uğurla həyata keçmişdi. 15-ci piyada diviziyası, gecə yarısından etibarən 40 nəfərlik güclü kəşfiyyat qolları halında düşmən mövqelərinə yaxınlaşdı. Bu şəkildə tərəflər arasında piyada döyüşlərinin başladılması, düşmənin diqqətini şimal cəbhəsinə çəkirdi. Biləcəri yüksəklikləri istiqamətində hərəkətə başlayan 38-ci alay, düşmənin müdafiə xəttinə girdi və çətin bir müharibəyə başladı. Birləşmiş düşmən qüvvələrinin müdafiə xəttinə 500-600 metr yaxınlaşdığı zaman, düşmənin Biləcərinin şərqində gizlətməyə müvəffəq olduğu altı pulemyot, türk əsgərinin sağ tərəfini güclü atəşə tutdu. Bu səbəbdən böyük itkilər oldu. Piyada diviziyası komandanlığı sərəncamına ağır toplar verilmişdi.
Böyük Britaniya hərbi maşını Bakıcəbhəsində döyüş zamanı
Diviziya komandiri yarbay (podpolkovnik) Süleyman İzzət bəy bu alayı gücləndirmək üçün bir neçə ağır top göndərilməsini tələb etdi. Bununla da, qərb cəbhəsi ilə şimal cəbhəsi arasında sıxışdırılacaq düşmən birliklərinin tam məhvinə nail olunacaqdı. Şimal cəbhəsində alınan əsirlərdən əldə edilən məlumata görə, 38-ci alayın lap qarşısında, 100-ü ingilis, 700-ü rus və 800-ü ermənilərdən ibarət olan təqribən 1.600 nəfərlik düşmən qüvvələri yerləşirdi. Əllərində isə ikisi uzun mənzilli olmaqla 12 top və 16 pulemyot vardı.
Komandanlıq, 107-ci Qafqaz alayına 38-ci alayı sağ cinahdan qorumaq tapşırığı vermişdi. Ancaq güclü atəş altında qaldığı üçün, tapşırığı yerinə yetirmək çətinləşirdi. 107-ci Qafqaz alayı günortadan sonra iki diviziyanın arasındakı boşluğu doldurmaq üçün Hacıhəsən kəndi ətrafına göndərilmişdi. Bir saata yaxın davam edən qanlı müharibədən sonra 38-ci alay, saat 15.00 radələrində Biləcərinin cənubundakı yüksəklikləri ələ keçirə bildi. Biləcərinin yüksək yerlərində yerləşmiş və üstün atəş mövqeyi tutan düşmənin sayı bu bölgədə təxminən 2 min nəfər idi. Düşmən birləşmələrinin iri çaplı topları qarşısında, dörd kiçik çaplı topla mübarizə aparan 38-ci piyada alayı, irəli hərəkətini qəhrəmanlıqla davam etdirərək, axşamüstü saat 19.00 radələrində Bakının bir kilometrliyinə qədər irəlilədi.
Şimal cəbhəsinin şərqində 15-ci piyada diviziyasının rəhbərliyi altında döyüşən və Azərbaycanlı türklərdən ibarət olan Maştağa dəstəsi isə Sabunçunu ələ keçirdi. Bakının şərqində mövqe tutmuş Zehni bəyin dəstəsi də Əhmədli istiqamətində irəliləyərək əhəmiyyətli uğurlar əldə etdi.\
Maştağa dəstəsi – Tofiq bəyin dəstəsi Sabunçu stansiyasını ələ keçirdi. Bu dəstə, sayı bilinməyən piyadalar ilə 100 süvari və beş topdan ibarət olan düşmən qüvvələrinə qarşı Hövsandan hücuma keçdi və Əhmədli bölgəsinə tərəf irəlilədi.
