7 Eylül 2021 Salı

Fərhad Əliyev İlham oğlu


 

7 Sentyabr 1993-cü ildə Sumqayıt şəhərində doğulub. 11 aylıq olan zaman atası vəfat edir. Anasının himayəsində böyüyən Fərhad 9-cu sinfə kimi 20 saylı məktəbdə təhsil alır. Daha sonra Bakı İdarəetmə Kollecində təhsilini davam etdirir. Naftalan şəhərində hərbi xidmətini başa vurduqdan sonra yolunu yenə də hərbidə qalıb işləməklə davam etdirir.

Müharibə başlayan gün ona işdə təklif edirlər ki, tək övlad olduğu üçün ön cəbhədə deyil, arxa cəbhədə qalsın. Lakin Fərhad “hərbçi yoldaşlarım harada, mən də orada. Mənim onlardan nə fərqim var ki?” - deyərək etiraz edir. Beləcə, çavuş Fərhad Əliyevin döyüş yolu başlayır.


Füzuli, Cəbrayıl və Xocavənd uğrunda döyüşlərdə iştirak edən Fərhad son dəfə oktyabrın 18-də anası ilə telefon əlaqəsi saxlayır. O zaman səsindəki qürur və ümid Tacirə ananı bir qədər sakitləşdirir. Anası deyir, oğlumla danışanda inanmazdım ki, bu zəng Fərhadın son zəngi olacaq. Çünki oktyabrın 21-də Cəbrayıl uğrunda gedən döyüş Fərhadın son döyüşü olur: “Döyüş yoldaşları danışır ki, Cəbrayılda bunlar pusquya düşürlər. Orda Suriyadan olan ermənilər döyüşürmüş. O zaman komandiri deyib ki, Əliyev, silah bitir, gedin tez silah dalınca. Bu da silahı gətirib gələndə ermənilərlə qarşılaşır və gicgahından vururlar. İki saatdan sonra komandirini də vururlar”.


Fərhadın nəşi neytral zonada qaldığından, uzun müddət oradan çıxarmaq mümkün olmayıb.


 

TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı 


25.12.2020 —“Xocavəndin azad olunmasına görə” medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Hiç yorum yok:

Yorum Gönder