18 Kasım 2021 Perşembe

Həmid Abbasbəyli Cavanşir



Baş leytenant Həmid Abbasbəyli Cavanşir oğlu

17 noyabr 1991-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. İlk təhsilini Binəqədi rayonu Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə almış və müəllimləri tərəfindən çalışqan bir şagird kimi xarakterizə olunmuşdur. Orta təhsilini uğurla bitirən Həmid təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirmişdir. Liseyi müvəffəqiyyətlə başa vurduqdan sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali təhsil almışdır. 4 xarici dil biliyinə malik idi. İdmana xüsusi marağı olan Abbasbəyli Həmid dəfələrlə bir sıra medallarla təltif olunmuşdur.

Erkən fəaliyyəti

Baş leytenant Abbasbəyli ali təhsilini başa vurduqdan sonra cəbhə bölgəsində Milli qəhrəman Mübariz İbrahimovun adını daşıyan bölükdə taqım komandiri vəzifəsində xidmət etmiş və Aprel döyüşlərinin iştirakçısı olmuşdur. Ardınca, Xüsusi Təyinatlı Qüvvələr nəzdnində baş leytenant rütbəsində fəaliyyətini davam etdirmişdir. Bu dövrdə Türkiyə və Çində xüsusi təlimlərdə iştirak etmiş və həmin təlimləri birinciliklə başa vurmuşdur.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında təntənəli hərbi paradda Xüsüsi Təyinatlı Qüvvələrin tərkibində çıxış etmişdir. 2020-ci ilin iyun ayının 24-də Moskva şəhərində Qırmızı meydanda keçirilən Böyük Vətən Müharibəsində Qələbənin 75-ci illiyinə həsr edilmiş irimiqyaslı paradda 75 hərbçi ilə Azərbaycan Ordusunu təmsil etmiş və “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” medalı ilə təltif edilmişdir.

İkinci Qarabağ Müharibəsində iştirakı

Həmid Abbasbəyli 27 sentyabr 2020-ci ildən etibarən İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Döyüşlər zamanı minaya düşərək ayağından yaralanmış, lakin ilkin tibbi yardımdan sonra döyüşə davam etmişdir. Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərinin, Hadrut qəsəbəsinin, Ərgünəş və Laçın dəhlizinə nəzarət edən yüksəkliklərin işğaldan azad olunmasında fəal iştirak etmişdir. Abbasbəyli Həmid oktyabrın 19-dan 20-nə keçən gecə Laçın döyüşləri zamanı şəhid olub.

Dəfni

Şəhidin nəşi 24 oktyabr tarixində əvvəlcə Xətai rayonuna gətirilmiş və burada böyük izdihamla qarşılanmışdır. Valideynləri ilə vidalaşdıqdan sonra avtomobil karvanının müşayiəti ilə İkinci Fəxri Xiyabana gətirilmiş və yaylım atəşinin ardınca Xətai Rayonu icra hakimiyyətinin, Xüsusi Təyinatlı Qüvvələrin və Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakı ilə torpağa tapşırılmışdır.

 

TƏLTİFLƏRİ

26.06.2013- Azərbaycan Silahı Qüvvələrinin 95 illiyi medalı

26.06.2018— "Azərbaycan Ordusunun 100 illiyi" medalı

19.10.2019— "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi" yubiley medalı — Rusiya Federasiyası Prezidenti Vladimir Putinin sərəncamı ilə təltif edilmişdir.

09.12.2020— "Qarabağ" ordeni

15.12.2020 — "Vətən uğrunda" medalı

24.12.2020 - "Cəbrayılın azad olunmasına görə" medalı

25.12.2020-"Füzulinin azad olunmasına görə" medalı

24.06.2021 "Xocavəndin azad olunmasına görə" medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Hiç yorum yok:

Yorum Gönder