5-ci Qafqaz piyada diviziyası da verilən tapşırığı uğurla yerinə yetirmiş və Bakının kənar məhəllələrinə qədər soxulmuşdu. Küçə döyüşlərində tələfat verilə biləcəyi düşüncəsiylə, saat 16.00-da hərəkətə ara verildi. 14 sentyabr 1918-ci il axşamında 5-ci Qafqaz piyada diviziyası, sağdan olmaqla 13, 9, 56 və 10-cu alayları ilə Xristian qəbiristanlığı-Sallaqxana-Qırmızı kazarma-Ağ kazarma xəttində mövqe tutmuşdu
İkinci Bakı hücumunun birinci günündə yaşanan qanlı döyüĢlərdə 56-cı alay bir zabit və 16 sıravi şəhid vermiş, iki zabit və 74 sıravi yaralanmışdı. 15-ci piyada diviziyasına tabe olan 38-ci alaydan bir zabit şəhid olmuş, bir zabit və 116 sıravi yaralanmışdı. 5-ci Qafqaz piyada diviziyasına tabe 56-cı alaydan isə bir zabit, on altı sıravi şəhid olmuş, iki zabit və 47 sıravi yaralanmışdı.
General Deustervil, ikinci Bakı hücumunun birinci günündə Qafqaz İslam Ordusu qarşısında müqavimət göstərməyin bir fayda verə bilməyəcəyi qənaətinə gəldi. İngilis birliklərinə axşam saat 20.00 radələrində geri çəkilmə əmri verdi. Saat 22.00-da isə bütün ingilis hərbi birləşmələri Kreyzer gəmisinə minmişdi. İngilislərin Bakıdan aralanmasına mane olmaq məqsədilə Sentrokaspi üzvlərindən Liyamlin və Sadovski, Deustervil ilə görüşmək üçün Kreyzer gəmisinə gəldilər. Sadovski Deustervilə xitabən hökumət adından bir məktub gətirdiyini və şəhərin müdafiəsindən qaçmaması gərəkdiyini bildirdi. İngilis birliklərinin geri çəkilməsinin xəyanət kimi qiymətləndiriləcəyini və buna qarşı sərt tədbirlər görüləcəyini bildirərək, hərbi birləşmələrin yenidən cəbhənin müdafiə xətlərinə göndərilməsini tələb etdi. Türklərin hələ şəhərə girmədiyini və müharibəni davam etdirəcəklərini də qeyd etdi.
General Deustervil də Sadovskiyə bu cavabı verdi:
"Mənim Bakıdan getməyim heç də xəyanət deyildir. Çünki mənim fikirlərim sizin hökumətə bəlli idi. Mənim hərbi qüvvələrim heç bir kömək almadan 16 saat döyüşdülər. Sizin əsgərləriniz isə çox zəif döyüşürdülər. Belə bir vəziyyətdə mən əsgərlərimin həyatını qurban vermələrinə razı olmaram. Hərbi birləşmələrimin dərhal cəbhənin ön sıralarına sövq edilməsinə gəlincə, dəyişdirilmədən və yardım almadan 16 saat vuruşmaq, fiziki baxımdan mümkün deyildir. Mən belə bir əmr verməyəcəyəm və elə indicə yola çıxıram."
İngilis birləşmələri Bakı və ətrafında qaldıqları gün ərzində 180 əsgərini itirmişdi.
İngilislərin geri çəkilməsindən xəbər tutan Biçeraxova tabe qüvvələr də öz gəmilərinə yığılaraq Mahaçqala istiqamətində yola düşdülər.
Beləliklə general Deustervilin sərəncamındakı ingilis hərbi qüvvələri sentyabrın 14-dən 15-nə keçən gecə Bakıdan ayrılaraq Ənzəliyə doğru hərəkət etdi. Qafqaz İslam Ordusu qarşısında Bakının qorunmasında iştirak edən qüvvələrdən yalnız yerli rus və erməni daşnaklarının hərbi birləşmələri qalmışdı.[141]

Bakıya hücumun ikinci günü

Bakıya gələn ingilis ordusunun komandanı General Denstervil, şəhərdə yoldaşları ilə.
