27 Kasım 2021 Cumartesi

Sarıyev Samir Əli oğlu


 

Şəhid Sarıyev Samir Əli oğlu

26.11.1993-cü ildə Şirvanda dünyaya gəlib.


O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzulinin və Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 23 oktyabrda Füzuli rayon Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub. Ölümündən sonra "Vətən Uğrunda", Cəbrayıl və Füzuli rayonlarının azad olunmasına görə medalları ilə təltif olunub.


“Mehriban, xeyirxah oğlan idi mənim balam. Samirdən başqa bir oğlum da var. Analarını erkən itirmişdilər, onlara həm analıq edirdim, həm də atalıq. Oğlum general Polad Həşimovun əsgəri olub, hərbi xidmətdə nümunəvi davranışına görə dəfələrlə fəxri fərmanla təltif olunmuşdu. Polad Həşimov şəhid olandan özünə yer tapmırdı, ona görə də gedib könüllü cəbhəyə yazılmışdı. Döyüşə birinci yollanan könüllülərdən idi”.


Bunları şəhidimiz Samir Sarıyevin atası Əli Sarıyev söyləyib. O, oğlunun şəhidliyə qovuşduğunu bir ay sonra öyrəndiyini deyib.


“Cəbhədə olduğu müddətdə mənimlə əlaqə saxlayırdı. Hər zaman da deyirdi ki, hər şey yaxşıdır. Heç vaxt şikayət etmirdi, mənə “özündən və qardaşımdan muğayat ol” deyirdi. Bir müddət sonra ondan xəbərimiz olmadı, telefonuna da zəng çatmırdı. Sən demə, şəhid olubmuş, xəbərimiz yoxdur. Mənim qardaşım da hərbçidir, Samir gecə onun yuxusuna girib. Deyib ki, əmi, mən şəhid olmuşam. Qardaşım onun axtarışlarına başladı, onun cansız bədənini bir aydan sonra tapa bildik. Mən fəxr edirəm ki, övladım vətən, torpaq uğrunda şəhid olub. Cənab prezident onu ölümündən sonra 3 medal və iki fəxri fərmanla təltif edib. Şəhid ailələrinə göstərdiyi dəstəyə və diqqətə görə ona ailəmiz adından təşəkkürümü bildirirəm” - şəhid atası bildirib.


Şəhidimizin bibisi Şura Mustafayeva da qardaşı oğlu ilə bağlı xatirələrini bölüşüb.


“Samir gənc yaşlarından anasını itirmişdi. Çalışırdım onlara elə doğmalıq göstərim ki, anasızlığı hiss etməsinlər. Sözsüz ki, ananı heç kim əvəz etmir. Biz özümüz əslən Zəngilandanıq, Samir Zəngilanı görməmişdi, həmişə arzulayırdı ki, ora getsin, atasının evini görsün. Şuşa, Fizuli və Xocavənddə döyüşüb, qəhrəmanlıq göstərdi. Fizuli ilə Xocavəndin arasında şəhid olub. Onun əlində pələng tatusu var idi. Həmişə ona deyirdik ki, bu nədir əlinə döymə etdirmisən? O da deyirdi ki, itəndə tapılmaq üçün. O vaxt bu sözü ciddi qəbul etmirdik, gülürdük. Bir ay sonra tapılanda onu əlindəki tatu vasitəsi ilə tanıdı qardaşım” - şəhidimizin bibisi bildirib.


Allah rəhmət eləsin.



Hiç yorum yok:

Yorum Gönder