26 Kasım 2021 Cuma

Tural Rəfayıl oğlu Xudiyev


Şəhid XTQ mənsubu  Tural Rəfayıl oğlu Xudiyev

1998-ci il noyabrın 27-də Bakı şəhərində anadan olub.

 2005-2016-cı illərdə Xətai rayonunda 138 nömrəli tam orta məktəbdə təhsil alıb. 2016-cı ildə isə Azərbaycan Texniki Universitetinin (ATU) "Nəqliyyat və logistika" fakültəsinə qəbul olub. 2018-ci ildə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb. Subay idi.


Tural Xudiyev 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başladı. Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi.


Azərbaycan Ordusunun əsgəri olan Tural Xudiyev, hərbi xidmətinin bitməsinə dörd gün qalmış 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmağa başlayıb. Tural Xudiyev Vətən müharibəsi zamanı Kəlbəcərin, Suqovuşanın, Ağdərənin, Hadrutun, Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Daşaltı və digər istiqamətində gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardımın göstərilməsində, həmçinin döyüş meydanından təxliyə edilməsində fərqlənib. Tural Xudiyev noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Ağdam rayonunun Quzanlı qəsəbəsində dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Xudiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Xudiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.


Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tural Xudiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin.


Hiç yorum yok:

Yorum Gönder