24 Aralık 2021 Cuma

Sakit Allahverdiyev


Sakit Allahverdiyev 24 dekabr 2001-ci ildə Ağstafa rayonunun Tatlı kəndində dünyaya göz açmışdır. 2007-2018-ci illərdə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır.


2020-ci ilin yanvar ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmət müddətində Sakit təlim tapşırıqlarını yerinə yetirmiş, hərbi təlim toplantılarına qatılmışdır.


Azərbaycan Ordusunun əsgəri olan Sakit Allahverdiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın, Füzulinin, Cəbrayılın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sakit Allahverdiyev 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 13 noyabr 2020-ci ildə Çaylı kəndinin qəbiristanlığında dəfn edilmişdir.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sakit Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Sakit Allahverdiyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.


Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sakit Allahverdiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.


Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sakit Allahverdiyev ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.


Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Sakit Allahverdiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin!


Hiç yorum yok:

Yorum Gönder