19 Kasım 2021 Cuma

Əmrah Abışov Səyyab oğlu


Əmrah Abışov Səyyab oğlu

17 Noyabr 1999-cu ildə Ağcabədi rayonunun Kürdlər kəndində anadan olub. 2006-cı ildə Akif Sultanov adına Kürdlər kənd məktəbinin 1-ci sinfinə daxil olub, 2017-ci ildə orta təhsilini uğurla başa vurub.

Əmrah Abışov 2018-ci ilin yanvarında hərbi xidmətə yollanıb. 2019-cu ilin ortalarında hərbi xidmətini başa vuraraq ordudan tərxis olunub. Ordu sıralarında nümunəvi əsgər kimi dəfələrlə tərifnamələrə layiq görülüb. Hərbi xidməti başa vurduqdan sonra komandirləri tərəfindən orduda qalıb xidməti davam etdirmək təklifi alan Əmrah MAXE kimi xidmət etməyə başlayıb.

Vətən müharibəsi başlayanda Əmrah artıq gizir idi. O, 2020-ci il sentyabr ayının 29-da müharibəyə qatılıb. Füzulinin Qaraxanbəyli kəndi uğrunda gedən gərgin döyüşlərdə komandiri düşmən snayperi tərəfindən başından yaralanır. Onu döyüş meydanından çıxararkən Əmrah özü də başından snayper gülləsi ilə vurulur.

Döyüş yoldaşı İsmət söyləyir ki, Əmrah o qədər qorxmaz idi ki, hətta ölümə sadə bir şey kimi baxır, onun üstünə addımlayırdı: "Biz əsgər yoldaşları onun hərəkətlərindən ruhlanır, daha böyük ruh yüksəkliyi ilə vuruşurduq. Allah ona rəhmət eləsin, o, ölməli oğul deyildi".

Atası Səyyab kişi deyir ki, yaşının az olmasına baxmayaraq, Əmrah kənddə, orduda böyük hörmət qazanmışdı: "Çox igid, eyni zamanda sadə bir insan idi. Yaşca məndən xeyli kiçik olmasına baxmayaraq, mən ondan həmişə müsbət enerji alırdım. Onda böyük bir nikbinlik, yaşam həvəsi vardı. Bu da bizə sirayət edirdi. Müharibə başlanandan cəmi bir neçə saat sonra zəng etdi, telefonda xeyli söhbət etdik. Birdən qəfil ara kəsildi. Sonralar öyrəndim ki, mənə deməyə dili gəlməyib. Mənimlə söhbətdən sonra qardaşına zəng edib. Deyib ki, "torpaqlarımızın düşmən tapdağı altında olması məni yandırır. Ürəyimə damıb, mən şəhid olacağam. Atamızdan muğayat ol"".

Müharibə başlanan ay, sentyabrın 7-8-də Əmrah evlərinə gəlir. Anası ilə söhbət edəndə, müharibənin başlamasını arzu etdiyini söyləyir. Anası qorxuya düşür, deyir "a bala, elə söz demə. Müharibənin bir ucu axı ölüm deməkdir. Mən qorxuram". Əmrah gülə-gülə anasına təsginlik verir. Deyir ki, “ay ana, sən nə deyirsən, biz əsgər yoldaşlarımızla nəzir qoymuşuq ki, kaş müharibə başlasın. Biz son damla qanımıza qədər düşmənlə vuruşacağıq. Bir də, ay ana, Vətən yolunda ölməyin, şəhid olmağın nəyi pisdir ki?! Sən gedirsən, torpaq, Vətən isə düşməndən xilas olunur, azad nəfəs alır. Müqəddəs torpaqlarımız uğrunda həlak olmaq böyük şərəfdir, ana. Mən heç "uf" da demədən şəhid olaram, mənə halallıq ver. Məni gülər üzlə yola sal”.

Əmrah geriyə, cəbhəyə qayıdır. Vətənpərvər, igid əsgər yoldaşları ilə çiyin- çiyinə düşmənlə sona qədər vuruşur. Və oktyabrın 26-da arzuladığı kimi, şəhid olur. Şəhadətə qovuşur. 2020-ci ilin oktyabrının 30-da şəhid olan Əmrah Ağcabədidə Şəhidlər Xiyabanında canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub.

 


TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı 


25.12.2020-“Füzulinin azad olunmasına görə" medalı


24.06.2021 —“ Döyüşdə fərqlənməyə görə” medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Hiç yorum yok:

Yorum Gönder