12 Aralık 2021 Pazar

Şəhid Sadiq Elibəyi oğlu Əsgərov



Şəhid Sadiq Elibəyi oğlu Əsgərov
12 dekabr 1996-cı ildə Yevlax rayonunun Nemətabad kəndində anadan olmuşdur. 2003-2014-cü illərdə Yevlax rayon Nemətabad kənd tam orta məktəbində təhsil almışdır.
Sadiq Əsgərov 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. 2020-ci ilin avqustundan eyni hərbi birləşmədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi.

Azərbaycan Ordusunun əsgəri olan Sadiq Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində mexanik-sürücü kimi iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sadiq Əsgərov 29 sentyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Əsgərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sadiq Əsgərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin.

 

Hiç yorum yok:

Yorum Gönder