Bakının kənar məhəllələrində olan Məhmətçiyin üzərinə, gecə boyunca ara-sıra pulemyot və piyada tüfəngindən atəş açılırdı. Bakını müdafiə etməyə çalışan düşmən qüvvələri, şəhərin qərb bölgəsindəki Qırmızı kazarma ətrafında toplaşmışdı. Türk topçusunun səhərə yaxın başladığı hazırlıq atışı tamamlandıqdan sonra, 5-ci Qafqaz piyada diviziyasına bağlı 13, 19 və 56-cı alaylar, havanın işıqlanmasıyla bərabər şəhərə girməyə başladılar. Erməni və rus əsgərləri, ara küçələrdə, yaxud da gizləndikləri binaların üstündən atəş açırdılar. Bu həmlələr planlı bir müqavimət deyildi. Bu son müqavimətlər də fayda vermədi və qısa sürən küçə döyüşləri də dayandırıldı. Rus və erməni birliklərinin böyük qisminin gəmilərlə qaçmaq üçün limana yığışdıqları məlum olan kimi, sahil boyu güclü top atəşinə tutuldu. Bu arada Bakı körfəzi açıqlığındakı Nargin adasının ətrafında, şəhərdən qaçan ingilis əsgərlərini daşıyacaq yeddi gəmi hərəkətə hazır vəziyyətdə gözləyirdi. Birləşmiş düşmən qüvvələri Bakıdan qaçarkən, şəhərdəki yanacaq məntəqələri və bəzi başqa əhəmiyyətli yerləri yandırmış bir neçə ölü gördük. Ordu komandanı verdiyi telefon əmrində "şəhərdəki yanğının söndürülməsini və təslim olan ermənilərin qorunmasını" tələb etdi. Ancaq şəhərdəki işğal hələ o nöqtəyə çatmamışdı.
İngilislər, Çanaqqalada ağır bir məğlubiyyətə uğramışdılar. Bundan sonra İraqda Qut yaxınlığında onları ağır bir şəkildə məğlub edən və komandirləri general Thovnsendi əsir alan Xəlil paşa, bu dəfə də Bakıda ingilislərə, Birinci dünya müharibəsindəki ən ağır üçüncü məğlubiyyəti dadızdırmaq üzrəydi. Xəlil paşa cəbhədəki ən yüksək rütbəli komandir olmasına və hücumu idarə etməsinə rəğmən bəzən hücum edən ən ön sıralarda, əlində silah vuruşurdu.
Bakıda olan ingilis qüvvələrinin hamısı "Avropa" və "Metropol" otellərində yerləşmişdilər. Türk topçusunun hədəfi bu otellər idi. General Deustervil isə komandir gəmisində yerləşmişdi. Xalq arasında ingilislərin Bakıdan qaçmağı xəbəri sürətlə yayılırdı. Deustervil, şəhərin müdafiə oluna bilməyəcəyini anlamış və hakimiyyətdəki Sentrokaspi hökuməti ilə görüşərək, yaralı, xəstə və yaşlıların evakuasiya olunmasını təklif etmişdi. Bu məsləhətləşmələrdən sonra, ingilislərin şəhərdən qaçmağa başladığını anlayan Bakı hökuməti, Türk komandirləri ilə təmas yaradıb şəhərin təslim edilməsi üçün şərtlərin hazırlanmasını qərarlaşdırdı. Bu qərar ingilislərlə Sentrokaspi hökuməti arasında Barışıq Şərtlərinin razılaşdırılacağı bir zamanda, Məhmətçiyin üzərinə atəş açılması və bunun nəticəsində çox qiymətli komandir və əsgər heyətinin öldürülməsi, Süleyman İzzət bəyi hövsələdən çıxarırdı. Evlərin damında qurulan pulemyot atəş nöqtələrinin hamısını top atəşi ilə susdurmağı əmr etdi. Bir çoxu vurulduqdan sonra əllərində ağ bayraq tutmuş dörd erməni, saat 14.30-da 38-ci piyada alayına müraciət edərək, saat 16.00-da təslim olacaqlarını bildirdi. Onlara verilən bu vaxt tamam olduqdan sonra, ermənilər əllərindəki silahlarla birlikdə təslim olmağa başladılar.
