1 Kasım 2021 Pazartesi

Fuad Tağıyev



Fuad Tağıyev 1996-cı il noyabrın 1-də Sabirabad rayonunun Ətcələr kəndində anadan olub. 2014-cü ildə Sabirabad rayon Ətcələr kənd tam orta məktəbindən məzun olmuşdur.


Fuad Tağıyev 2014-2016-cı illərdə əvvəlcə, Azərbaycan Silahlı Qüvvələrinin, sonra Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətli hərbi xidmət qulluqçusu olmuşdur. 2016-cı ildən eyni hərbi birləşmənin sıralarında müddətdən artıq xidmət edirdi. Hərbi xidmət müddətində 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir.


Fuad Tağıyev 2018-ci ildə "kiçik gizir" rütbəsi ilə xidmətini davam etdirmişdir. 2019-cu ildə “28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illik yubileyi“ münasibəti ilə döyüş və ictimai-siyasi hazırlıqda yüksək nailiyyətlər əldə etdiyinə və 2020-ci ildə də isə qış tədris dövründə nizam-intizamda, döyüş və ictimai-siyasi hazırlıqlarda göstərdiyi nailiyyətlərə görə Fəxri Fərmanla təltif olunmuşdur.


Döyüş yoldaşları deyir ki, Fuad Tağıyev sanki hərb üçün doğulmuşdu.


Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan Fuad Tağıyevi qohumları “Tağı” kimi tanıyıb, ağıllarına belə gəlməyib ki, bu cılız oğlan böyüyəndə necə şücaətlər göstərəcək, bütün Azərbaycan onun qəhrəmanlığından danışacaq...


Fuad orta məktəbi bitirib hərb sənətinə yiyələnməyi qarşısına məqsəd qoyur, uzun illər Hərbi Dəniz Qüvvələrində Xüsusi təyinatlı kimi xidmət göstərir.


Bu ilin sentyabrın 27-də Vətən müharibəsinə də qoşulur. Şuşa ətrafında xüsusi təyinatlılar hücuma keçən zaman şəxsi heyətin qorunması peşəkar döyüşçü olan Fuada tapşırılır.


Oktyabrın 29-da Şuşa ətrafında gedən döyüşlər zamanı qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.

Qeyri-adi döyüş qabiliyyətinə malik Fuad yaralansa da, ayağa qalxaraq sıldırım qayanı qalxmağa davam edib.


Düşmənin atdığı mərmi qəhrəman döyüşçünün qara ciyərini dağıdıb.

Döyüşçü yoldaşlarının bildirdiyinə görə, Fuad onlarla birlikdə ermənilərin 40-dan artıq kiçik təyinatlı avtomobillərini, 100-dən artıq canlı qüvvəsini məhv edib.


Fuad Tağıyev həm də 2016-cı ilin aprel döyüşlərində də iştirak edib, dörd il əvvəl də qəhrəmanlıq nümunəsi göstərib.


O, Sabirabad rayon Həşimxanlı kənd qəbristanlığında dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Tağıyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.


Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Tağıyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.


Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fuad Tağıyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin!



 

Hiç yorum yok:

Yorum Gönder