29 Eylül 2018 Cumartesi

20 Sentyabr

DOĞUM TARİXİ: 20/09/1955



QULİYEV VAHİD HƏBİBULLA oğlu

20 sentyabr 1955-ci ildə Cəbrayıl rayonunun Qumlaq kəndində dünyaya göz açmışdır. Uşaqlıq illəri Niyazqullar kəndində keçmişdir. O, 1972-ci ildə Zəngilan rayonunda Hacallıkənd orta məktəbini bitirmişdir. Bir müddət Niyazqullar kəndində təsərrüfat işlərində çalışmışdır. 1974-cü ildə ordu sıralarına çağırılmışdır. O, hərbi xidmətini Özbəkistan Respublikasında və Rusiyanın Obninsk şəhərində keçmişdir. 1976-cı ildə hərbi xidmətini başa vurub, Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1981-ci ildə universiteti bitirərək, təyinatla Laçın rayonunun Fərəcan kəndinə göndərilmişdir. 3 il burada müəllimlik etdikdən sonra Bakıya qayıdır və “Azon” Cihazqayırma Zavodunda sahə rəisi vəzifəsinə işə qəbul edilir. 1992-ci ilə qədər bu zavodda çalışmış və öz işinin öhdəsindən layiqincə gəlmişdir. O, 1992-ci ilin avqust ayında Yasamal rayon Hərbi Komissarlığına gələrək, cəbhəyə göndərilməsini xahiş edir. Arzusunu nəzərə alıb, onu bir zabit kimi döyüş xəttinə yola salırlar. Vahid Quliyev sentyabrın 7-də Ağdam istiqamətindən döyüşə girir. O, bu döyüşdə düşmənin bir tankını vurur. Beləliklə, erməni yaraqlılarının hücumunun qarşısı alınır. Vahidin yoldaşları arasında hörməti getdikcə artırdı. Onu oktyabrın 14-də Qubadlıya göndərirlər. Burada da o, rəşadətlə vuruşur. Düşmənin bir neçə döyüş texnikasını və xeyli canlı qüvvəsini sıradan çıxarır. 28 fevral 1994-cü il... O, yenidən Ağdam döyüş bölgəsinə dönür. V.Quliyev xidmətə başlayan gündən atəşkəs elan olunana qədər düşmənin on zirehli texnikasını sıradan çıxarmışdı. Bunun səkkizi tank, ikisi isə PDM (piyada döyüş maşını) idi.
O, 1996-cı ildə BDU-nun hərbi kafedrasında müəllim, 2000-ci ilin avqust ayından 2002-ci ilin oktyabr ayına qədər Azərbaycan Ali Hərbi Məktəbində baş müəllim kimi fəaliyyətini davam etdirmişdir. 26 oktyabr 2002-ci ildə isə ordudan tərxis olunmuşdur.
Ailəlidir. İki övlad atasıdır.
Azərbaycan Respublikası prezidentinin 9 oktyabr 1994-cü il tarixli 218 saylı fərmanı ilə göstərdiyi şücaətlərə görə Vahid Həbibulla oğlu Quliyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Polkovnik-leytenant Vahid Quliyev hazırda Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində müəllim işləyir.


QUBADOV ARİF VƏLİŞ oğlu

DOĞUM TARİXİ: 20/09/1966
20 sentyabr 1966-cı ildə Cəlilabad rayonunun Əliqasımlı kəndində doğulmuşdur. 1983-cü ildə Əliqasımlı kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə Cəlilabad rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Xidmətini SSRİ-nin müxtəlif yerlərində keçmişdir.
A.Qubadov Azərbaycanda baş verən hadisələri nigarançılıqla    izləyirdi. Erməni quldurlarının Qərbi Azərbaycanda və Qarabağda soydaşlarımızın başına gətirdikləri müsibətlər onu çox narahat edirdi. O, Vətənə dönməyə, burada xidmət etməyə can atırdı.
1992-ci ildə arzusuna qovuşdu. O, Azərbaycana gələrək Milli Ordumuzda xidmət etməyə başladı. 1992-ci ilin iyun ayı... Qədim Naxçıvanın Sədərək bölgəsi... Burada qanlı döyüşlər gedirdi. Arif də silaha sarılmışdı. O, qəhrəmancasına vuruşurdu. Onun komandir olduğu tabor düşmənin xeyli canlı qüvvəsini və döyüş texnikasını məhv etdi. Sədərəklilər onun rəşadətindən necə də ürək dolusu danışırdılar. A.Qubadovun dəstəsi 1993-cü ilin iyun ayında Ağdam rayonuna göndərildi. Rayonun Əfətli, Yusifcanlı kəndlərinin düşmən tapdağından azad edilməsində ölüm-dirim mübarizəsinə girişən dəstə, düşmənə layiqli cavab verdi. Kəndlər tezliklə azad edildi.
O, 1993-cü ilin avqustunda öz taboru ilə Füzuli bölgəsinə yollandı. Əhmədbəyli, Aşağı və Yuxan Kürdmahmudlu, Alxanlı kəndləri məhz Arif Qubadovun rəhbərliyi altında düşməndən təmizləndi.
O, 1994-cü ildə Tərtər və Ağdərə döyüşlərində də fəal iştirak etdi. Burada da o, öz döyüşkənliyi və rəşadəti ilə fərqləndi.
Bu xidmətlərinə görə, Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Qubadov Arif Vəliş oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbini bitirmişdir. 2001-ci ildə isə o, Azərbaycan Respublikası Sərhəd Qoşunları Hərbi Akademiyasına daxil olmuş və 2003-cü ildə oranı müvəffəqiyyətlə bitirmişdir.
A.Qubadov polkovnik-leytenant rütbəsindədir. O, yenə Vətənin keşiyindədir.
Ailəlidir. İki oğul, iki qız atasıdır.

Hiç yorum yok:

Yorum Gönder