Bakıda hərbi mövqedə olan erməni döyüşçüləri
Qaraşəhərdə erməni və rusların silahı atıb təslim olduqları ilk saatlarda 800 piyada tüfəngi və 6 pulemyot təhvil verildi. İki zabit və 80 sıravi təslim oldu. Lakin küçə aralarında gizlənib Məhmətçiyə atəş açan erməni və rus əsgərlərinin böyük bir hissəsi mülki paltar geyərək camaata qarışmışdılar. Bu canilər haqqında bir tədbir görülə bilmirdi.
İkinci Bakı hücumunda Azərbaycan milislərinin gücündən də kifayət qədər istifadə olundu. Maştağa dəstəsi Qışla məntəqəsini döyüşsüz ələ keçirdi. Zehni bəyin dəstəsi isə Zığ təpələrinə sığınan iki yüz erməni daşnak və bolşevik rus əsgərinə böyük ziyan vurdu və geri oturdaraq şəhərin şərq tərəfini tamamilə öz nəzarəti altına götürdü. Ləzgi süvari alayı da nəzarət və mühafizə tapşırığı ilə Zığ təpələrində yerləşdirildi.
Bakı küçələrində saat 15.00-a qədər davam edən döyüşlərdə erməni və rus birləşmələrinin müqaviməti tamam qırıldı. Artıq təslim olmaqdan başqa çarələri qalmamışdı. Hələ 14 sentyabrda Bakının kənar məhəllələrinə girən türk əsgəri, tələfat verməmək üçün irəliyə hərəkəti dayandırmışdı. Türklərin şəhərə girmək istədiyini görən ingilislər, gəmilərə minərək səhər saatlarında Bakıdan qaçmışdılar. Erməni və rus komandirləri ilə şəhər rəhbərləri də gəmilərlə qaçırdılar. Buna görə də birləşmiş düşmən qüvvələrində böyük bir çaxnaşma meydana gəlmiş, cəbhələri və qoşunları tamamilə dağılmışdı.
Bakıda küçə döyüşləri davam edərkən, saat 10.30 radələrində İran bayrağı ilə ağ bir bayrağın olduğu bir avtomaşının 13-cü alaya doğru yaxınlaşdığı göründü və bu barədə 5-ci Qafqaz piyada diviziyası qərargahına xəbər verildi
İranın Bakı Konsulluğu ilə birləşmiş düşmən qüvvələrinin qərb cəbhəsinin erməni əsilli komandiri, şəhərin təslim olacağını bildirdilər. Şəhərin təslim olması ilə əlaqədar görüşlərin, Bakıda iqtidarda olan Sentrokaspi hökuməti ilə İran, İngiltərə, ABŞ, İsveç və Danimarka konsulluqları və ya təmsilçilərinin də iştirakı ilə həyata keçirilməsini təklif etdilər. Yeni təkliflər Nuru paşaya çatdırıldı. 5-ci Qafqaz piyada diviziyası rəisi podpolkovnik Rüştü bəyin, bu təmsilçilərlə Bakıya gedərək, şəhərin təslim olma şərtlərini həll etməsi uyğun bilindi
Bakıya gedən Qərargah rəisi Rüştü bəy şəhərdə tam bir qarışıqlığın hökm sürdüyünün, azərbaycanlılarla ermənilər və fars əsilli iranlılar arasında küçə döyüşləri başlandığının, erməni daşnakların küçələrdə atəş açaraq türkləri qətlə yetirdiklərinin şahidi oldu.

Şəhərin təslim edilməsi

Bakını fəth etmiş Qafqaz İslam Ordusunun şəhərdə fəxri keçidi
Bakıdan gələn heyətə, şəhərdə yaşayan insanlara heç bir zərər verməyəcəyinə dair Türk Qafqaz İslam Ordusu Komandanlığında hazırlanan bildirişlər verilərək, bunu xalq arasında yaymaq göstərişi verildi. Beləliklə də, küçə döyüşləri tezliklə dayandırılaraq, daha çox şəhid və yaralı verilməsinin qarşısı alınmış oldu.
