21 Kasım 2021 Pazar

Zülfüqarzadə Fariz Fərhad oğlu

 

  Zülfüqarzadə Fariz Fərhad oğlu


Fariz Zülfüqarzadə 20 noyabr 1992-ci il Lənkəran şəhərində anadan olub. 1997-ci ildə ailəsi ilə birlikdə Rusiyaya köçüb və 2007-ci ildə Azərbaycana, Lənkəran şəhərinə qayıdıb. 

Təhsilini Lənkəran şəhər 4 saylı orta məktəbdə(rus bölməsində) davam etdirib. Orta təhsilli olub. Ailəli idi. 2 övladı var.


2012-2013-cü illərdə hərbi xidmətdə olan Fariz Zülfüqarzadə 2015-ci il mart ayından müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən orduya qayıdaraq tankçı kimi hərbi xidmətini davam etdirib. Aprel döyüşlərində Lələtəpə uğrunda mübarizədə fəal iştirak edib.


2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzulinin, Qubadlının və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tankı 2 dəfə vurulsa da yeni tanka əyləşib düşmən mövqelərinə doğru irəliləyir. Silahlı Qüvvələrin sərrast tankçısı Fariz Zülfüqarzadə Füzuli, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə düşmənin zirehli texnikalarını və atəş məntəqələrini darmadağın edir. 2 dəfə yaralansa da döyüş meydanına yenidən qayıdır. Sonuncu döyüşünü oktyabr ayında Qubadlı rayonunda keçirir. 20 gün tankı düşmən tərəfindən hədəfə alınsa da, cəsur tankçımızın atəşini susdura bilmirlər. Oktyabrın 19-da düşmən tərəfindən vurulan tankın yaralı heyətini xilas etsə də, öz həyatını vətənin azadlığı uğrunda qurban verir. Şəhidlik zirvəsinə ucalan Fariz Zülfüqarzadə 19 oktyabr-da Lənkəran şəhərində dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Zülfüqarzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Zülfüqarzadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.


Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Zülfüqarzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.


Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Fariz Zülfüqarzadə ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.



Hiç yorum yok:

Yorum Gönder