15 Kasım 2021 Pazartesi

Şükürov Vüsal Zahir oğlu



Şükürov Vüsal Zahir oğlu

Vüsal Şükürov 14 noyabr 1995-ci ildə Ağcabədi rayonunun Şahmallar kəndində anadan olmuşdur. 2002-ci ildə Ağcabədi rayon Şahmallar kənd tam orta məktəbində, 2003-2010-cu illərdə Bakı şəhər Ə. Məmmədov adına 76 saylı tam orta məktəbdə orta təhsil almışdır. 2015-ci ilə qədər Bakı İdarəetmə və Texnologiya Kollecində “Yol hərəkətinin təşkili” ixtisası üzrə subbakalavr təhsili almışdır. Subay idi.


Vüsal Şükürov 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Tankçı kimi qulluq etmişdir.


Azərbaycan Ordusunun əsgəri olan Vüsal Şükürov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vüsal Şükürov 8 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Ağcabədi Şəhidlər Xiyabanında dəfn olunmuşdur.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Şükürov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Şükürov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.


Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Şükürov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.


Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Şükürov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.



Hiç yorum yok:

Yorum Gönder