Hacıqabulda yerləşən Cənub Qrupu Komandanı Cəmil Cahid (Toydəmir) bəy Bakı Mövqe Komandiri vəzifəsinə təyin olundu və axşama doğru şəhərə girdi
Şəhərdə asayişi bərpa və mühafizə etmək minbaşı Fəhmi bəyin başçılığı altında iki batareya ilə 56-cı alaya həvalə olundu. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 213 Şəhərin şərq hissəsindəki Qaraşəhər bölgəsini isə bir batareya ilə 38-ci piyada alayının qoruyacağı qərara alındı. Düşmən gəmilərinin Bakını bombalamasının qarşısını almaq üçün şəhərin qərb bölgəsindəki Bayıl təpələri ilə şərqdəki Zığ təpələrinə də topçu batareyası yerləşdirildi.Qafqaz İslam Ordusu Komandanlığına verilən raportlara görə, Bakının ələ keçirilməsində 17 erməni, 9 rus və 10 gürcü zabiti ilə 1.151 erməni, 383 rus, 4 ingilis və müxtəlif millətlərə mənsub 113 əsir alındı. Bakıda olan təxminən 5-6 min ingilis piyadası 100 pulemyot və 20 top ilə gəmilərə minib Ənzəliyə yollanmışdı. Rus və ermənilərin əsas qüvvələri isə gəmilərlə Dağıstana – Mahaçqalaya getmişdilər. Qafqaz İslam Ordusunun ehtiyacını ödəmək üçün Kürdəmir sursat anbarında olan 500 qutu mauzer və 200 rus piyada tüfəngi Puta stansiyasına gətirildi. Şəhər iqtisadiyyatını nəzarətə götürmək üçün də bəzi komissiyalar yaradıldı.
Nuru paşa qəhrəmanlıqla döyüşərək Bakını azad edən Məhmətçiyin bu xidmətinin əvəzini ödəmək lazım olduğunu bilirdi. Qafqaz İslam Ordusu Komandanı Nuru paşa Bakını zəbt etmələri münasibəti ilə bütün diviziyalara təbrik göndərdi. Təbrikdə deyilirdi:
"Bakının ələ keçirilməsi üçün edilən müharibələrdə xidməti olan bütün zabit və sıravilərin hər birinə, göstərdikləri şücaət və fədakarlığa görə təşəkkür edirəm. İlk piyada hücumunu uğurla yerinə yetirən 9 və 56-cı alaylara, düşmən qüvvələri üstün olduğu halda hücumla qısa zaman ərzində Biləcərinin yüksəkliklərini ələ keçirən 38-ci alaya, xüsusi təşəkkürümü bildirirəm. 56-cı alayın topçu atəşi müşayiəti olmadan düşmənin iki xəttini işğal etməsi təqdirəlayiq haldır. Buna görə alay komandiri minbaşı Fəhmi bəyin yarbay rütbəsi ilə təltif olunması barədə Hərbiyə Nazirliyinə təqdimat verdim. Bu döyüşlərdə fərqlənən zabit və sıravilərin təyin olunaraq, 17 sentyabr axşamına qədər Ordu Komandanlığına göndərilməsini xahiş edirəm".
Bakını qorumaq və türklərə təslim etməmək tapşırığı alan ingilislər, 14 sentyabr gecəsində gəmilərə minmişlər və saat 22.00-dan etibarən Cənubi Azərbaycandakı Ənzəliyə getmək üçün limandan ayrılmağa başlamışdılar. Verilən tapşırığı yerinə yetirməyən və böyük itkilər verərək, üzgün və əzilmiş bir şəkildə geri çəkilmək məcburiyyətində qalan ingilislərin 39-cu Briqada Komandanı general-leytenant Deustervil Ənzəliyə çatan kimi vəzifəsindən kənarlaşdırıldı. Yerinə isə general Tomson gətirildi.
Rus və ermənilərdən ibarət düşmən qüvvələri də 5-6 min piyada, 100 pulemyot və 20-yə qədər top ilə gəmilərə doluşaraq şimaldakı Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərinə getmişdilər. Dağıstana qaçan bu qüvvələr, Dərbənddə olan Kazak Biçeraxovun ordusunda xidmətə qəbul olundular. Bir qismi də fərarilik edərək evlərinə və kəndlərinə qayıtdı.
