24 Eylül 2021 Cuma

Famil Əhmədzadə Əhmədağa oğlu




Famil Əhmədzadə Əhmədağa oğlu

23 sentyabr 1975-ci ildə Bakı şəhəri Xətai rayonunda doğulub. İbtidai təhsilə 1982-ci ildə Milli Qəhrəman Eldar Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyində başlamışdır. Famil məktəbdə ən savadlı şagirdlərdən biri olmuşdur. Elə bunun məntiqi nəticəsi kimi, o, orta məktəbi 1992-ci ildə əlaçı məzun kimi bitirmişdir.

Orta məktəbi bitirən Famil, elə həmin il Azərbaycanın ilk test üsulu ilə keçirilən imtahanında iştirak etmiş, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) Politologiya ixtisasına qəbul olunmuşdur. O, akademiyanın sayılıb-seçilən tələbələrindən olub. 1997-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirmiş, hərbi kafedradan məzun olduğu üçün leytenant rütbəsi ilə məzun olmuşdur.

Famil Əhmədzadə 1997-ci ildən etibarən məzunu olduğu İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyində tarix müəllimi kimi fəaliyyətini davam etdirmişdir. 1999-cu ilin əvvəlində hərbi xidmətə yola düşmüşdür. 8 fevral 1999-cu ildən leytenant kimi Naxçıvan Muxtar Respublikasında xidmətə başlamışdır. Xidmətdə fərqləndiyi üçün baş leytenant rütbəsinə yüksəlmişdir. Elə həmin rütbə ilə 9 noyabr 2000-ci ildə ordudan təxris olunmuşdur. Hərbi xidmətdən qayıtdıqdandan sonra yenidən həmin məktəbdə müəllimlik fəaliyyətini davam etdirmişdir. Tarixçi kimi yetişdirdiyi yüzlərlə tələbəsi yüksək bal toplayaraq ali məktəblərə daxil olmuşlar.

Famil 27 sentyabr 2020-ci ildə Vətən müharibəsinin başlaması ilə könüllü olaraq ordu sıralarına yazılmışıdır. Baş leytenant Əhmədzadə cəbhə yoldaşlarının döyüş ruhunu artıraraq onları qələbəyə səsləyirdi. O, Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin müdafiəsində müstəsna rol oynamışdır. Oktyabrın 13-dən 14-nə keçən gecə Talış kəndi və Suqovuşanda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid Əhmədzadə Familin nəşi 3 noyabr tarixində əvvəlcə yaşadığı evə, daha sonra İsmayıllı rayonu Şəhidlər Xiyabanına gətirilərək, şəhər sakinlərinin izdihamlı yürüşü ilə təntənəli surətdə dəfn edilmişdir.


 TƏLTİFLƏRİ

 15.12.2020— "Vətən uğrunda" medalı 


18.12.2020 — "Döyüşdə fərqlənməyə görə" medalı


24.06.2021 — "Suqovuşanın azad olunmasına görə" medalı 


 Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Hiç yorum yok:

Yorum Gönder