İkinci Bakı hücumunun başlandığı ilk günün axşamından 15 sentyabr günorta saatlarına qədər Xəzər dənizindəki gəmi, paraxod və kiçik dəniz vasitələrinə doluşan çox sayda əsgər və mülki əhali, şimala doğru hərəkət etmişdi. İngilislərin Bakıya girməsindən az əvvəl həbs olunan 26 Bakı Komissarları və onların lideri Qırmızı Şef Stepan Şaumyan ilə Vəzirov, Əzizbəyov, Caparidze, Korqanov, Fioletov kimi kommunist liderlər, Qafqaz İslam Ordusu Bakıya girməmişdən qabaq həbsxanalardan çıxarılıb, Xəzər dənizinin şimalındakı Astraxana aparılacaqları söylənərək, "Türkmən" adlı gəmiyə mindirildilər. İngilislər, Şaumyan və silahdaşlarını Türkmənistanın Xəzər dənizi yaxınlığındakı Krasnovodsk (indiki Türkmənbaşı) şəhərinə gətirdilər. Türkmənistanda ingilislərin dəstəklədiyi Beloruslardan ibarət "Sosialist İnqilabçıları" deyilən bir qrupa təhvil verdilər. Onlar da bu kommunistləri Qaraqum çölünə gətirərək güllələdilər. Bu hadisədən yalnız bolşevik Bakı hökumətinin "Dövlət başçısı" elan etdiyi erməni əsilli Mikoyan sağ qalmışdı.
Türklərin Bakıya girməsi xəbəri, Hərbiyə Naziri və Baş Komandan vəkili Ənvər paşaya 16 sentyabr 1918-ci il tarixində bildirildi. Nuru paşanın bununla bağlı şifrə teleqramı belə idi:
Surət:
"Allahın yardımı ilə Bakı şəhəri otuz saat davam edən şiddətli müharibədən sonra 15.09.334-də saat 9 radələrində zəbt edilmişdi. Bütün ordunun, xüsusilə minbaşı Fəhmi bəyin komandası altındakı 56-cı alayın qəhrəmanlığı təqdirəlayiqdir. Təfsilat ərz olunacaqdır. – N 424-".
Azərbaycanın və Bakının düşmən işğalından qurtuluşu münasibəti ilə Hərbiyə Naziri və Baş Komandan vəkili Ənvər paşa ilə bir çox dövlət nümayəndələri, 29 yaşlı gənc komandir Nuru paşanın şəxsində türk əsgərini bu uğur münasibəti ilə təbrik etmişdi. Ənvər paşa Şərq Orduları Qrupu Komandanı Xəlil paşa ilə yanaşı Nuru paşaya da məxsusi bir mesaj göndərmişdi. Mesajda belə deyilirdi:
"Böyük Turan İmperiyasının Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin fəthi xəbərini böyük şadlıqla qarşıladım. Türk və İslam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözlərindən öpürəm, şəhidlərimizin ruhuna fatihə ithaf edirəm."
Ənvər paşa Şərq Orduları Qrupu Komandanı Xəlil paşaya da şəxsi bir təbrik teleqramı göndərdi. Ənvər paşa, teleqramda bir tərəfdən Xəlil paşanın şəxsində qəhrəman türk əsgərini təbrik edir, digər tərəfdən də Qafqaz İslam Ordusuna verəcəyi yeni tapşırıqlara işarə edirdi:
"Bakı uğuru münasibəti ilə gözlərindən öpərək təbrik edirəm. Bakını zəbt edən birliklər bir az dincəldikdən sonra, Azərbaycanda hələlik bir diviziya saxlanaraq, qalanını 9-cu Orduya geri almaq fikrindəyəm. Şimali Qafqazda sürətlə Dərbənd, Temirxan-Şura, Mahaçqala və sairəni işğal və oralara gedən kadrlara əsas olmaq şərti ilə dolğun heyətli yaxşı bir alay, qüvvətli topçu, hətta iki qaubitsa topu da verərək və çoxsaylı pulemyotlarla da təchiz edərək, mürəkkəb bir dəstə halında şimala sövq etməsini Nuru paşaya yazdım. Ayrıca Ənzəli və Rəştin də tezliklə işğalı üçün geriyə alınacaq qüvvənin münasib bir dəstəsinin Xəzər dənizi sahillərini təmizləyərək, cənuba göndərilməsini və bu surətlə Təbriz – Qəzvin istiqamətində irəliləyən dəstə ilə Kiçikxana yardım edilməsini və bu məqsədlə sizinlə görüşməsini də bildirdim. Sürətlə hərəkəti rica edirəm".
Bu teleqramdan da başa düşüldüyü kimi, Qafqaz islam Ordusunun yeni tapşırıqlar üçün hazırlıqları qısa vaxtda bitirməsi tələb olunurdu. Ənvər paşa, ilk olaraq Bakı və Azərbaycanda istiqlalın təmin edilməsindən sonra, ordunun Dağıstan və Cənubi Azərbaycana girərək, buralardakı düşmən işğalına son qoymağını istəyirdi. Cənubi Azərbaycanda isə ingilis işğalı davam edirdi. Dağıstan və Şimali Qafqazda da bolşevik ruslar ilə Çar tərəfdarı rus kazakı Biçeraxovun tabeliyindəki hərbi qüvvələrin təzyiqi və zülmü hakim idi.

Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtının Bakıya köçürülməsi

Qafqaz İslam Ordusu Komutanı Nuru paşa və 5-ci Qafqaz piyada diviziyası Komandanı Mürsəl paşa, Azərbaycan Milli Məclisi Rəyasət Heyəti və hökumət üzvləri ilə yüksək rütbəli türk zabitlərinə 27 sentyabr 1918-ci il tarixində bir yemək verdi. Yeməkdə, 15-ci piyada diviziya komandiri yarbay Süleyman İzzət bəy və qərargahı ilə digər diviziya və alayların komandirləri də iştirak edirdilər. Azərbaycan dövlət və hökumət üzvləri ilə Türkiyədən gələn komandirlər tanış edildi. O tarixdə Azərbaycan hökumətinin üzvləri bunlar idi: Baş Nazir Fətəli Xan Xoyski, Xarici İşlər naziri Məmmədhəsən Hacinski, Daxili İşlər naziri Cavanşir bəy, Maliyyə naziri Əbdüləli bəy, İaşə naziri Aşurov, Kənd Təsərrüfatı naziri Xosrov Sultanov, Qazı Mustafa əfəndi. Heyət üzvləri yeməkdən sonra Təzəpir məscidinə gedərək cümə namazı qıldılar. Məscidin bir tərəfi rus topu və pulemyot mərmiləri ilə dağıdılmışdı. Xalqın da axın-axın qoşulduğu namazda, günün mənasına uyğun xütbə oxundu. Cümə namazından sonra Bakı döyüşlərində şəhid olan məhmətçiyin ruhu üçün mövlud oxundu.
Hökumətin Bakıya köçməsi ilə bərabər, Baş Nazir Fətəli Xan Xoyski, 20 sentyabr 1918-ci il tarixində bir bildiriş yaydı:
"Artıq Bakıda yerləşən Azərbaycan hökuməti, bununla, şəhər və ətrafında yaşayan bütün əhaliyə, din və milliyət fərqi qoymadan əmr edir: Azərbaycan hökumətinin tabeliyi altında yaşayan heç bir millətə fərq qoyulmadan caniləri, qarətçiləri, qatilləri və asayişi pozanları, edam cəzası da daxil olmaqla, böyük cəzalar gözləyir. Bütün xalq bunu bilməlidir ki, Türk millətinin qəhrəman və fateh əsgərlərinə əmr verilmişdir ki, cinayətlə, qarət və soyğunçuluqla məşğul olanları harada görsələr, güllələsinlər. Türk Azərbaycan hökumətinin paytaxtında, günahsız insanların haqq və hüquqlarına təcavüz edilməsi, onun şan və şərəfinə yaraşmaz".








Hiç yorum yok:

Yorum Gönder